İclasda "Reklam haqqında" qanun qəbul edilib
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Oqtay Əsədov iclası açıq elan edib və gündəlikdəki məsələlərin müzakirəsinə keçilib.
Qeyd edək ki, iclasın gündəliyinə 6 məsələ daxildir. İlk öncə iclasda "Reklam haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə deputat Vahid Əhmədov məlumat verərək, qeyd edib ki, əvvəlki oxunuşdan verilən təkliflər İşçi Qrupunda müzakirə edilərək dəyərləndirilib: "Xüsusilə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı İqtisadiyyat və Sənaye, Mədəniyyət və Turizm, Səhiyyə, İdman və Gənclər nazirliklərindən daxil olan təkliflər geniş müzakirə olunub və qanun layihəsinin üçüncü oxunuşunda dəyişikliklər edilib. Qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır".
Layihə millət vəkillərinin səsverməsi ilə qanun layihəsi qəbul olunub. Milli Məclisdə, həmçinin son günlər kredit borcları olan iş adamlarının həbsi ilə bağlı məsələ ətrafında yaranan ajiotaj müzakirə edilib. Millət vəkili Zahid Oruc iclasda çıxış edərək bildirib ki, banka borcu olan iş adamlarının həbsi ilə bağlı ayrı-ayrı qüvvələr tərəfindən ajiotaj yaradılır. Z.Oruc Azərbaycan Prezidentinin ötən günkü fikirlərini xatırladaraq deyib: "Azərbaycanda sahibkarlara geniş şərait yaradılıb. Amma yetər ki, qanun çərçivəsində fəaliyyət göstərsinlər. Son vaxtlar bu qanunu pozanlara qarşı dövlət ciddi tədbir görür, amma bəziləri bunun ətrafında ajiotaj yaradırlar".
Spiker Oqtay Əsədov isə deputatın fikirlərinə cavab olaraq bildirib ki, ajiotaj yaradanlar məlumdur: "Qarşıdan Avropa Oyunları gəlir və bundan istifadə etmək istəyirlər. Qaldı ki, o iş admaları ilə bağlı məsələdə heç bir narahatçılıq yoxdur, dövlət orqanları var və kredit borcları ilə bağlı lazımi tədbirləri görür. Hamı qanuna tabe olmalıdır".
İclasda gündəlikdə olan növbəti məsələ - "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında" qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verib: "Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur. Eyni zamanda, 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək".
Millət vəkillərinin səsverməsi ilə qanun layihəsi qəbul olunub. Gündəlikdə olan "Mülki Məcəlləyə yeni maddənin əlavə olunması" layihəsi də müzakirə olunub. Layihə barədə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib: "Qanuna yeni 49-1-ci (Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası) maddə əlavə olunur. Maddəyə görə, hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Hüquqi şəxsə aidiyyəti olan şəxslər aşağıdakılardır:
- hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri;
- hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri;
- bu məcəllənin 49-1.1.1-ci və 49-1.1.2-ci maddələrində göstərilən şəxslərin qohumları (əri və ya arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları); - hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs;
- bu məcəllənin 49-1.1.1-ci, 49-1.1.2-ci və 49-1.1.4-cü maddələrində göstərilən şəxslərin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslər;
- hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxs;
- bu məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərdə ən azı 20 faiz paya (səhmlərə) malik olan hər hansı şəxs;
- bu məcəllənin 49-1.1.4-cü və 49-1.1.6-cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri.
Maddədə o da bildirilir ki, aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxs tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə bağlanılır. Həmin əqdə münasibətdə aidiyyətı şəxs olan iştirakçı məsələ ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz. Aidiyyətı şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri hüquqi şəxsin aktivlərinin 5 faizədək hissəsini təşkil etdikdə, həmin əqd hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, onun iştirakçılarının ümumi yığıncağı, direktorlar şurası (müşahidə şurası) və ya icra orqanı tərəfindən qəbul olunur. Bu halda iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının (müşahidə şurasının) və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı (üzv) səsvermədə iştirak edə bilməz. Hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri, habelə onun bu məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxsləri aidiyyəti şəxs qismində çıxış etdikdə onlarla hüquqi şəxs arasında əqd direktorlar şurasının (müşahidə şurasını), o olmadıqda isə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə bağlanılır. Əqdin bu məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlanılması nəticəsində hüquqi şəxsə dəyən zərərə görə təqsiri olan şəxslər məsuliyyət daşıyır. Əqdin digər tərəfi əqdin bu məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrinin tələbləri pozulmaqla bağlandığını bildikdə hüquqi şəxs və ya onun istənilən iştirakçısı bu məcəllənin 339-cu maddəsinə müvafiq olaraq həmin əqdi mübahisələndirə bilər. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) rəhbəri və ya üzvləri özlərinin, bu məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər. Hüquqi şəxsin icra orqanının rəhbəri və ya üzvləri özlərinin, bu məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin iştirakçılarına yazılı şəkildə təqdim etməlidirlər. Hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və ya üzvləri istisna olmaqla digər şəxslər özlərinin, bu məcəllənin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı hüquqi şəxsin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda hüquqi şəxsin icra orqanına yazılı şəkildə təqdim etməlidirlər".
Beləliklə də, Milli Məclisin öz işini sona çatdırıb.
RƏFİQƏ KAMALQIZI