PDF Oxu

Sosial

  • 8

Azərbaycan tolerant və təhlükəsiz ölkədir

Azərbaycan tolerant və təhlükəsiz ölkədir

Dünya mətbuatı Şərqlə Qərbin, qədimliklə müasirliyin unikal vəhdəti olan Odlar Yurdunda keçirilən "Bakı-2015" birinci Avropa Oyunlarından yazır

Öz siyasi, iqtisadi və mədəni əhəmiyyətinə görə diqqəti cəlb edən "Bakı-2015" birinci Avropa Oyunları arxada qaldı. Amma dünya idman tarixinə silinməz zamanı həkk etdi. Oyunlardan iki aya yaxın vaxt bizi ayırsa da, hələ də bayram sevinci, qələbə soraqları, Bakının möhtəşəm oyunları keçirməsi və bu kimi məqamlar yaddaşlarda sanki bu gün kimi təzədir. İyun ayının 12-dən 28-dək keçirilən ilk Avropa Oyunlarında Azərbaycan böyük potensialını nümayiş etdirdi və dünyanın nəzəri Odlar Yurdunda cəmləndi. İlk olaraq Azərbaycan beynəlxalq miqyasda nüfuzunu bir daha təqdim edə bildi. 6 mindən çox atletin iştirak etdiyi oyunlarda Avropa Oyunlarının gələcək səviyyəsi və standartı müəyyən oldundu. Birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda sona yetdi. Azərbaycandakı qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası hər kəsdə müsbət ovqat yaratdı.

Avropa Oyunları ölkəmizlə daha geniş bir şəkildə tanışlıq oldu. Paytaxtımıza gələn qonaqlar "Odlar Yurdu"nun zəngin mədəni həyatı ilə tanış olub, görməli yerlərini gəzərək istirahət etdilər. Qədimliyi və müasirliyi özündə əks etdirən Bakı qonaqlarını heyran etdi. Ölkəmizin tolerant və təhlükəsiz dövlət olması, Bakının tarixi və mədəniyyət abidələri ilə zənginliyi, Odlar Yurdunu əcnəbilər üçün cəlbedici məkanlardan birinə çevirdi. Qədim simasını qoruyub saxlayan Bakı yeni rəmzləri ilə də diqqəti özünə çəkdi. Azərbaycanın inkişaf dinamikasını nümayiş etdirən yeni tikililər, milli və xarici mətbəxi ilə seçilən restoranlar bu gün Bakını Avropanın ən maraqlı şəhərlərdən birinə çevirib desək, fikrimizdə yanılmarıq. Fərqli arxitekturaya malik Bakının Alov Qüllələrinə, Xalça Muzeyinə, İçərişəhərinə, Qız Qalasına kim laqeyd qala bilər?!

Bütün bunlarla yanaşı, oyunlarda Azərbaycanın ikinci yerdə qərarlaşması ölkəmizdə idman hərəkatının olduğunun bir göstəricisidir. Bu və ya digər amillər yaddaşlarda Avropa Oyunlarını silinməz edib. Bu günlərdə Yaponiyanın nüfuzlu KİV-lərinin "Bakı-2015" ilk Avropa Oyunları haqqında məqalələr dərc etdirməsi də elə amillərdən qaynaqlanır. Yaponiyanın nüfuzlu "The Japan Times" və "Nikkey" qəzetlərindəki məqalələrdə əsl idman bayramına çevrilən "Bakı-2015"in tarixdə ilk Avropa Oyunları olduğu diqqətə çatdırılıb. Oyunların əsrarəngiz açılış mərasimi, səhnə ifaları, dəvət olunan yerli və xarici qonaqlar barədə məlumatların yer aldığı məqalələrdə, bütün dünyanın sehrli bir şouya şahid olduğu qeyd edilib. Açılış mərasimində Azərbaycan ənənələrindən, mədəniyyətindən, müasirliyindən soraq verildi. Açılış mərasimində Azərbaycan tarixinə nəzər saldıqca, təqdim olunan hər bir məqamın dərin fəlsəfiliyi insanı qürurlandırırdı. Ani olaraq səhnədə olan hadisələrin bir-birini əvəzləməsi sanki göz qırpımında baş verirdi. Rəngdən-rəngə düşən səhnənin hər bir guşəsində Azərbaycan çalarları sərgilənirdi. Bu və ya digər amillər bir dövlət olaraq Azərbaycan müstəqilliyini dünyaya bəyan edir. Təbii ki, bütün bu görüntülər hər bir qələm sahibini Bakımız haqqında yazmağa sövq edir.Məqalə müəllifləri Oyunların bağlanış mərasiminin də öz möhtəşəmliyi ilə açılışdan geri qalmadığından səmimiyyətlə yazıblar.

Ümumilikdə, birinci Avropa Oyunlarında yüksək səviyyəli təşkilatçılıq, çox sayda könüllünün uğurlu fəaliyyəti Azərbaycan xalqınının qonaqpərvərliyini, qədim adət-ənənələrini dünyaya çatdırıb. Böyük zəhmətin qarşılığında layiqli nəticə əldə edildiyi qənaətində olan məqalə müəllifləri Azərbaycanın birinci xanımı, İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xidmətlərini xüsusilə qeyd ediblər. Məqalələrdə Azərbaycanın yaxın gələcəkdə ev sahibliyi edəcəyi beynəlxalq idman tədbirləri barədə də məlumatlar öz əksini tapıb. Qeyd olunub ki, İslam Həmrəyliyi Oyunları, Beynəlxalq Şahmat Olimpiadası, "Formula 1" və "UEFA Avro-2020" yarışları Azərbaycanın və onun xoşniyyətli vətəndaşlarının dünyəvi dəyərlərə bağlılığının, tolerantlıq, multikulturalizm prinsiplərinə hörmətinin təzahürü olacaq.

Bakıya gələn qonaqlar Şərqlə Qərbin, qədimliklə müasirliyin unikal vəhdətinin bir daha şahidi olacaqlar.

NƏZAKƏT

Digər xəbərlər