Milli Mətbuatımız özünün yubileyini qeyd edir. Ötən bu illər ərzində Milli Mətbuatımız şanlı bir yol keçib. 1875-ci ildə Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti Azərbaycan mətbuatının təməlini qoydu. ""Əkinçi" qəzetinin işıq üzü görməsi Azərbaycan cəmiyyətinə nə verdi" sualına cavab tapmağa çalışaq. Təbii ki, ilk öncə qeyd etmək lazımdır ki, "Əkinçi" qəzetinin işıq üzü görməsi öz dövrünə görə çox böyük bir sensasion hadisə idi. Bu qəzetin işıq üzü görməsi təkcə insanları informasiya ilə təmin etməkdən ötürü deyildi. Həsən bəy Zərdabi dövrünün çox böyük ziyalısı idi. O, bu qəzeti təsis etməklə Azərbaycanda milli şüurun formalaşmasında böyük rol oynamış oldu. Bu həmin dövr idi ki, Azərbaycanın ən böyük qonşuları onu bir millət kimi tanımaq belə istəmirdilər. Həmin dövrdə azərbaycanlıları kimisi tatar, kimisi türk adlandırır, çox kiçik etnik bir xalq kimi tanımaq istəyirdilər. Lakin "Əkinçi" qəzeti öz dövründə sözün əsl mənasında mədəni inqilab edərək, Azərbaycan xalqının ziyalılarının fikirlərini sözügedən mətbu orqan vasitəsiylə hamıya çatdıra bilmişdi. Ümumiyyətlə Azərbaycan tarixinə, keçmişinə nəzər saldıqda görürük ki, xalqımızın çox böyük ziyalıları, ədibləri, görkəmli incəsənət xadimlərinin milli jurnalistikamızın formalaşmasında böyük rolu olmuşdu. "Əkinçi" qəzetinin nəşri dayandırıldıqdan sonra xeyli boşluq yaransa da, Azərbaycan xalqında artıq milli şüur oyanmış, başqa adlarda bir neçə qəzetlər işıq üzü görməyə başlamışdı. Xalqımızın gündəlik həyat tərzində baş verən neqativ hadisələr, məişət zorakılıgı, dini təsir altına düşmək kimi qlobal problemlərin həlli üçün yenə də yeni bir mətbu orqana ehtiyac duyulurdu. Bu dövrdə isə dövrünün böyük ziyalısı Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının işıq üzü görməsinə nail oldu. Həmin dövrdə Azərbaycan xalqının bir çox görkəmli ziyalıları Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və s. kimi şəxsiyyətləri öz fikirlərini sözügedən mətbu orqanlar vasitəsiylə xalqa çatdırır, milli şüurun oyanmasında əvəzsiz xidmətlər göstərirdilər. Belə bir sual yarana bilər: "Azərbaycan milli mətbuatı SSRİ dövründə necə fəaliyyət göstərib". Aydın məsələdir ki, Azərbaycan öz müstəqilliyini itirdikdən sonra milli mətbuatın inkişafından danışmaq bəlkə də artıq olardı. Ancaq bu faktdır ki, SSRİ dövründə də bizim milli mətbuatımız yaşadı və qismən də olsa bəzi sahələrdə inkişaf da etdi. Belə ki, sovet jurnalistikasında Azərbaycan dili, ədəbi dilimiz jurnalistikamızda qaldı və günbəgün inkişaf etdi. Baxmayaraq ki, müstəqil ölkə deyildik amma bizim öz dilimiz, ədəbi dilimiz jurnalistikamızda yaşayır və inkişaf edirdi. Həmin dövrdə xüsusən təhsil, səhiyyə və mədəniyyətimizin inkişafında sovet Azərbaycan jurnalistikasının rolu az deyildir. Bununla yanaşı sovet jurnalistikasında da tənqidi qəzet və jurnallar çap edilirdi ki, bu da ümumiyyətlə inkişafa xidmət edirdi. Buna misal olaraq "Kirpi" jurnalını göstərmək olar. Bu jurnal da öz dövrü üçün əvəzsiz xidmətlər göstərib. Belə ki, həmin dövrdə bir sıra neqativ halların qarşısının alınmasında "Kirpi" jurnalı böyük rol oynayırdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də yeni bir dövr başlandı. Əvvəla Azərbaycan öz milli əlifbasını yenidən bərpa etdi, kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına keçdik. Hər bir ilkə imza atanda bir sıra çətinliklər meydana gəldiyi kimi, burada da xeyli problemlər ortaya çıxdı. Orta və yaşlı nəsil yeni əlifbanı oxuya bilmədiyi üçün çap mətbu orqanları da digər sahələrdə olduğu kimi birdən deyil, tədricən kiril qrafikasından imtina etməli oldu. Daha sonra Azərbaycanın zorla sürükləndiyi Dağlıq Qarabağ müharibəsi, Azərbaycan Dövlətinin ovaxtkı səriştəsiz rəhbərliyinin ölkədə xaos yaratması mətbuatımızı da xeyli çətin vəziyyətə gətirib çıxardı. Belə ki, əvvəlcə mətbu orqanların Azərbaycan nəşriyyatına olan borcları xeyl çoxaldı, daha sonra kağız qıtlığı da yarandı. Həmin dövrdə xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev bir çox problemlərə, o cümlədən mətbuatın qarşılaşdığı problemlərə son qoydu. Ulu Öndər hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zaman mətbuata, jurnalistikamıza xüsusi diqqət yetirdiyi kimi, müasir jurnalistikamıza da xeyli kömək etdi, onun yaşamasına və inkişaf etməsinə böyük töhfələr verdi. Belə ki, Ümummilli Liderimiz ilk öncə qəzetlərin nəşriyyata olan borclarının dövlət tərəfindən qarşılandığını bəyan edərək, onları sildi. Bu da bağlanmaq təhlükəsi ilə üzləşən qəzetlər üçün yeni imkan, şərait yaratdı. Bir müddət sonra Milli mətbuatımızın tam sərbəst olması, söz azadlığının tam bərpası üçün "Senzuranı" ləğv edən ulu öndər, bununla bir daha sübut etdi ki, Milli mətbuatımızın inkişaf etməsi üçün əlindən gələni etməyə hazırdır. Ulu Öndər Heydər Əliyev Dövlət başçısı, Prezident kimi də həmişə mətbuata açıq olduğunu, tez-tez jurnalistlərlə görüşməsiylə bir daha sübut edirdi. Jurnalistlərlə görüş zamanı bəzən Ümummilli Liderimiz yazılan məqalələrə reaksiya verməsiylə bir daha sübut edirdi ki, vaxt məhdudiyyəti olmasına baxmayaraq, o qəzet də oxuyurdu.
Bu gün də Milli Mətbuatımıza diqqət və qayğı yüksək səviyyədədir. Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən daha müasir formada və uğurla davam etdirilir. Bu gün də dövlət başçısı Milli Mətbuatımızın inkişafı naminə müxtəlif güzəştlər edir. Qəzetlərin çoxu demək olar ki, dövlətin dəstəyi hesabına öz işini yüksək səviyyədə qurur. Dövlət başçısı Milli Mətbuatımızın inkişaf etməsi üçün "Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu" yaratdı ki, bu da qəzet və digər mətbu orqanlarımıza mütəmadi maddi yardımlar göstərir.
Dövlət başçımızın tapşırığı ilə jurnalistlərin həyat və sosial vəziyyətinin yaxşılaşdırılması üçün onların bir neçəsini mənzillə təmin etdilər. Yüzdən çox jurnalist öz mənzil şəraitini daha da yaxşılaşdırdı. Bu gün də jurnalistlər üçün Bakının Səbail rayonu ərazisində mənzillər tikilir, çox güman ki, növbəti ildə onlar da öz sahiblərinə veriləcəkdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Cənab Prezident İlham Əliyevin atdığı bu xeyirxah addımın dünyanın heç bir yerində analoqu yoxdur. Məhz Azərbaycanda jurnalistlərə dövlət və xüsusən də, Prezident tərəfindən bu qədər qayğı var.
Əlmaniz Ələkbərli