Əhəd Abıyev: "Daşkəsən şəhərinin içməli su problemi yüksək səviyyədə tam həllini tapacaqdır"
Dünən Daşkəsən şəhərində "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihə" üzrə 2 x 500 kub metr su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi ilə bağlı keçirilən tədbirdə rayon ictimaiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti iştirak edib. Təməlqoyma mərasimində Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək bildirib ki, mayın 15-də Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərinə start verilib: "Bu gün daşkəsənlilərin ən gözəl günlərindəndir. Çünki bu gün "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihə" ilə Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tədbirin həyata keçirilməsi işlərinin təməlqoyma mərasiminə toplaşmışıq. Uzun müddət idi ki, Daşkəsən rayonunun su təminatı olduqca ciddi bir problem idi. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Daşkəsən rayonuna çox böyük diqqət, qayğısı və tapşırığı ilə bu layihə Dövlət Proqramına daxil edildi. Bu layihənin həyata keçirilməsi Kiçik Qafqaz sıra dağlarının yüksəkliklərdə yerləşən su mənbələrindən, 20 kilometr məsafədən çəkilən su kəmərləri ilə Daşkəsən rayonunun sakinlərinin fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda, layihə üzrə görüləcək işlər nəticəsində dağ çayı bir çox qonşu rayonların əhalisinin də istifadə etdiyi Qoşqar çayının çirkab sularla çirkləndirilməsinin qarşısı tamamilə alınacaqdır. İki ilə yaxın müddətdə icra olunacaq layihə ilə müasir tələblərə cavab verən su kəmərlərindən əlavə, Daşkəsən şəhərində 7 müxtəlif həcmli su anbarının və çirkab suların təmizləyici qurğusunun tikintisi də həyata keçiriləcəkdir. Bu layihənin həyata keçirilməsi işsizlik problemi olan Daşkəsən rayonunun 200 nəfərdən artıq əhalisinin də işlə təmin olunmasına şərait yaradacaqdır. Eyni zamanda, rayon sakinlərinin təmiz içməli su ilə təmin olunması, məişət şəraitlərinin yaxşılaşması ilə yanaşı əhalinin sağlamlıqlarının qorunmasına da olduqca müsbət təsir göstərəcəkdir. Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin icrasına başlanılması ilə əlaqədar təməlqoyma münasibətilə ölkə Prezidenti Cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya bütün daşkəsənlilər adından və öz adımdan dərin minnətdarlığımızı bildiririk".
Tədbirdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov əlamətdar gün münasibətilə daşkəsənliləri təbrik edərək dağlar qoynunda yerləşən Daşkəsən rayonunun sürətli inkişaf dövrünü yaşadığını bildirib. Qeyd edib ki, bu layihə çərçivəsində müasir tələblərə cavab verən yeni su kəmərlərinin, Daşkəsən şəhərində ümumi tutumu 4500 kub metr olan 7 su anbarının, gündəlik gücü 3500 kub metr olan 1 çirkab sutəmizləyici və 1 xlorator qurğusunun, 3 nasos stansiyasının tikintisi də həyata keçiriləcəkdir. Layihədə əhalinin sayının 2035-ci ilədək artımı da nəzərə alınmaqla 2 su mənbəyindən (Qarainək, Gurbulaq) çəkilməklə magistral su xəttinin uzunluğu 20 km, içməli su şəbəkəsinin uzunluğu 18 300 p/m, kanalizasiya şəbəkəsinin uzunluğu isə 13 428 p/m təşkil edir.
"Çakır Yapı" şirkətinin prezidenti Şükrü Çakır, şirkətin koordinatoru Zəfər Murtuzov layihənin həyata keçirilməsində diqqət və qayğısına görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda layihənin icrasına Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin və "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun xeyir-duası ilə start verilib.
R.HÜSEYNOVA