"Bakı-2015" I Avropa Oyunları başlayan gündən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Belçika nümayəndəliyinin dəstəyi ilə Azərbaycanlı Stajorların Avropa Təşkilatı tərəfindən Brüsseldə, xüsusən də Avropa Parlamentində oyunlarla bağlı müxtəlif formatlı təbliğat işləri həyata keçirilib: oyunlara ictimai baxışlar təşkil edilib, gündəlik təlbiğat işləri aparılıb, oyunlar haqqında, o cümlədən Azərbaycan haqqında hazırlanmış flayerlər paylanılıb, dəyirmi masalar və müzakirələr təşkil edilib.SİA-nın xəbərinə görə, Avropa Oyunlarının son gününə həsr olunmuş vida tədbiri təşkil olunub. Azərbaycanlı Stajorların Avropa Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa Komissiyası və Avropa Parlamentinin əməkdaşları, Belçika Krallığında akkreditə olmuş diplomatik korpusların nümayəndələri, Brüsseldə fəaliyyət göstərən beyin mərkəzləri və media qurumlarının təmsilçiləri, Azərbaycanın Avropa İttifaqı yanındakı səfirliyinin əməkdaşları, ARDNŞ-ın Belçika nümayəndəliyinin əməkdaşları, Avropa Azərbaycan Təşkilatı (TEAS) Brüssel nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Tədbirdə birinci Avropa Oyunlarının təqdimatı ilə yanaşı, "Bakı-2015" ilə bağlı ingilis dilində xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib, təbliğat materialları paylanıb.
Tədbir iştirakçılarına Avropa Oyunlarının təşkilatçılığı haqqında da ətraflı məlumat verilib, Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə aparacağı bu idman bayramının yüksək səviyyədə keçirildiyi əminliklə ifadə olunub.
15 gün davam edən layihə "Bakı 2015" I Avropa Oyunlarının rəsmi tərəfdaşlarından biri olan ARDNŞ-ın Belçika nümayəndəliyinin sponsorluğu ilə baş tutub.
sia.az