PDF Oxu

Sosial

  • 25

Rəsmi Yerevan siyasi partlayış ərəfəsində

Rəsmi Yerevan siyasi partlayış ərəfəsində

Ermənistan iqtisadiyyatı son 22 ilin ən böyük tənəzzülünü yaşayır

"2013-cü ildə Ermənistanın həyatında uğursuz illərdən olacaq" - bu fikirləri söyləyən Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan ölkənin üzləşdiyi problemlərdən danışaraq bildirib ki, ölkənin iqtisadiyyatının çökməsi göz önündədir. Ölkə rəhbərliyi hər ay "artım" göstəricilərinə əsaslanaraq nikbin proqnozlar səsləndirsə də, işsizlik və səfalətdən əziyyət çəkən Ermənistan əhalisini rəqəmlərlə doyurmaq mümkün deyil: "Sarkisyan rejiminin yalanları əhalini ağır duruma salıb. Rəsmi Yerevan Ermənistanda qiymətlərin azalması ilə bağlı yalan məlumatlar versə də, əhali bu pafoslu sözlərə inanmır. Çünki ölkədə nəinki qiymətlərin azalması, heç azalma meyilinin belə müşahidə edilmədiyi aydın görünür. Bu vəziyyət hakimiyyətin yanlış siyasətinin nəticəsidir. İlin sonunadək Ermənistan əhalisinin 70 faizi gəlirlərinin ən azı 47 faizini itirəcək. Bu isə o deməkdir ki, Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri sıfıra bərabərdir".

Doğrudan da, bu gün Ermənistan iqtisadiyyatı elə bir qarşısıalınmaz fəlakətlə üzləşib ki, B.Asatryanın irəli sürdüyü faktları inkar etmək üçün rəsmi Yerevanın əlində heç bir əsas yoxdur, ölkə iqtisadiyyatı bütün sahələr üzrə tənəzzülə uğrayır.

Ac ölkə ianələrə möhtacdır

Ermənistanın xarici borcunun dövlət büdcəsini üstələməsi isə onsuz da maliyyə durumu ağır vəziyyətdə olan bu ölkəni daha da çökdürür. Nəticədə, Ermənistan mövcudluğunu davam etdirmək üçün xarici yardımlardan, ianələrdən tamamilə asılı vəziyyətə düşüb. İqtisadi gerilik, təbii olaraq, hər şeydən əvvəl əhalinin sosial-maddi rifahına mənfi təsir göstərir. Üstəlik, işğalçı ölkədə yeni müəssisələrin, sosial obyektlərin tikintisinin demək olar ki, yox səviyyədə olması yeni iş yerlərinin də yaranmasına əngəl törədir. Vəziyyətdən çıxış yolu kimi gənclər iş tapmaq məqsədilə xarici ölkələrə üz tuturlar. İndi Ermənistanda ailələrin böyük əksəriyyətinin əsas dolanışıq mənbəyi qohumlarının onlara xaricdən göndərdiyi maliyyə vəsaitləridir. Bir çoxları isə ağır həyat şəraitinə dözməyərək ölkəni birdəfəlik tərk edirlər. Bunun təsdiqi kimi ABŞ-ın nüfuzlu "Gallup" təşkilatının Ermənistanda keçirdiyi sorğunun nəticələrini xatırlatmaq olar. Həmin sorğunun nəticələrinə görə, Ermənistanda əhalinin 44 faizi xaricdə işləmək istəyir. Yeri gəlmişkən, bir faktı da xatırladaq ki, bu ilin əvvəllərində açıqlanan başqa bir sorğunun nəticələrinə görə isə, Ermənistan gənclərinin 70 faizi ölkəni tərk etmək və xaricdə məskunlaşmaq istəyir. Bütün bunlar, əslində, ölkənin durumu ilə bağlı ciddi siqnaldır. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi insanları daha da təşvişə salmamaq üçün ölkədəki real vəziyyəti, yəni, iqtisadiyyatın çökməsini əhalidən gizlətməyə çalışır. Lakin işğalçı ölkədəki "iqtisadi artımı" öz gündəlik həyatında hiss etməyən sadə ermənilərin xarici ölkələrə axınının qarşısını heç nə ala bilmir. Hər il on minlərlə insan ağır sosial şərait üzündən xaricə üz tutur. Kütləvi miqrasiyanın yaratdığı demoqrafik problemlər isə artıq Ermənistan ictimaiyyətində həyəcan təbilinin çalınmasına səbəb olub. Belə ki, əhalinin əsasən gənc və orta nəslin nümayəndələrindən ibarət iş qabiliyyətli hissəsi ölkəni kütləvi şəkildə tərk edir ki, bu prosesin davam edəcəyi təqdirdə yaxın gələcəkdə Ermənistan əhalisinin sürətlə qocalması problemi qaçılmaz olacaq.

Demoqrafik vurnuxma: ermənisiz Ermənistan

"Armenia Today"in yazdığına görə, 2012-ci ildə Ermənistanı 80 min nəfər həmişəlik tərk edib. 2013-cü ilin sonuna kimi isə bu rəqəmlərin artacağı istisna deyil. BMT-nin Ermənistanda apardığı sorğular göstərir ki, ölkədə yaşayan ailələr (46 faiz) birdən artıq uşaq istəmir, çünki əksəriyyət ölkəni tərk etmək niyyətindədir. Qəzetin yazdığına görə, Ermənistan Statistika Komitəsinin BMT qurumları ilə birgə apardığı araşdırma nəticəsində məlum olub ki, hər il Ermənistandan 8500 vətəndaş xaricə köçür. Bu rəqəmi Ermənistan Əmək və Sosial Məsələlər Naziriyi də təsdiqləyib. Nazirlikdən bildiriblər ki, köçənlərin çoxu Ermənistanda özlərinə iş tapa bilməyən kişilərdir. Məlumatda, son 20 ildə olduğu kimi, köçənlərin çoxunun Rusiya və digər MDB ölkələrinə, eyni zamanda, Birləşmiş Ştatlara getdiyi göstərilir. Bu sürətli köç prosesi Ermənistanın onsuz da zəif iqtisadiyyatını daha da zəiflədir.

Süqutun astanası

Ermənistandakı acınacaqlı demoqrafik durum onu deməyə əsas verir ki, hökumətin Azərbaycan ərazilərini işğal etməklə, regionda güclü bir dövlətə çevrilmək xülyaları puça çıxıb. Erməni ekspertlər hesab edirlər ki, bu il də ötən illər kimi iqtisadi problemlər və sosial partlayışlarla müşahidə olunur. Onlar hesab edirlər ki, bunun qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verməlidir. Erməni müxalifəti isə birmənalı şəkildə isbat edir ki, ölkədə iqtisadiyyat deyilən bir şey yoxdur. EMK təmsilçisi Vaqan Xaçatryan bununla bağlı bildirib ki, yeni büdcənin vəziyyətindən də aydın göründüyü kimi Sarkisyan hökuməti Ermənistanı bərbad hala qoyub.

Beləliklə də, bütün bu faktlar onu bir daha təsdiqləyir ki, Ermənistanda iqtisadi tənəzzül həyatın bütün sahələrinə öz mənfi təsirini göstərməkdədir. Bu isə Ermənistanın dövlət kimi süqütu deməkdir.

A.SƏMƏDOVA

Digər xəbərlər