Azərbaycana qarşı yönələn qərəzli və mərəzli mərkəz
Onilliklər boyudur ki, özünü dünyaya "demokratiya ixracatçısı", yaxud da "demokratiya beşiyi" kimi sırıyan, ancaq pərdə arxasında tamamilə qeyri-demokratik prinsiplərə söykənmiş siyasət yürüdən ABŞ, eyni zamanda, ona işləyən bir sıra siyasi dairələri də öz torunda girov kimi saxlamaqdadır. Əgər belə olmasaydı, Qərbi Avropa ölkələrinin bir neçəsi aşkar vəziyyətdə ABŞ-ın maraqlarına xidmət göstərməz, siyasətinin tərkib hissəsini ABŞ siyasətinə bənzətməzdi. Məsələn, götürək Almaniyanı, Britaniyanı, Norveçi, yaxud da da Fransanı. Belə ki, təkcə bu ölkələrin siyasi dairələri son illərdə Azərbaycana qarşı ən qərəzli mövqelərdən çıxış edərək, sanki ABŞ-ın yürütdüyü bənzər addımları təkrarlayırlar. Hətta demək mümkündür ki, ABŞ tərəfindən təlimatlandırılaraq buna gedirlər.
Dinlənilən telefon danışıqlarındakı nüanslar ABŞ-ın əlində olduğu qədər, həm də Merkelin şantaj olunması üçün hazır vəziyyətə gətirilib
ABŞ ikili mövqedən çıxış edərək, Qarabağ məsələsində ədalətli və birtərəfli bəyanatlar səsləndirmək yerinə, Minsk Qrupunun üzvü kimi Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanda 1 milyon insanın hüquqlarının tapdandığını etiraf etməsi əvəzinə, ölkəmizi, dövləti tez-tez ittiham atəşinə tutur, guya burada insan haqlarının pozulduğunu, söz və mətbuat azadlığının olmadığını, bu kimi digər ittihamları önə sürür. Belə bir məqamda Almaniya, eləcə də digər adları yuxarıda çəkilmiş "demokratik" Qərb ölkələri ABŞ-ın səsinə-səs verərək, mediaları, siyasi dairələri vasitəsilə bu hücumların miqyasını artırmaqla məşğul olurlar. Halbuki elə təkcə Almaniyanın özünün siyasi mərkəz kimi məhz ABŞ-ın Dövlət Depratamentinə istina etməsi, bu qurumun əlaltısına çevrilməsi kifayət qədər öz təsdiqini tapıb. Götürək, son zamanlar ölkəmizə qarşı səlib yürüşünə çıxmış Almaniya kansleri Angela Merkelin ABŞ-ın xüsusi xidmət orqanları, kəşfiyyatı tərəfindən telefon danışıqlarının dinlənilməsi tarixçəsinə. Kimsə etirtaz edə bilməz ki, gizli dinlənilən telefon danışıqlarındakı nüanslar ABŞ-ın əlində olduğu qədər, həm də Merkelin şantaj olunması üçün hazır vəziyyətə gətirilib. Məgər bu amilin özü belə düşünməyə əsas vermirmi ki, ABŞ siyasi dairləri məhz bu cür vasitələrlə Avropanın dövlət başçılarını özlərinə tabe etdirmək, dünyadakı siyasi balansı ABŞ-ın istədiyi istiqamətdə yönləndirməyə çalışıb?
Məsələn, Azərbaycan istənilən uğurları əldə etdikcə, ölkəmizə qarşı daha çox ittihamçı rolunda Almaniya mətbuatı çıxış edir. Amma ümumi götürdükdə, ölkəmizi, dövlətimizi ittiham edən Almaniyanın özündə, eləcə də ABŞ-ın özündə iqrçilik faktoru artmaqda davam edir islamofobiya amili qarşısıalınmaz problem kimi gənc müstəqil müsəlman ölkələrinə qarşı yürüdülür, antisemitizm isə öz yerində! O cümlədən, "demokratik ixracatçı" ölkə olan ABŞ da həmin problemləri yaşayır. Biz burada nə Ferqüsson, nə də baqşa bənzər hadisələri yazmayacağıq, çünki bir neçə dəfə bu məsələyə toxunmuşuq. Amma ABŞ və onun əlaltıları olan Avropa ölkələri uzun illərdir ki, Azərbaycanın inkişaf və tərəqqi stategiyasına qarşı eyni mövzunu yazır, eyni ittihamları, böhtanları və maraqları irəli sürür.
ATƏT, AŞPA, Avropa Parlamentinin neoalman və anti-Azərbaycan deputatları
Daha sonra Almaniyanın siyas dairələri, bunun ardınca isə ATƏT, AŞPA, Avropa Parlamentinin neoalman deputatları Azərbaycanı az qala Afrikanın ən diktator ölkəsindən də aşağı səviyyədə ittiham edirlər. Adını da qoyurlar ki, onlar Avropa arealında ölkələrin "demokratik" (?!-R.N.) olmasını, yəni reallıqda özlərindən asılı olmasını arzulayırlar. Halbuki Azərbaycanda mövcud olan demokratik proses, söz və insan azadlığı, dini, milli tolerantlıq bu ölkələrdə bir sıra nümunələri göstərmək gücündədir. Həmçinin, Azərbaycanın müasir inkişaf modeli Avropa ölkələrinin inkişaf modelindən öz müsbət fərqliliyi ilə seçilməkdədir.
Bu sıralamada ermənipərəstlik mövqeyi ilə seçilən Fransanı da göstərmək mümkündür. Bu ölkənin mediası da ABŞ-ın göstərişi əsasında fəaliyyət göstərir və zaman-zaman Azərbaycanı hədəfə alır.
Yelisey Sarayının düz yanında Fransa prezidentinin telefon danışıqlarını və saray dəhlizlərini dinləmə cihazları
Amma Fransanın da Almaniya kimi ABŞ siyasi dairələrinin mərləzçiləri tərəfindən təlimatlandırıldıqları məlumdur. Məsələn, məlum olub ki, sən demə ABŞ-ın Fransadakı səfrilik binasının üzərində tikilən əlavə pəncərəsiz 3-cü mərtəbə bilavasitə MKİ-nin dinləmə cihazlarının yerləşdiyi otaqlardır. Özü də həmin ortaqlarda başqa ad və soyadlarla Fransa ərazisinə göndərilmiş MKİ-nin peşəkar telefondinləmə casusları çalışırlar. Daha bir vacib məqam isə ABŞ kəşfiyyatçılarının hətta Yelisey Sarayında baş verən danışıqları da dinləmə imkanlarını əldə etmələridir.
Fransada baş verən terror, Tunisdə britaniyalı turistlərin qətliamı ABŞ-ın heç də avropalıların qarantı olmadığını təsdiq edir
Məgər bunun özü insan haqlarının pozulmasını təsdiq edən məsələ deyilmi? ABŞ açıq-aşkar dövlət rəhbərlərinin telefon danışıqlarını dinləyir, bunu "Avropanın və dünyanın təhlükəsizliyi" kimi ictimai rəyə sırıyır, ardınca isə heç də Avropanın təhlükəsizlik qarantı ola bilmədiyini göstərir. Məsələn, bir neçə gün öncə "İslam Dövləti" terror təşkilatının Fransada törətdiyi növbəti terror aktını göstərmək mümkündür. O cümlədən, Tunisdə britaniyalı turistlərin çoxluq təşkil etdiyi otellərdə avropalıların qətliamı və s. Sual olunur, əgər ABŞ müxətlif vasitələrlə çirkin addımlara gedib, "təhlükəsizlik qarantı" kimi çıxış edirsə, nəyə görə Fransada və Tunisdə baş verən məlum olayların qarşısını almaqda acizlik göstərdi?! Deyək ki, Tunis bir az uzaqdadır, bəs Fransa?!
Buradan da aydın görünür ki, ABŞ bu vasitələrlə Qərbi Avropanın xristian klubuna aid olan ölkələri Azərbaycana qarşı kökləyir, Avropanın müxtəlif nüfuzlu siyasi dairələrində fəaliyyət göstərən avropalı diplomatları, avroparlament deputatlarını aşkar şəkildə ölkəmiz üzərinə qısqırdırlar.
Biz bunu "Eurovision" yarışmaları zamanında da, sonrakı proseslərdə də, eləcə də artıq Avropanın tarixinə öz silinməz möhürünü vurmuş möhtəşəmliyi ilə yaddaşlara həkk olunmuş I Avropa Oyunları ərəfəsində də gördük. Amma bütün bu kimi qərəzlər nəticəsiz qalır. Bu, sadəcə ABŞ Dövlət Departamentinin köhnə siyasəti, ancaq uğursuz mərəzidir.
Bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil
O ki qaldı ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı iddialarına, burada Azərbaycan reallıqları ilə bağlı həqiqətlərin kifayət qədər ciddi şəkildə təhrif edərək təqdim olunmasına növbəti dəfə rast gəlmək mümkündür. Azərbaycan kifayət qədər sürətlə inkişaf edir, iqtisadiyyat çiçəklənir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Hər hansı dövlətin Azərbaycandakı reallıqları və gerçəklikləri təhrif edərək hesabat hazırlamasına, iddialar irəli sürməsinə haqq qazandırmaq da mümkün deyil. Burada qərəz də, qeyri-obyektivlik də aydın şəkildə görünməkdədir.
İlk növbədə, bəlli olur ki, bir çox ölkələrə, o cümlədən Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bu cür qurumlar beynəlxalq miqyasda "demokratiya", "insan hüquqlarının müdafiəsi" pərdəsi arxasında çıxış edərək, əslində müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayırlar. Bu qurumların fəaliyyətinin əsasında duran strateji məqsəd isə ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Yəni bəzi qlobal güc mərkəzlərinin maraqları əsasında çıxış edən bu cür hesabatlarla nəinki beynəlxalq hüquq normaları ayaqlar altına atılır, eləcə də milli dövlətlərin fəaliyyətinə kobudcasına müdaxilə edilir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan öz inkişaf yolunda irəliləyir və bəzi dairələrin ölkəmizə qarşı apardıqları qara piar kampaniyası iflasa məhkumdur. Çünki möhkəm ictimai-siyasi sabitliyə və dinamik iqtisadi inkişafa malik olan Azərbaycanın tərəqqisi davamlı xarakter daşıyır. Məhz bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil.
Rövşən NURƏDDİNOĞLU