Dünən Azərbaycan məktəblərində onbirillik məktəb həyatının son zəngi çalındı. 11-cilərin məktəb həyatında çalınan sonuncu zənginin - qaynar həyata çağırışının sevincinə qoşulmaq, onların son zəng yaşantılarını qələmə almaq, gənclərlə bahəm bu zəngi dinləmək istəyi ilə paytaxtımızın Binəqədi rayonu ərazisində yerləşən 267 saylı məktəb-liseydə olduq.
Qeyd edim ki, tədbirdə Bakı şəhər Təhsil İdarəsinin, Binəqədi rayon icra hakimiyyətinin nümayəndələri, məktəbin valideyn komitələri, eləcə də məktəbin adını daşıyan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elşad Həmidovun yaxınları və başqaları iştirak edirdilər. İlk olaraq Azərbaycan Dövlət Himni səsləndi.
Məktəbin direktoru Adilə Orucova məzunları salamlayıb, "son zəng" günü münasibəti ilə onları təbrik etdi. Sonra Binəqədi rayon icra hakimiyyətinin təbrikini məzunların diqqətinə çatdırdı. O, müstəqil həyata qədəm qoyacaq məzunlara uğurlar dilədi: "Həyatın ağrı-acısının nə olduğunu bilməyən siz məzunlar respublikanın gələcək qurucuları olaraq həyata ilk addımlarınızı atacaq, müstəqil dövlətin vətəndaşı kimi Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəksiniz. Amma bu gün çalınan zəngin təəssüratlarını heç zaman yaddan çıxarmayacaqsınız. Müəllimlərin sizə etdiyi tövsiyələri ömür boyu xatırlayacaqsınız".
A.Orucova müstəqil Azərbaycanın müstəqil vətəndaşlarının hər zaman vətənin keşiyinidə dayanacaqlarını ifadə etdi: "Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı günü-gündən çiçəklənən ölkəyə çevirir. Hər bir gənc harada çalışmağından asılı olmayaraq dövlətimizə, dövlətçiliyimizin qorunmasına, milli-mənəvi dəyərlərimizin yaşamasına xidmət edəcəklər. "
O, dövlətimizin gələcək nəslin sağlam və vətənə sədaqət ruhunda böyüməsi, savadlı və intellekt sahibi olması qayğısını öz üzərinə götürdüyünü bildirdi: Təməli Ulu Öndər tərəfindən qoyulan bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətində uğurla həyata keçirilir. Təhsillə bağlı indiyə qədər 130-dan artıq Fərman və Sərəncam imzalanıb. Həmin Fərman və Sərəncamlardan irəli gələn vəzifələr uğurla həyata keçirilir. Bizim rayonda bu il 5 məktəb əsaslı təmir olunub. Son ildə rayonda aprılıan abadlıq-quruculuq işləri geniş vüsət alıb".
Həmişə olduğu kimi, bu il də məktəbin məzunlarının elmi bilikləri ilə yüksək göstəricilər əldə edəcəyini də diqqətə çəkərək, o, ötən il qəbul imtahanlarında məktəbin keyfiyyət göstəricisinin rayonda birinci olduğunu söylədi. Belə ki, ötən il 6 nəfər 600 baldan çox toplayıb, iki nəfər isə Prezident Təqaüdünə layiq görülüb. Bu il 1982-ci ildə təməli qoyulan məktəbin 28-ci buraxılışdır və 82 məzun həyata vəsiqə alır. A.Orucova çıxışının sonunda məzunlara bu əlamətdar gündə uğurlar arzuladı.
Son zəngin çalınmasına artıq saniyələr qalır. Onların həyəcanını, keçirdiyi 11 illik məktəb həyatı ilə bağlı təssürratlarını duymamaq mümkün deyildi. Bu günün təntənəsi məzunların məktəblə bağlı yaddaşlarına iz salacaq son səhnə olacaq. Tədbirdə məktəbin məzunları tərəfindən maraqlı repertuar əsasında hazırlamış konsert proqramı təqdim olundu. Tədbirin sonunda "Məktəb illəri" mahnısının sədaları altında simvolik olaraq onbirincilər açarı birincilərə təqdim etdilər. Səmaya sülh rəmzi olan göyərçinlər buraxıldı.
Yolunuz uğurlu olsun, məzunlar, deyirik.
Zümrüd BAYRAMOVA