Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində reallaşan "Masallı rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi" layihəsinin başa çatması ilə əlaqədar iyulun 9-da tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, layihə üzrə qrant müqaviləsi Yaponiya hökumətinin ölkəmizdəki səfirliyi ilə "Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi" Təşkilatı arasında imzalanıb.Layihənin başa çatması münasibətlə keçirilən mərasimdə çıxış edən "Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi" Təşkilatının rəhbəri Yasin Dadaşov bildirib ki, layihənin məqsədi Masallı rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasının həllini təmin etmək üçün rayondan kənarda yanma kameraları tikməkdən ibarətdir. 46 min nəfərin faydalanacağı layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 101,551 ABŞ dollarına bərabərdir.Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Yaponiya ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən söhbət açaraq, müxtəlif sahələr üzrə əməkdaşlığın bu gün də uğurla davam etdirildiyini bildirib.Qeyd olunub ki, bu layihə də daxil olmaqla, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Masallıda üç qrant layihəsi həyata keçirilib.Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində 2003-cü ildə Masallı rayonunun Mollaoba kəndində məktəb binası, 2013-cü ildə Güllütəpə kəndində tibb məntəqəsi tikilib.Mərasimdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi bildirib ki, Masallının təbiəti də insanları kimi gözəldir: "Rayonda çoxlu sayda müalicəvi bulaqlar var. Buranın təbiəti məni çox cəlb edir. Bir daha buraya gəlmək arzusundayam".Masallı rayon məişət tullantılarının idarə olunması poliqonunun istifadəyə verilməsini bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları ərazidə görülən işlərlə yaxından tanış olublar.
AZƏRTAC