Avropa siyasətçiləri, ən çox da Amerika administrasiyası Rusiya rəhbəri Vladimir Putinə möhkəm uduzdular. Sözün bütün mənasında. Hə, Ukrayna bu arzuolunmaz, Qərb strateqləri tərəfindən olduqca savadsızcasına, primitiv şəkildə hazırlanan oyunda qapazaltı və ölümcül zərbə alan tərəf oldu, bu, başqa məsələ. Qərbdəkilər Rusiyanı öz "ürəyindən" vurmaq istədilər. Gürcüstandan sonra, bu dəfə Rusiya üçün doğma olan slavyan dövlətini Moskvadan qoparmağa girişdilər. Girişdilər, amma V.Putindən elə bir zərbə aldılar ki, az qala qəzəblənmiş V.Putinin bütün Avropanı 1-2 saat içərisində cənginə alacağı qorxusundan ürəkləri ağzına gəldi. Yaralı ayının nərə çəkməsi də bir başqa olur axı...
Qaçmağına qaçdılar, amma geridə qoyduqları yazıq ukraynalılara görə heç olmayan vicdanları bir yana, başındakı tüklər də tərpənmədi. Ukraynanı qəzəbli Rusiyanın qabağına atıb qaçdılar. Hanı, bəs guya siz Ukrayna xalqının yanında idiniz?
Yox, onlara Ukrayna xalqı, ancaq və ancaq Moskvaya öz "yuvasında"- keçmiş sovet ərazisində zərbə vurmaq üçün vasitə olaraq lazım idi.Onlar sadəcə Rusiyanı "slavyan kartı" ilə vurmaq, Moskvanın nəzarətində olan keçmiş sovet ərazilərində onun mövqelərini zəiflətmək, Rusiyaya qarşı nifrət yaratmaq üçün bu addımı atdılar. Onların nə veclərinədir 2-3 yerə parçalanan yazıq Ukraynanın taleyi!
Qərb, başda Ağ Ev olmaqla, keçmis sovet ərazilərinə dair, olduqca bərbad və həvəskar səviyyədə, diletant metodlarla anti-Moskva siyasəti aparmağa başladı ki, sonunda hər sey düşmən adlandırdıqları V.Putinin xeyrinə başa çatdı. Iqtisadi böhran və korrupsiya içində batan Rusiyada hamı artıq V.Putinin kəskin etirazlar və sosial partlayışla üz-üzə qalacağını gözlədiyi bir vaxtda, qəflətən qərbdəkilər bu ağılsız siyasi ssenari ilə V.Putinə əsl həyat vermiş oldular. Nəticədə nə baş verdi? V.Putin bütün Rusiya cəmiyyətinin diqqətini daxildəki sosial böhrandan və korrupisya fəlakətindən yayındıraraq, bütün rusları Moskvanı öz ərazisində sıxışdırmağa çalışan Amerika və Avropa siyasətçilərinə qarşı vahid mübarizəyə yönəltdi. Rusiyada hər kəs - alkoqolikindən tutmuş professoruna qədər hamı regionda Moskvanı sıxışdırmaq istəyən Avropa və Amerikaya qarşı Adolf Hitlerə qarşı olan münasibəti sərgilədilər. Heç kim bu məsələdə V.Putinə müxalif olmadı. Bu isə o deməkdir ki, Qərbin və amerikalıların V.Putini tezliklə "qızılgül inqilabı" və sosial partlayışlar yolu ilə Kremldən uzaqlaşdırmaq planları da "suya düşdü." Sovetlər Birliyini dağıdan Qərb texnoloqlarının bu dərəcədə savadsız proqramla "oynamaları" olduqca qəribə gəlir adama. Bəzən də şübhələnirsən ki, yəni bunlar bu dərəcədəmi ağılsızdırlar? Yoxsa bilə-bilə V.Putinin "əlinə işləyirlər"? Kinoda deyldiyi kimi, "yaman şübhəli məsələdir". Amma nə olur-olsun, üzdə olan odur ki, qərbdəkilərin anti-Putin planı iflasa uğradı. İndi V.Putin Yunanıstan və Çexiya da daxil olmaqla əksər Şərqi Avropa ölkələrini öz "caynağına" keçirməklə məşğuldur. Bu da sənə "mars"!
MƏTLƏB