Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə hərtərəfli diqqət və qayğı hər zaman dövlətimizin praritet istiqamətlərindən olub. Yalnız son beş ildə məcburi köçkünlərin yerləşdirilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Bura qacqın və məcburi köckünlərin tələbə yataqxanalarından köçürülmə prosesinin həyata kecirilməsi də daxildir. Artıq köçürülmə prosesi Bakı Dövlət Univeristetinin yataqxanalarından mərhələli qaydada həyata keçiriləcəkdir. Məlumata görə, ilk olaraq burada daha ağır şəraitdə yaşayan ailələrin köçürülməsi nəzərdə tutulub. Dövlət Proqramına əsasən, ümumilikdə, respublika ərazisində məcburi köçkünlərin məskunlaşdığı bütün yataqxanalar qısa vaxt ərzində boşaldılacaq.
Qeyd edək ki, BDU-nun 7 yataqxanasında 758 ailə məskunlaşıb. Təbii ki, bu yataqxanaların hamısını köçürmək mümkün olmayacaq. Bu il ərzində, hələlik, 1-2 yataqxananın köçürülməsi nəzərdə tutulub. Artıq 9 saylı yataqxanada yaşayan məcburi köçkünlərin Müşfiqabadda tikilən yeni evlərə köçürülməsi tamamlanıb. Yataqxanadan 70-ə yaxın ailə köçürülüb. İndi isə 8 saylı yataqxananın köçürülməsinə başlanılıb. Daha sonra şəhərcikdə yerləşən beşmərtəbəli digər yataqxanalar da tamamilə boşaldılacaq. Nəzərdə tutulub ki, hazırda yataqxana kimi istifadə olunan binalar sökülsün. Onların yerində müasir tələbələrə cavab verən binalar tikilib tələbələrin istifadəsinə verilsin. Qeyd edim ki, köçürülmə prosesinə martın 12-dən start verilib. BDU-nun yataqxanalarının tam olaraq köçürülməsinin dəqiq nə zaman başa çatacağı, hələlik, məlum deyil. BDU-nun yataqxanalarının köçürülməsi başa çatandan sonra Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarının köçürülməsinə başlanılacağı gözlənilir. ADNA yataqxanalarında məskunlaşan məcburi köçkünlər Masazır qəsəbəsinə köçürüləcək. Daha sonra bu iş mərhələli şəkildə davam etdiriləcək.
Ruqiyyə Cəfərova