PDF Oxu

Sosial

  • 6

Bakıda Lüsern Dünya Turizm Forumunun toplantısı keçiriləcək

Bakıda Lüsern Dünya Turizm Forumunun toplantısı keçiriləcək

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Lüsern Dünya Turizm Forumunun rəhbəri sədri Reto Viver və baş meneceri Martin Bart ilə görüşüb.

Qonaqları salamlayan nazir ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərdən biri olduğunu, bu xüsusda turizm sahəsinin inkişafına, o cümlədən beynəlxalq turizm əlaqələrinə, təcrübə mübadiləsinə mühüm önəm verildiyini diqqətə çatdırıb. Bu baxımdan Azərbaycanın 2015-ci ilin aprel ayında İsveçrə Konfederasiyasının Lüsern şəhərində keçirilən 4-cü Lüsern Dünya Turizm Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Reto Viver Azərbaycanın Lüsern Forumunda qonaq ölkə qismində iştirakı çərçivəsində keçirilən möhtəşəm təqdimatdan söz açaraq bu tədbirdən sonra ölkəmizə marağın daha da artığını qeyd edib: "Bu, çox gözəl təqdimat idi. Azərbaycan mədəniyyətinin və milli mətbəx nümunələrinin nümayişi hər kəsin marağına səbəb oldu. Artıq İsveçrədə ölkənizi daha çox tanıyırlar".

Qonaq Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin təqdirəlayiq olduğunu və ölkəmizdə bu sahənin inkişafının beynəlxalq turizm təşkilatlarının da diqqətini çəkdiyini deyib.

Nazir də, öz növbəsində son illər Azərbaycanın mədəniyyət və turizm sahəsində əldə etdiyi nailiyyətlərdən, Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən bəhs edib. Bildirib ki, bu tədbirlər ölkəmizin dünyada daha da tanıdılmasına səbəb olub. Sonra qonaqlar "Lüsern Dünya Turizm Forumu"nda Azərbaycanın iştirakı ilə bağlı hazırlanmış fotoalbomu nazirə təqdim ediblər.

Söhbət zamanı 2016-cı ilin mart ayında Bakıda Lüsern Dünya Turizm Forumunun beyin mərkəzlərinin toplantısının (think thank) keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

ZÜMRÜD

Digər xəbərlər