PDF Oxu

Sosial

  • 9

Qədr gecəsi min aydan daha xeyirlidir

Qədr gecəsi min aydan daha xeyirlidir

Ramazan ayının on doqquz, iyirmi bir, iyirmi üç və iyirmi yeddinci gecələrindən birinin olması bildirilmişdir

Bu gün Allahdan olan ilk istəyimiz Qədr gecəsinin fəzilətini bizə qismət etməsidir. Qədr gecəsi Qurani-Kərimin nazil olduğu gecədir. Allah-Taala buyurur: "Həqiqətən Biz onu Qədr gecəsində nazil etdik." (Qədr 1) Qədr gecəsi ilin ən fəzilətli gecəsidir. Qədr gecəsi min aydan fəzilətli bir gecədir. "Qədr gecəsi min aydan daha xeyirlidir." (Qədr 3) İslam rəvayətlərində də bu gecənin fəziləti barəsində çoxlu hədislər nəql edilmişdir. Rəvayətlərdə bu gecənin Ramazan ayının on doqquz, iyirmi bir, iyirmi üç və iyirmi yeddinci gecələrindən birinin olması bildirilmişdir. Qədr gecəsində oyaq qalmaq və həmin gecələrdə bir sıra əməlləri yerinə yetirmək buyurulmuşdur. Biz həmin əməlləri yerinə yetirdikdən sonra bu gecənin savab və fəzilətini əldə etməyə ümid bəsləyə bilərik. Qədr gecəsi həm də ona görə çox mühüm gecələrdəndir ki, bu gecədə insanların gələn bir il üçün müqəddəratı həll edilir. Odur ki, biz bu gecədə daha çox ibadət-itaətlə məşğul olaraq buyurulmuş duaları oxumaqla barəmizdəki ilahi təqdirin müsbət olmasına səbəb ola bilərik. Çünki Allahın nəzərində bu gecə səhərə kimi ibadət edən, dua oxuyan şəxslə yatıb heç nə etməyən şəxs bir olmayacaqdır. Allah-Taala bizim min aya bərabər bir gecədə oxuduğumuz duaları və etdiyimiz ibadətləri cavabsız qoymayacaqdır. Bu da bizim gələcəyimizə təsir göstərəcəkdir. Yəni həmin gecə barəmizdə olan təqdirin gözəl təqdirlər olması, bizim gələcək illərdəki müvəffəqiyyətlərimizin təminatı olacaqdır. Buna görə də həmin fürsəti əldən qaçırmamalı və həmin gecələrin əməllərini yerinə yetirərək Allahdan həmin əməllərimizi naqis də olsa qəbul etməsini istəyirik. Duanın davamında Allahda işlərimizi çətinlikdən asanlığa döndərməsini istəyirik. Əslində Allah-Taala bəndələrinin işlərini çətinliyə salmaq istəmir. "Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir." (Bəqərə 185) Bəndələr özləri öz işlərini çətinliyə salırlar. İşlərin çətinliyə düşməsinin əsas səbəbi isə Allahın göstərişlərindən çıxmaq, günahların çoxluğudur. Buna görə də duanın davamında Allahdan üzrlərimizi qəbul edərək günahlarımızı və boynumuzda olan ağır yükləri tökməsini istəyirik. Üzrlərimizi qəbul etməsini istəyiriksə, bu, bizim həmin günahlardan peşman olmağımız və bir daha onlara qayıtmamağımız deməkdir. Belə bir mübarək gündə Allahdan üzr istəməyimiz və peşmançılığımızı bildirməyimiz günahlarımızın bağışlanmasına səbəb olar, amma şərt onları bir daha təkrarlamamaq və özümüzü yenə də günah yükü ilə yükləməməyimizdir. Allah hamımıza belə bir işdə kömək olsun. Amin!

İmsak: 05:20

İftar: 21:09

Ramazan ayının İyirmi yeddinci günün duası: "Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəsib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan!"

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər