PDF Oxu

Sosial

  • 20

İpoteka kreditlərinin verilişində dəyişiklik ediləcək

İpoteka kreditlərinin verilişində dəyişiklik ediləcək

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkədə gənclərə və gənc ailələrə dəstək məqsədilə bir çox müsbət işlərə imza atılıb. Ölkə başçısı tərəfindən bir sıra Sərəncam və Fərmanlar imzalanıb. Bunlardan biri də gənc ailələrə yardım məqsədilə verilən ipoteka kreditləri ilə bağlı Cənab Prezidentin Fərmandır. Bildiyimiz kimi, ölkə Prezidentinin Fərmanı ilə güzəştli ipoteka kreditinin məbləği də bir ailə üçün 35 min manatdan 50 min manata qaldırılıb. Ötən il dövlət büdcəsindən vətəndaşlara güzəştli ipoteka kreditləri verilməsi ümumilkdə 20 milyon manat nəzərdə tutulmuşdursa, bu il vəsaitin məbləği 40 milyon manat nəzərdə tutulur. Güzəştli ipotekanın həcminin bir ailə üçün 50 min manata çatdırılması ailələrin istədikləri mənzili almaqlarına imkan yaradır. Bu mənzil məişət şəraitlərinin yaxşılaşdırılmasına ehtiyacı olan ailələrin mənzil problemlərinin həll edilməsi baxımından önəmlidir. İpoteka kreditlərinin verilməsi ilə minlərlə gənc və gənc ailələr nəhayət bu fürsətdən istfadə edib mənzil sahibi olmaq niyyətindədirlər. Ancaq ipoteka kreditlərinin verilməsində hələ də bir sıra problemlər qalmaqdadır. İpoteka kreditlərindən yararlanmaq üçün şərtlərin ağırlığı bəzi gənc ailələrə problemlər yaradır. Bu baxımdan şərtlərin yüngülləşdirilməsi məsələsi önəmli müzakirə predmetidir. Həm vətəndaşlar, həm də mütəxəssislər şərtlərin yüngülləşdirilməsini vacib sayırlar. Çünki ipoteka kreditləşməsi sahəsində şərtlərin ağırlığından bu gün gənclərimizin çoxu ipoteka kreditindən istifadə edə bilmir. Buna baxmayaraq, sosial ipoteka kreditinin verilməsinə başlandığı 2006-cı ildən bəri 11 min ailə güzəştli və adi ipoteka krediti ilə mənzil ala bilib. Bu da o deməkdir ki, il ərzində 1500 ailə ipoteka kreditindən yararlanır. Müqayisə üçün qeyd edək ki, hər il ölkədə təxminən 70 min nikah bağlanır. Ailə quranların da təxminən 20-30 mini ev almaq çətinliyi ilə üzləşir. Bunlardan da cəmi 1500 ailəyə sosial ipoteka krediti verildiyindən tələbat təklifi dəfələrlə üstələyir. İqtisadçıların gəldiyi ümumi qənaəti belədir ki, şərtlər yüngülləşdirilərsə, ipoteka kreditləri alanların sayı artar. Bu baxımdan yeni ipoteka proqramının gənclərin problemlərini aradan qaldıracağına ümüd etmək olar. Məlum olduğu kimi, Mərkəzi Bank dövlət ipoteka proqramında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı açıqlama verib. Belə ki, Azərbaycanda mənzil və tikinti banklarının yaradılması təklif edilib. Bu bankların yaradılması birmənalı şəkildə imkan yaradacaq ki, ilkin ödəniş etmədən imkanı olmayan ailələr, gənclər ev ala bilsin. Bununla da, 29 yaşa qədər olan gənclərimiz, hətta subay olsalar belə, ipotekadan istifadə edə biləcəklər. Eyni zamanda, kateqoriyaların artırılması da təkliflər arasındadır. Bu günə qədər verilmə prosesində beş kateqoriya nəzərdə tutulurdusa, yeni təkliflər paketində müxtəlif beynəlxalq olimpiadalarda, elmi müsabiqələrdə qalib gəlmiş, ölkə daxili və xarici tədbirlərdə fərqlənən gənclərimizə də sosial ipoteka şamil oluna bilər. Hazırda gənc alimlərə də ipoteka kreditlərin verilməsi müddəası var.

İntizarə Məmmədova

Digər xəbərlər