PDF Oxu

Sosial

  • 21

Mənziliniz mübarək!

Mənziliniz mübarək!

Ölkəm inkişaf edib zirvələrə qalxdıqca,

Ümumdövlət məhsulu yüksəlib olur rəvan.

Sabaha mədəniyyət bucağından baxdıqca,

Əmin-amanlıq artır, xalq yaşayır firəvan.

Yüksəlişdən zövq alır paytaxtıma hər gələn,

Yalnız xəbis kəslərdir baxıb ömrü gödələn,

Səmalara millənir neçə-neçə göydələn,

Günü-gündən dəyişir əyalətlər, bölgələr,

Baxıb alqışlar deyir dost beynəlxalq ölkələr.

Yeni vacib planlar qoyulmaqda qənşərə,

Ölkəm çox ucalardı sevib iş görsə hərə,

Günbəgün, aydan-aya dəyişməkdə mənzərə,

Nə qədər çox etsələr işgüzarlar hərəkət,

Vətəndə bolluq olar, tükənməz bar-bərəkət.

Hər bir peşə sahibi xoşbəxt olur bir cürə,

Sabaha baxan kəslər qalxmaqdadır üstlərə,

Mənzil almaq növbəsi çatdı jurnalistlərə,

İndi Hörmiz qoyarmı Əhrimənlər yaysın şər,

Susmağa məcbur olub bədnam ağzıgöyçəklər.

Kiminin qəlbi geniş, kimin hövsələsi dar,

Əsil vətəndaş edər ölkəsilə iftixar,

Bu evdə baş-başadır müxalifət, iqtidar,

Hər bir kəsə hökm edən məntiqi, kamalıdır,

Başlıca hədəf ancaq xalq-dövlət amalıdır.

Həmin başlıca məqsəd birləşdirər onları,

Hər biri unutmalı İvanları, Conları,

Barış uğurlarıdır, qarşıdurma sonları,

Niyyətlər haradırsa, mənzillər də onacan...

Arif dərhal anlayar, cahil qanmaz sonacan.

Valeh Məhərrəmli

Digər xəbərlər