Müsavat mərkəzi aparatının rəhbəri Arif Hacılının ACP "lideri" Rəsul Quliyevi vaxtilə ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adamı kimi xarakterizə etməsinə qarşı tərəfdən gözlənildiyi kimi dərhal və kəskin cavab verilib. Belə ki, ACP "lideri" R.Quliyev A.Hacılının onun ünvanına "facebook" səhifəsində səsləndirdiyi ittihamları cavablandırıb.
"İlk növbədə cənabın özünü tərbiyəsiz aparması təəccüb doğurur. Çünki gərək ən azı 20 il bundan öncə publika qarşısında belə danışmağa xitam verərdi. Görünür, tərbiyə fundamenti ya çox zəifdir, ya da ümumiyyətlə qoyulmayıb" deyən R.Quliyev A.Hacılını özünün həbsxana həyatında vaxtdan istifadə edib biliyini artırmaq əvəzinə, dustaq jarqonlarını mənimsəməkdə qınayıb: "Hər halda bəzilərinin, hətta ailə podryadı ilə mənə hücum etmələrinə aydınlıq gətirmək pis olmaz. Çünki mən tərəfdən qeyri-adi və gözlənilməz heç bir addım atılmayıb. Mən Musavatın liderinin heç vaxt Azərbaycanın prezidenti ola bilməyəcəyi barədə səbəblərinə dəfələrlə izahat verib aydınlıq gətirmişəm. Əks tərəf də buna reaksiya verib. Hər dəfədə mənim məntiqli izahıma, kobud və çobansayağı cavablar verilib. İndi hansı səbəbdən mənim söylədiklərim belə yüksək həyacan doğurub ki, kənd müxbiri əsəblərini cilovlaya bilməyib?"
ACP "lideri" A.Hacılıya münasibətdə deyib: "Bu adam Molla Nəsrəddin kimi eyni daşı uşaq vaxtı qaldıra bilmədiyi kimi, indi də qaldıra bilmir, yəni dəyişməyib, bütün elementləri ilə gənc qalıb. Birinci qeyd edim ki, bu şəxslə mən bir neçə dəfə Bakıda Nazirlər Kabinetində işləyəndə və ABŞ-da kimlərinsə iştirakı ilə görüşmüşəm. Heç vaxt ona ciddi bir adam kimi baxmamışam, o da özünü pioner kimi aparıb. Yadımdadır, ABŞ-da məni qırağa çəkib kiminsə əleyhinə - adını çəkmək istəmirəm- nəsə demək istəyirdi, imkan vermədim."
R.Quliyevin sözlərinə görə, A.Hacılı və onunla əlbir olanlar vaxtilə onu həbs etmək istəyiblər: "Kiçik bir yun zavodunun direktorunu həbs edə bilməyənlər məni həbs edəcəkdilər, gülməli deyilmi?"
A.Hacılıya istehza ilə yanaşan R.Quliyev bildirib ki, bu oyunlar üçün əsas çanfəşanlıq edən kənd müxbiridir: "Çünki həbsxanadan çıxandan sonra üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməlidir. Məsələn, İsa Qəmbərin sədrilikdən getməsini təşkil edib, onun yerinə keçmək tapşırığı yerinə yetirilmədi. Çünki ona deyəndə ki, məsələn, Musavatdan Qubad İbadoğlu da sədrlik uğrunda namizədliyini irəli sürə bilər, təşvişə düşdü, indiki postundan da məhrum ola bilməkdən qorxdu."
R.Quliyevin fikrincə, İsa Qəmbərin namizədliyini R.İbrahimbəyovun xeyirinə birmənalı geri götürməsinin alovlu əleyhdarı Arif Hacılıdır: "Bu, onun növbəti öhdəliyidir, yerinə yetirə bilməsə, ağaları onun üzərindən xətt çəkəcəklər. Mənim qətiyyətli mövqeyim onu birdəfəlik iflasının astanasına sürüyür, ona görə belə həşir salır."
Göründüyü kimi, sözlərində haqlı olan ACP "lideri" tam mənada Müsavatın və partiyanın aparıcı funksionerinin paxırını açıb qoyub ortaya. Onda belə qənaətə gəlmək olar ki, əsil mərəkə hələ qabaqdadır. Yəni Müsavat başqanı İ.Qəmbər "Milli Şura"da əməlli-başlı cövlan edib, oradan çıxandan sonra baş verənləri indidən təsəvvürümüzə gətirə bilərik. Qaldı ki, R.Quliyevin A.Hacılını kənd müxbirinə bənzətməsi, məncə, o, bu fikində də haqlıdır. Çünki hazırkı müxalifətdə olanların əksəriyyəti "pripiska" edib, saylarını şişirtməklə məşğuldurlar. Bunun üçün isə təbliğat aparmaq lazımdır. A.Hacılı bu gün kənd müxbirliyi edərək, bu vəzifəsinin öhdəsindən gələ bilir. Nə deyəsən, düz söz elə düz sözdür.
RƏFİQƏ