Azərbaycan mətbuatının yaranmasının 140 illik yubileyi münasibəti ilə müxtəlif səpkidə silsilə tədbirlər keçirilir. Dünən silsilə tədbirlərin davamı olaraq, Binəqədi rayon icra hakimiyyətinin və Binəqədinin "Dostları Mətbuat Klubu"nun təşkilatçılığı, "cafeMedia"nın təşkilati dəstəyi ilə jurnalist Gülşanə Mustafayevanın ideya müəllifi olduğu "Mənim mətbuat katibim" layihəsi keçirildi. Layihənin məqsədi, daim jurnalistlərlə qarşılıqlı əməkdaşlıq edən nazirliklərin, digər dövlət qurumlarının mətbuat katiblərinin peşə bayramını təbrik etmək olub. Tədbirdə Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, nazirlik və digər dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər iştirak edib.
Tədbir Milli Mətbuatımızın 140 illik yubileyinə həsr olunmuş videoçarxın nümayişi ilə başladı. Daha sonra layihənin ideya müəllifi Gülşanə Mustafayeva jurnalistləri xüsusi hazırlanmış seçki qutusunun ətrafına dəvət edərək ən fəal mətbuat katibinə səs vermələrini xahiş etdi. Səsvermənin nəticələrinə əsasən, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova 1-ci yerə layiq görüldü. I, II və III yerlərin sahibləri və digər mətbuat katibləri Diplom və Fəxri Fərmanlarla təltif edildi. Eyni zamanda, mətbuat katibləri və jurnalistlərə peşə bayramları münasibətilə hədiyyələr verildi.
Daha sonra çıxış edən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirin qonaqlarını salamladı və onları peşə bayramı münasibətilə təbrik etdi. Milli mətbuatımızın keçdiyi uzun və çətin yoldan danışan natiq dövlətimizin hər bir sahəyə olduğu kimi, mətbuata da diqqət və qayğısından söz açaraq, son illərdə bu sahənin inkişafını diqqətə çatdırdı.
Tədbir bədii hissə ilə davam etdi. Sonda, xatirə şəkilləri çəkildi.
Zümrüd BAYRAMOVA