PDF Oxu

Sosial

  • 4

Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılışı olub

Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılışı olub
Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılış mərasimi keçirilib. Şəhərdəki Heydər Əliyev parkında yerləşən muzey binasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir-bərpa, rekonstruksiya işləri aparılıb və yeni ekspozisiyanın bədii tərtibat işləri həyata keçirilib.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mingəçevir şəhər icra hakimiyyəti başçısının müavini İlham İsmayılov çıxış ediblər.

Nazir Əbülfəs Qarayev bildirib ki, ötən ay ölkəmiz birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi: "Azərbaycan bir daha öz inkişafını, tərəqqisini, xalqımızın mədəniyyətini, turizm və idman sahəsindəki uğurlarını, qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Bakı ilə yanaşı, Mingəçevirdə də keçirilən Avropa Oyunları yarışlarının iştirakçıları, rəsmi qonaqlar və turistlər öz ölkələrinə xoş təəssüratla qayıtdılar. Bu mötəbər yarışlardan sonra yaxın gələcəkdə ölkəmizə çoxsaylı turistlərin gəlişi gözlənilir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün geniş tədbirlər görülür".

Nazir qeyd edib ki, Mingəçevir şəhərinin ərazisi qədim və zəngin tarixə malikdir. Burada turizmin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Bu baxımdan Mingəçevir Şəhərinin Tarixi Muzeyinin fəaliyyətinə xüsusi önəm vermək lazımdır. Çünki bu, regionda ən çox eksponatı olan muzeydir. Muzeyə turistlərin marağı da böyükdür. Qədim Mingəçevirin tarix və mədəniyyətini özündə əks etdirən muzeyin yeni bina ilə təmin olunması Prezident İlham Əliyevin Azərbaycanda milli mədəni irsin qorunması və təbliğ olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq görülən işlərin tərkib hissəsidir.

Əbülfəs Qarayev məlumat verib ki, 1968-ci il yanvarın 11-də cəmi 50 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 15 mindən artıq eksponat sərgilənir. Qədim və müasir Mingəçevir bölmələrindən ibarət olan muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir.

Muzeyin direktoru Nofər Məmmədəliyevin sözlərinə görə, 1946-53-cü illərdə görkəmli arxeoloq alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövründən başlayaraq (e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Bunların arasında katakomba, taxta qutu və küp qəbirlər, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri vardır. Bu eksponatlar tədqiqat üçün AMEA-nın Tarix İnstitutuna göndərilib. Həmin maddi-mədəniyyət nümunələrindən yalnız 50-si Mingəçevirdə eksponat kimi saxlanılıb. Bu əşyalar əsasında formalaşdırılan muzey sonrakı illərdə daha da genişlənib.

Nofər Məmmədəliyev bildirib ki, muzeyi ziyarət edənlərin sırasında Mingəçevir məktəbliləri, tələbələr, ətraf rayonların sakinləri, eləcə də şəhərə gələn yerli və xarici turistlər çoxluq təşkil edir.

Məlumata görə, hər il Mingəçevir Şəhərinin Tarixi Muzeyini və "Şəhidlərin xatirə muzeyi"ni 40 minə yaxın qonaq ziyarət edir. Çıxışlardan sonra muzeyin açılışını bildirən rəmzi qırmızı lent kəsilib. İştirakçılar muzeyə baxış keçirərək eksponatlarla tanış olublar.

ZÜMRÜD