Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Səbail icra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlərlə görüşü keçirilib. Qonaqlar öncə hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərdə olub, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb.
Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərlərimizi təbrik edərək, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıbdır. A.Əsgərov hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımızın düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əmin oluduğunu, lazım gələrsə, Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.
Tədbirdə iştirak edən Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov əsgərləri bayram münasibəti ilə təbrik edərək, onlara bu çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim edib, RİH tərəfindən hərbi hissənin tələbatı nəzərə alınaraq, müxtəlif tikinti materiallarını hərbiçilərimizə çatdırılıbdır. Həmçinin, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon icra hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıbdır.
Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıbdır. Tədbirdə Səbail rayon icra hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin fəxri fərmanları təqdim edilib.
Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub. Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər. Həmçinin, Səbail rayonunun nümayəndələri Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki "N" saylı hərbi hissəsinin də qonağı olub. Rayon nümayəndələri bu hərbi hissədə də əsgərlərimizin şəraiti və hərbçilərin döyüş hazırlığı ilə tanış olub, əsgərlərə böyük bayram konserti verilib. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.
RƏFİQƏ HÜSEYNOVA