PDF Oxu

Sosial

  • 53

"Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam"

"Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam"

Berlindəki "Astor Film Lounge" kinoteatrında Azərbaycan musiqisinə həsr olunmuş sənədli filmin təqdimatı olub

Almaniyanın paytaxtı Berlindəki "Astor Film Lounge" kinoteatrında "Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam" adlı sənədli filmin təqdimatı keçirilib. Müasir caz musiqisinin klassik muğam mahnıları ilə sintezinə həsr edilmiş film Alman-Azərbaycan Forumu, E-ON, SOCAR və Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə çəkilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata istinadən, "Das apartment" TV-nin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də, "Salnamə" studiyasının birgə istehsalı olan filmdə Azərbaycanda caz və muğam musiqisinin tarixi haqqında məlumat, hər iki musiqi növünün tanınmış ifaçıları ilə müsahibələr verilib. Filmdə, həmçinin, Azərbaycanın tarixi və mədəniyyəti, görməli yerləri, eləcə də, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatlar öz əksini tapıb.

Filmin rejissoru Klaus Bernhard filmin nümayişindən əvvəl qonaqları salamlayaraq, onun yaranması ideyası haqqında danışıb. Sonra musiqiçi Şirzad Fətəliyevin rəhbərlik etdiyi Balaban qrupu "Sarı gəlin" xalq mahnısını ifa edib. Filmin nümayişindən sonra tamaşaçılar Azərbaycanda caz və muğam sənəti, eləcə də, film haqqında təəssüratlarını bölüşüb.

Filmin təqdimatında Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin digər məsul əməkdaşları, alman ictimaiyyətinin çox sayda nümayəndələri və Azərbaycan diasporunun təmsilçiləri iştirak edib. Filmin çəkilişində və ərsəyə gəlməsində Almaniyada yaşayan Azərbaycan diaspor nümayəndələri Parviz Yazdani, Naiba Şirinova, Samira Patzer-İsmailova və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin əməkdaşları iştirak ediblər.

NƏZAKƏT

Digər xəbərlər