PDF Oxu

Sosial

  • 8

YAP Tərtər rayon təşkilatı ötən 22 ildə uğurlu yol keçib

YAP Tərtər rayon təşkilatı ötən 22 ildə uğurlu yol keçib
Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yaranmasının 22-ci ildönümü qeyd edilib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində ucaldılan büstünün önünə gül-çiçək dəstəsi düzərək xatirəsini andılar. Eyni zamanda, Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı foto stendlərə baxdılar.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov partiya üzvlərini ildönüm münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı: "YAP ideyasının respublikanın çox gərgin bir dövrdə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılmış tarixi bir partiyadır. Müstəqillik əldə etdikdən sonra 1990-cı illərin əvvələrində Azərbaycan çoxsaylı problemlərlə üzləşmişdir. Bu da o vaxtkı rəhbərliyin yarıtmaz fəaliyyətinin bilavasitə nəticəsi idi. Azərbaycanı belə dəhşətli vəziyyətdən Ulu Öndər Heydər Əliyev dühası xilas etdi. Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Xalq əmin oldu ki, Azərbaycanı nicat yoluna çıxaracaq, möhtəşəm siyasi qüvvə artıq mövcuddur. YAP Tərtər rayon təşkilatının ilk təsis konfransının 1993-cü il iyulun 25-də keçirildiyini qeyd edən R.Şabanov bu gün partiyanın sırasının getdikcə sıxlaşdığını vurğulayıb: "Təsis konfransından keçən müddət ərzində, rayon təşkilatının üzvlərinin sayı getdikcə artdı. Bu gün 84 ilk partiya özəyini təmsil edən 5673 nəfərdən çox partiya üzvü var. Bunun 2971 nəfərini qadınlar, 1449 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 151 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 69 nəfəri və ya 46 faizi gənclər, 91 nəfəri isə qadınlardır".

Ramiz Şabanov tədbir iştirakçılarını və onların şəxsində rayon təşkilatının sıralarında olan bütün siyasi həmfikirləri rayon təşkilatının yaradılmasının 22-ci ildönümü münasibətilə bir daha təbrik edib, onları qarşıdan gələn parlament seçkilərində fəal olmağa çağırıb.

Tədbirdə rayon statistika idarəsi ərazi ilk partiya təşkilatının sədri, idarənin rəisi Ədalət Məmmədov, rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Adil Hüseynov, rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, şəhər 5 saylı tam orta məktəbin direktoru Arzu Həsənova, rayon mərkəzi xəstəxanası ərazi ilk partiya təşkilatının sədr müavini həkim Pərvanə Xuduyeva, rayon təhsil şöbəsinin müdir müavini Surxay Mirzəyev, Qapanlı ərazi ilk partiya təşkilatının sədri, kənd bələdiyyəsinin sədri Rizvan Əzimov və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin qurucusu olduğu partiyanın daim uğurlar qazandığını vurğulayıblar. Bildiriblər ki, YAP Cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün bölgəmizin ən qüdrətli siyasi qüvvəsidir: "Partiyamızın qüdrəti güclü ideologiyaya və güclü liderə malik olmasındadır".

Görüşün sonunda YAP sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim olunub.

Ü.ƏSGƏROV