Əsas olaraq, gəlin tibbi sığortanın nə olduğunu və nə üçün gərəkli olduğunu aydınlaşdıraq. Görəsən, tibbi sığorta həqiqətənmi gərəklidir və əsasən, nə üçündür?
TİBBİ SIĞORTA HÜQUQU PRİZMASINDAN
İlk öncə, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət-sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən, əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.
Tibbi sığorta olunanlar, sığorta edənlər, tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərdir. İcbari tibbi sığorta sistemində sığorta edənlər əsasən işləməyən vətəndaşlar üçün müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünüidarə orqanları həyata keçirməyi nəzərdə tutur. İşləyən vətəndaşlar üçün isə mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslər və qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
Könüllü tibbi sığortada sığorta edənləri əsasən vətəndaşlar və vətəndaşların mənafeyini hüquqi şəxslər ifadə edir. Tibbi sığorta sistemindəki tibb müəssisələrinə xüsusi razılığı olan müalicə-profilaktika, elmi-tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər hüquqi şəxslər daxildirlər. Tibbi sığortanın subyektləri arasındakı mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir.
İcbari tibbi sığorta sistemində sığorta edənlər işləyən vətəndaşlar üçün məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icbari tibbi sığorta haqları ödəyirlər. İcbarı tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir. İşləməyən təqaüdçü, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən büdcə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir. Könüllü tibbi sığortada sığorta haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.
Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sığorta haqqının ödəyiciləri kimi qeydiyyatdan keçməkdən imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada maliyyə sanksiyaları tətbiq edilir. Tibb müəssisəsi və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxs tibbi sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə və keyfiyyətinə görə, eləcə də sığorta olunana tibbi xidmət göstərməkdən imtina etməyə görə məsuliyyət daşıyırlar. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslər tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda tibbi sığorta təşkilatı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir. Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı sığorta olunan və ya sığorta edən qarşısında məsuliyyət daşıyır. Tibbi sığorta sistemində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.
BƏS SIĞORTA NƏ ÜÇÜN LAZIMDIR?
Özümüzün və övladlarımızın sağlam gələcəyini təmin etmək hər birimizin arzusudur. İş həyatımızdakı müvəffəqiyyətlər bizi bu arzumuza daha da yaxınlaşdırır. Lakin bir çox hallarda səhhətimizdə yaranan problemlər bizi narahat edir, işlərimizə mane olur, ailə büdcəmizə zərər vurur. Ağır iş stressi, süni qidalar, ekoloji problemlər, yayılan infeksiyalar hər an bizim yolumuzu xəstəxanaya sala bilər. Maliyyə vəziyyətimizin qənaətbəxş olmaması və ya səhhətimizə laqeydlik problemləri daha da ağırlaşdırır.
BU SIĞORTA NÖVÜ İLƏ NƏ SIĞORTA OLUNUR?
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən bədbəxt hadisə və meydana gələn xəstəliklər nəticəsində sığorta olunmuş şəxsin müalicəsi üçün tələb olunan aşağıdakı tibbi xərclər sığorta olunur:
- Təcili və təxirəsalınmaz tibbi yardım
- Stasionar xidmətlər
- Ambulator-poliklinika xidmətləri
- Stomatoloji xidmətlər
- Dərman təminatı
- Hamiləlik və doğum
- Profilaktik tədbirlər və s.
Siz seçdiyiniz tibbi sığorta proqramına uyğun tibbi xidmətlər göstərilməlidir. Azərbaycanın istənilən tibb müəssisəsində, hətta müəyyən baxımdan da xaricdə müalicə olunmaq imkanı əldə etmiş olacaqsınız.
BU SIĞORTA NÖVÜNÜ KİMLƏR SEÇMƏLİDİR?
Fərdi qaydada vətəndaşlar özlərini və ailə üzvlərini, habelə kollektiv qaydada hüquqi şəxslər öz işçilərini bu sığorta növü ilə sığorta etdirə bilərlər. Bir sözlə, hər bir vətəndaş tibbi tərəfdən sığorta olunmalıdır. Bununla da siğortaçılar, ilk növbədə, səhhətlərini, daha sonra isə normal işçi qabiliyyətlərini sığortalamış olurlar. "İşləməyən dişləməz" demişdir atalarımız. Biz isə bu atalar məsəlinə tibbi baxımdan yanaşaraq belə deyək: "Dişləməyən işləməz!" Yəni ki, tibbi sığorta olunmaqla siz bir növ dişlərinizi itiləmiş və daimi tibbi müayinənin təminatına heç bir qəpik də ödəmədən nail olursunuz. Bunu kim istəməz ki? İstədiyimiz bu idi...bunu da səhiyyə xidməti təyin etdi. Sağlamlığımızı qoruyaq və onu bəribaşdan qarantiya alaq ki, sabah bir-iki abbasının söhbətini etməyək.
Ülkər Musazadə