PDF Oxu

Sosial

  • 12

Sağlam qida, Sağlam həyat deməkdir...

Sağlam qida, Sağlam həyat deməkdir...

"2015-ci ilin 6 ayı ərzində respublika ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb"

ARAŞDIRMA

Yay gözəldir. Meyvənin, tərəvəzin bol olduğu, çöl-çəmənin, parkların, yaşıllığa büründüyü, küçələrin daha gözəl göründüyü fəsildir. Yayda insanların böyük əksəriyyəti istirahətə yollanır, dənizdə günəş vannası qəbul edir, qaralır, qarpızdan yemişdən bol-bol qidalanır və sair və ilaxır. Amma bütün bu gözəlliklərlə yanaşı yay fəslinin özünəməxsus problemləri də mövcuddur. İnsanlarda istilərdən doğan halsızlıq, qida zəhərlənməsi halları tez-tez baş verir ki, bu da orqanizmdə ciddi fəsadlar yaradır. Bu mövsümdə qəbul etdiyimiz qidalardan zəhərlənmə riski çoxalır. Həm temperatur şəraiti, həm də istidə bakteriyaların sürətlə yayılması zəhərlənməni qaçılmaz edən səbəblərdəndir. Bəs özümüzü qorumaq üçün, bu hallardan qaçmaq üçün nə etməliyik? Bununla bağlı SİA oxucularına araşdırmanı təqdim edir.

İlk olaraq yay fəslində ölkəmizdə qida zəhərlənməsi ilə bağlı vəziyyəti öyrənmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirliyə müraciət etdik. Anar Qədirli bildirib ki, hazırda Azərbaycanda qida zəhərlənməsi ilə bağlı vəziyyət narahatedici deyil: "2015-ci ilin 6 ayı ərzində respublika ərazisində 331 qida zəhərlənməsi hadisələri qeydə alınıb ki, bu da keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 % azalma deməkdir. 2015-ci ilin 6 ayı ərzində 418 nəfər, keçən ilin müvafiq dövründə isə 577 nəfər zərəçəkən qeydə alınıb. Bu da 27,7% azalmadır. Bundan başqa ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri isə ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub".

Yay aylarında meyvə-tərəvəzdən zəhərlənmə hallarının qarşısını almaq üçün hansı tədbirlərin görülməli olduğunu həkim terapevt Xeyransa Mahmudovadan öyrəndik. Həkim qeyd etdi ki, qida zəhərlənmələri əsasən ev şəraitində baş verir: "Qidaların saxlanması çox ciddi rejim tələb edir. Bunlara əməl olunmadıqda zəhərlənmələr baş verir. Yayda orqanizmin suya tələbatı artdığı üçün maye qəbuluna daha çox üstünlük veririk. Bunun da əsas hissəsini meyvə-tərəvəz vasitəsilə orqanizmimizə daxil edirik ki, burada əsas rol qarpızdadır. Hesab edirəm ki, ilk növbədə meyvə-tərəvəz təzə halda qəbul edilməlidir. Meyvə-tərəvəz məhsulları mütləq gur su altında təmiz yuyulmalı, daha sonra tükətilməlidir. Bu zaman zəhərlənmənin qarşısını almağa nail ola bilərik. Bundan başqa yayda ət, balıq, tərəvəz konservləri zəhərlənmələrə daha çox səbəb olur. Bu məhsullarda botulinium adlı bakteriya var, hansı ki, onun ifraz etdiyi ektotoksin olduqca toksiki əhəmiyyətə malikdir. Belə zəhərlənmələr qidalanmadan 20-30 saat sonra ortaya çıxdığı üçün mədə-bağırsaq yuyulması heç bir təsir etmir. Deyərdim ki, qida zəhərlənmələri arasında botulinus zəhərlənməsi çox ağırdır. Erkən dövrdə bulanma, qusma, qarın ağrısı və ishal göründüyü üçün bu, digər xəstəliklərlə qarışdırılır. Belə zəhərlənmələrdən daha çox yaşlı nəslin nümayəndələri dünyasını dəyişir. Qida zəhərlənmələri arasında bakterial qida zəhərlənmələri də geniş yayılıb. Bu da daha çox heyvan mənşəli qidalardan olur. Bu toksinlər daha çox isti otaqda törəyir. Zəhərlənmənin əsas əlaməti mədə- bağırsaq pozuntusudur. Qusma, şiddətli ishal, qarın ağrıları, halsızlıq, başgicəllənməsi, əzələ tutulması zəhərlənmənin əlamətidir".

Bazarlarda, mağazalarda ərzaqların saxlanma şəraiti ilə yaxından tanış olan, mütəmadi monitorinqlər keçirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bazarlarda satılan şorabaların keyfiyyəti həmin bazarın həkim-ekspertləri tərəfindən yoxlanılmalıdır: "Bundan sonra onun satışına icazədə birbaşa həmin ekspertlər məsuliyyət daşıyır. Düzgün rəyin verilməməsi bir ailənin məhvinə səbəb ola bilər ki, bununla bağlı dəfələrlə monitorinqlər aparıb nəticələri barədə məlumat vermişik. Qarpız zəhərlənməsinə gəlincə burada əsas rolu qarpızın düzgün yetiştirilməməsi oynayır. Suni kübrənin verilməsi ilə zəhərlənmənin əsasını qoyurlar. İnsan gün ərzində 300 milliqram nitrit qəbul etsə (yəni qarpızın tərkibindəki maddəni) bu norma sayılır. Yox əgər bundan çox nitrit qəbul etsə, onda zəhərlənmədən qaça bilməz. Onu da qeyd edim ki, qarpızın qarpızın tərkibində 250 milliqramdan artıq nitrat olmamalıdır, əks halda, məhsul istifadəyə yararsız hesab edilir. Son illər aparılan müşahidələr bunun bir neçə dəfə artıq olduğunu göstərir. İnsanlar may və iyun aylarında bostan meyvələri olan qarpız və yemişdən istifadə edərkən diqqətli olmalıdrılar".

Araşdırmamızın nəticəsində belə qənaətə gəldik ki, qida zəhərlənmələrinin qarşısının alınmasında təkcə sanitar orqanları deyil, bilavasitə özümüz də böyük rol oynayırıq. Hər bir fərd aldığı ərzaqlara diqqət yetirsə, tərkibini və ən əsası buraxılış tarixini nəzərdən keçirsə, saniatariya cəhətdən saxlanmasına fikir versə bu kimi halların qarşısını ala bilər. Gəlin sağlamlığımıza fikir verək!

İntizarə

Digər xəbərlər