PDF Oxu

Sosial

  • 17

Azərbaycan səhiyyəsi uğurlu inkişaf mərhələsində

Azərbaycan səhiyyəsi uğurlu inkişaf mərhələsində

Şəmkir rayon icra hakimiyyəti YAP Şəmkir rayon təşkilatı və rayon səhiyyə şöbəsinin birgə təşəbbüsü ilə tibb işçilərinin peşə bayramı qeyd olundu

Dünən Şəmkir rayon icra hakimiyyəti YAP Şəmkir rayon təşkilatı və rayon səhiyyə şöbəsinin birgə təşəbbüsü ilə rayon mərkəzi xəstəxanasında tibb işçilərinin peşə bayramı qeyd olundu. Tədbiri giriş sözü ilə YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, rayon mərkəzi xəstəxanasının baş həkimi Nürəddin Əhmədov açaraq, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan vermişdir: "Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Həmçinin, respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə imkan yaratmışdır. Görülən işlər əhalinin dövlət-tibb müəssisələrinə olan inamının getdikcə artmasına sübutdur və bu göstəricilərinin gələcəkdə daha da yaxşılaşdırılması üçün zəmin yaradır".

N.Əhmədov onu da söylədi ki, dövlətimizin qayğısına cavab olaraq tibb işçiləri bundan sonra da rayonun ictimai-siyasi həyatında daha fəal olacaq, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yaxşılaşdıracaq, qarşıdan gələn prezident seçkilərində Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevi yekdilliklə dəstəkləyəcək.

Tədbirdə rayon mərkəzi xəstəxanasının baş həkimin müavini Abdulla Rzayev, Çinarlı qəsəbə xəstəxanasının baş həkimi Altay Quliyev, rayon gigiyena və epidemologya mərkəzinin baş həkiminin müavini Ramiz Abdullayev, rayonun baş pediatoru Ayaz İbrahimov və başqaları ölkədə səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı istiqamətində görülən işlərdən danışdılar.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbirdə çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev 2001-ci ildə imzaladığı Sərəncama əsasən hər il 17 iyun tarixi səhiyyə işçilərinin peşə bayramı qeyd olunur. F.Vəliyev öz çıxışında ölkə başçısının diqqət və qayğısından danışdı: "Ulu Öndər Heydər Əliyevin siyasi varisi Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Xüsusi olaraq vurğulamaq istərdim ki, bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, mtllət vəkili Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır".

Tədbirin sonunda bir qrup tibb işçilərinə YAP Şəmkir rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

R.HÜSEYNOVA

Digər xəbərlər