PDF Oxu

Sosial

  • 11

Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olunsa...

Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olunsa...
Elşad Mirbəşiroğlu: "Ermənistanın həm Türkiyə ilə, həm də Azərbaycanla da əlaqələrini bərpa edə bilər "

Rusiyalı politoloq Sergey Markov bəyan edib ki, Rusiyanın dəstəyi və vasitəçiliyi ilə Ermənistan işğal etdiyi 6 rayonu azad edəcək və bundan sonra Türkiyə-Ermənistan sərhədləri açılacaq. Azərbaycanla iqtisadi əlaqələr qurulacaq. Təbii ki, politoloqun bu mövqeyi kifayət qədər maraqlı görünür. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, zaman-zaman Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən fikirlər səsləndirir: "Amma burda yeni bir məqam yoxdur. Hər kəsə bəllidir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi birbaşa Rusiyadan asılıdır. Çünki Ermənistan Rusiyanın diqtəsi ilə oturub-durur. Yəni Ermənistan Rusiyanın for-postudur. Təbii ki, burada Rusiyanın geosiyasi maraqları var. Bildiyiniz kimi, Rusiya Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir. Azərbaycanın siyasi kursu ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətə öz subyektləri ilə qarşılıqlı, faydalı əməkdaşlıq qurmağa üstünlük verir. Ümumiyyətlə, Azərbaycan sırf Rusiyanın istəyidir dəyə hər hansı bir addımı atmaq niyyətindən uzaqdır. Bunu rəsmi Moskvada çox gözəl başa düşürlər. Təbii ki, eyni zamanda Rusiya ilə Azərbaycan arasında kifayət qədər qarşılıqlı münasibətlər var. Bu baxımdan, düşünürəm ki, münasibətlərin hazırkı fonunda daha faydalı əlaqələrin qurulacağı təqdirdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müəyyən addımlar ata bilər".

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinə toxunan politoloq bildirdi ki, bu, bir az qeyri-müəyyən məsələdir: "Çünki Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi dəfələrlə müzakirə obyekti olub. Ortada Surix protokoluda vardır ki, bu münasibətlərin yaxınlaşması və sərhədlərin açılması nəzərdə tuturdu. Bu baxımdan da əgər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Rusiyanın təsiri ilə Ermənistan konstruktiv mövqe tutmağa başlayarsa, təbii ki, biz regionda sabitliyin təhlükəsizliyin tərəfdarıyıq və münasibətlərin də qurulmasına rəvac verə bilərik. Təki Azərbaycanın işğal altında olan torpaqları azad olsun. Belə olacağı təqdirdə, düşünürəm ki, Ermənistanın həm Türkiyə ilə, həm də Azərbaycanla da əlaqələrini bərpa edə bilər. O halda ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olunsun".

GÜLYANƏ