Müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasəti, islami dəyərlərə yeni prizmadan baxış kimi meyilləri ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapamaqdadır. Dünyada gedən qloballaşma və inteqrasiya prosesində ölkəmiz uğurlu gələcəyi təmin etmək üçün tarixi köklərimizə söykənir. Azərbaycan dövləti tərəfindən qarşıya qoyulan siyasət özündə bu və digər məsələləri ehtiva edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək qayğısı Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənib.
Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə sərf etmiş Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycanın Birinci Katibi olduğu dövrdə xalqımızın yaddaşında özünə yuva qurmuş Novruz bayramı milli-mənəvi xüsusiyyətləri və dəyərləri özündə əks etdirməklə dövlət səviyyəsində qeyd edilmiş, bununla da imperiyanın sərt qadağalarına baxmayaraq milli bayramımız qorunaraq nəsillərdən-nəsillərə ötürülməklə saxlanılmışdır. Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir. Ümummilli Lider Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilərək, xalqımızın silinməz yaddaşına həkk olunmaqdadır.
Ümummilli Lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun da bu istiqamətdəki məqsədyönlü fəaliyyətini qeyd etməliyik. Fondun sədri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunmasında böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə Ümummilli Liderin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olur. Azərbaycanın məxsusi dəyərlərinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı planlı işlər həyata keçirir.
Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərən fond dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstəkdir. Beynəlxalq mahiyyət kəsb edən layihələrdə təsdiqini tapır. Bu istiqamətdə görülən işlər beynəlxalq səviyyədə Azərbaycan milli dəyərlərinin qorunması və tarixi irsimizə sahib olmaq istəyində olan mənfur simaların qarşısına bir sədd çəkir. Öz tarixi kökü olmayan, acgöz qonşuların niyyətlərinin boşa çıxması yolunda dövlət səviyyəsində görülən işlərin məntiqi nəticəsi göz önündədir.
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə milli adət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı ilə seçilən Novruz bayramımız 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Bu, Azərbaycanın tarixiliyini, özünəməxsusluğunun dünyada işıqlandırılmasına və irsin bəşəriliyini ifadə edən faktor kimi ortaya qoyulması ilə səciyyələndi.
Novruzun ən yüksək zirvəsi köhnə ili təzə ilin əvəzlənməsidir. Bu zaman ənənəyə görə, Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleari hələ 1637-ci ildə Şamaxı haqda yazırdı: "Münəccim astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: "Təzə il gəldi" və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Bahar bayramı başlandı."
Qeyd edək ki, minilliklərin sınağından çıxaraq, bu günə gəlib çatmış Novruz bayramını hələ Azərbaycan xalqı Sasanilər dövlətinin tərkibində olduğu zaman qeyd edib. Daş dövrünə aid olan əşyalar qazıntılar zamanı əldə olunan mənəvi mədəniyyət abidələrimiz Novruz bayramının qədim tarixi olduğunu təsdiqləyən amillərdir. Azərbaycan klassikləri olan Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqani kimi dahilərimiz baharın gəlişini əks etdirən nümunələr yaratmışlar. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizamülmülkün "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını nümunə olaraq göstərmək mümkündür.
Novruz bayramı adən-ənənələri zənginliyi ilə seçilir. Belə ki, göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri - qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb-oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşirlər.
Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyyat və xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
Novruz bayramını Kosasız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, "Kosa" oyunu hər bayram xatırlanır, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geyindirərək, üzünə kağızdan qayrılmış üzlük taxıb, başına da kəllə qənd kağızından uzun şiş papaq qoyardılar. Belinə zəncirovlu bir kəmər bağlanardı. Boynuna da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan Kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzdirərək, bir hava ilə xor halında xüsusi bir nəğmə oxuyar, Kosa ilə oynayardılar. Kosanın xurcununa bayram sovqatı qoyardılar. Kosanı adətən Keçəl müşayiət edərdi.
Beləcə, əsrlərin yaşıdı olan Novruz bayramı adət-ənənələrlə zəngindir. Bu adət-ənənələri xalqımız unutmur və hər il qeyd edir. Ağsaqqallarımız, nənə-babalarımız öz bildiklərini danışdıqca, yeni-yeni məlumatlar əldə edirik.
Novruzunuz - yeni gününüz mübarək olsun!
Nəzakət ƏLƏDDİNQIZI