PDF Oxu

Sosial

  • 27

"Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfrans keçirilib

"Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfrans keçirilib

Aprelin 24-də AMEA, AR Müəllif Hüquqları Agentliyi (MHA) və AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfrans keçirilib. 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilən tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 2001-ci ildə elan olunmuş Beynəlxalq Əqli Mülkiyyət Gününün məqsədindən və əhəmiyyətindən danışıb. Ölkədə son illərdə əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını söyləyən R.Həsənov əqli mülkiyyətin potensialının iqtisadi inkişafın vacib alətinə çevrildiyini və Azərbaycanın iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərdiyini bildirib: "İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün əqli mülkiyyətin vacib iqtisadi əhəmiyyəti şübhəsizdir".

Komitə sədri qeyd edib ki, əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi, rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsi və informasiya cəmiyyətinin inkişafı üçün əqli mülkiyyət potensialından geniş istifadə olunması mühüm əhəmiyyət daşıyır.

Sonra çıxış edən MHA-nın sədri Kamran İmanov əqli mülkiyyət hüquqlarının sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amil olduğunu diqqətə çatdırıb. Müstəqillik dövrü ərzində Azərbaycanda insanların yaradıcılıq fəaliyyətinin stimullaşdırması və müəllif hüquqlarının qorunması sahəsində olduqca mühüm işlərin görüldüyünü söyləyən K.İmanov 1996-cı ildə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanunun qəbul edilməsilə ölkəmizdə əqli mülkiyyət sahəsi üzrə qanunvericilik bazasının yaradılmasında yeni mərhələnin başlandığını bildirib. K.İmanov qeyd edib ki, bugünkü tədbir Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilib. Məhz Ulu Öndərin uzaqgörənliyi və fitri proqnozlaşdırma istedadı Azərbaycanın müasir əqli mülkiyyət sistemini qurmağa imkan yaradıb. Keçmişi izah etmək üçün ilahi vergidən, bu günü anlamaq üçün istedaddan, gələcəyi görmək üçün dahilikdən daha artıq nemətlər varisi olan Heydər Əliyev dövlətimizin digər istiqamətləri ilə yanaşı, əqli mülkiyyət sahəsinin gələcəyinin cizgilərini də təxminən iyirmi il əvvəl çəkib.

Sonra AMEA prezidenti, akademik Akif Əlizadə "Azərbaycan alimlərinin müəllif hüquqlarının və intellektual mülkiyyətlərinin qorunması problemləri" mövzusunda məruzə lə çıxış edib. Bildirib ki, Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etməklə, dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və novatorluğun daha da həvəsləndirilməsinə, əqli yaradıcılığın nəticələrindən qeyri-qanuni istifadə və mənimsəmələrin qarşısının alınmasına xüsusi diqqət yetirilməsinə və hökumətləri bu məsələlərə böyük əhəmiyyət verməyə çağırış məqsədi güdülür. AMEA rəhbərinin sözlərinə görə, bu gün ölkəmizdə əsas problemlərdən biri alimlərimizin müəllif hüquqları və intellektual mülkiyyətlərinin qorunması ilə bağlıdır. Alim belə bir şəraitdə onların öz fəaliyyətlərində maddi stimuldan əhəmiyyətli dərəcədə məhrum olduqlarını, bununla yanaşı, ölkəmizin iqtisadi təhlükəsizliyinə də müəyyən təhdidlərin yarandığını diqqətə çatdırıb. Azərbaycan alimlərinin hüquqlarını, həmçinin elmimizin nüfuzunu qorumaq üçün plagiatlıq məsələsinə son dərəcə həssaslıqla yanaşmağın vacibliyini önə çəkib.

Akademik A.Əlizadə ölkəmizdə müəllif hüquqlarının və intellektual mülkiyyətin qorunması sahəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, o cümlədən Müəllif Hüquqları Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib. AMEA ilə bu dövlət qurumları arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyini dilə gətirib. Tədbirdə "Əqli mülkiyyət dünən, bu gün və sabah" və "Azərbaycanda ƏMH-nın idarə olunmasının avtomatlaşdırılması. Qarşıya qoyulan məqsədlər" mövzusunda məruzələr dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AR təhsil nazirinin müavini Ceyhun Bayramov, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və digər qonaqlar mövzu ətrafında çıxış ediblər. Sonra tədbirdə məruzələr ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

NƏZAKƏT

Digər xəbərlər