Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Müasir dövrümüzdə Azərbaycan müstəqil ölkə kimi böyük nailiyyətlər əldə edib. Ölkə daxilində mövcud olan sabitlik, ictimai-siyasi asayiş, əmin-amanlıq, ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində görülən işlər Azərbaycanın əldə etdiyi uğurlardır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət sərhədlərinin qorunması əsas məsələ olaraq diqqətdə idi. Müstəqilliyimizin qorunmasında dövlət sərhədlərinin toxunulmazlığı əsas məsələ olaraq qarşıda dururdu. Azərbaycanın sərhəd mühafizəsi xidmətinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan Dahi Öndər Heydər Əliyevin müdrikliyi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədinin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin sonundan etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.
Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi prosesləri uğurla davam etdirildi. İqtisadi çətinliklərə baxmayaraq, Sərhəd Qoşunlarının nəqliyyat vasitələri, eləcə də rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı yaxşılaşdırıldı. Sərhəddə mühəndis-texniki qurğuların bərpası, qaçaqmalçılıqla mübarizə, şəxsi heyətin döyüş və siyasi hazırlığının yüksəldilməsi ilə yanaşı, şimal və şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Azərbaycan-Rusiya sərhədində Şəki Əlahiddə Sərhəd Komendantlığı (11 iyul 1995-ci il), Azərbaycan-Gürcüstan sərhədində isə Zaqatala (3 mart 1993-cü il), Şəmkir (15 avqust 1994-cü il) Sərhəd Dəstələri yaradıldı. Qısa tarixi vaxt ərzində Sərhəd Qoşunları nəinki formalaşma prosesini başa çatdırdı, həm də təkmilləşərək respublikanın sayılıb-seçilən hərbi qurumlarından birinə çevrildi.
Lakin bu proseslər də asanlıqla getmirdi. Sərhəd Qoşunlarının yaradılması prosesində qarşıya çıxan əsas problemlərdən biri ixtisaslı kadrların çatışmaması idi. Keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmət edən azərbaycanlı zabitlərin başqa millətlərlə müqayisədə azlıq təşkil etməsi yeni yaradılmış Sərhəd Qoşunlarının sərhədçi zabitlərlə komplektləşdirilməsində çox böyük problemə çevrilmişdi. Bu işdə Dahi Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi internat məktəbinin yetirmələri köməyə çatdı. Bunlarla bərabər, SSRİ Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, hamısı könüllü olaraq Azərbaycan Sərhəd Qoşunlarında xidmətə daxil oldular. Lakin bunlar qoşunların tələbatını tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə də digər hərbi mükəlləfiyyətli vətəndaşlar könüllü olaraq xidmət etmək üçün Sərhəd Qoşunlarına həqiqi hərbi xidmətə qəbul edildilər.
AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİN FƏALİYYƏTİNİN KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏSİ
Sərhədçi zabitlər Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin sərhəd fakültəsində hazırlanmağa başlanıldı. 1994-cü ildən başlayaraq Sərhəd Qoşunları həmin məktəbin məzunları ilə komplektləşdirildi. Məktəbin tədris prosesində Sərhəd Qoşunlarının spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması, son nəticədə dövlət sərhədinin etibarlı mühafizə edilməsi işinə mənfi təsir göstərirdi. Məhz bunları nəzərə alaraq, 1998-ci ilin dekabr ayının 1-də Ulu Öndər Heydər Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Fərman verdi.
Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədi ilə Sərhəd Qoşunlarının tərkibində 1994-cü ilin avqust ayının 12-də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.
2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.
2002-ci ilin oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Fərmanı ilə 2004-cü ilin yanvar ayının 14-də Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası yaradıldı. 2005-ci ilin fevral ayının 18-də Cənab İlham Əliyevin Fərmanı ilə sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin mühafizəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaratdı. DSX-nin Xəzər dənizində müşahidə, axtarış və xilasetmə imkanları xeyli inkişaf etdirildi, sərhəd gözətçi gəmiləri müasir naviqasiya və aşkaretmə avadanlıqları ilə təchiz edildi, dəniz səthi üzərində nəzarətin təşkili üçün zəruri istiqamətlərdə radiolokasiya stansiyaları quraşdırıldı.
2005-ci ilin dekabr ayının 27-də "Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı" təsdiq edildi.
2007-ci ilin iyun ayının 12-də Cənab Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci ilin sentyabr ayının 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. 2008-ci il noyabr ayının 27-də akademiyanın yeni səhra təlim mərkəzi istifadəyə verildi. Mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd-buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin "Yuxarı Zeyxur" sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, o cümlədən Bakı şəhəri Xətai rayonu ərazisində DSX Akademiyası kompleksinin, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində sərhəd dəstəsi qarnizonunun, hərbi hissələrdə cəmi 158 binadan ibarət xidməti və yaşayış obyektlərinin əsaslı tikintisi başa çatdırılmışdır.
Müasir dövrümüzdə relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq Azərbaycanın sərhədləri ciddi nəzarət altındadır və sayıqlıqla qorunur. Dağlıq ərazilərdə sərhədlərin mühafizəsinin ən yüksək səviyyədə təmin edilməsi xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə 2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair xüsusi plan hazırlanıb.
RELYEFİNDƏN, İQLİMİNDƏN, ŞƏRAİTİNDƏN ASILI OLMAYARAQ AZƏRBAYCANIN SƏRHƏDLƏRİ CİDDİ NƏZARƏT ALTINDADIR VƏ SAYIQLIQLA QORUNUR
Bu gün Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur. Sahil Mühafizəsinin yeni bazası Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunmasına, fasiləsiz müşahidə və nəzarət imkanlarının artırılmasına geniş imkanlar yaradıb. Dəniz sərhədlərinin müasir mühafizə sisteminin yaradılması məqsədilə sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsi yaradılıb.
Azərbaycan sərhədləri demək olar ki, dost ölkələrdir. Təkcə Ermənistanla Azərbaycan arasında müharibə var. Ermənistan Respublikası öz hərbi təcavüzü ilə Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərini pozub. Sərhədçilərimizin göstərdiyi qəhrəmanlıq və cəsurluq nəticəsində sərhədlərimiz qorunur. Əldə silah gecə-gündüz sərhəddə keşik çəkən sərhədçilərimiz fədakarlıq göstərirlər. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün şərəflə, ləyaqətlə xidmət edir.
Azərbaycan qonşu dövlətlərlə Gürcüstan, İran, Rusiya ilə sülh şəraitində, qarşılıqlı anlaşma şəraitində yaşayır. Azərbaycan bütün dövlətləri əməkdaşlığa hazırdır, ölkəmizə səfər etməyə heç kəsə qadağa qoyulmur.
Göründüyü kimi, müasir müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni hərbi hissələrin yaradılması, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu şərəfli və məsuliyyətli işdə çalışan şəxslərin əməyi dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilir. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuların sosial-məişət problemləri dövlət başçısının diqqət mərkəzindədir. Dövlət Sərhəd Xidmətinin yaranmasının 96-ci ildönümündə Prezident Cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar verdiyi tapşırıqlara əsasən Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilən şəhərciyin açılışı olub. Bununla yanaşı, Dövlət Sərhəd Xidməti əməkdaşları peşə bayramı günü münasibətilə xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlər nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 17 avqust tarixli Sərəncamı ilə fəxri ad, orden və medallar, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Hərbi xidmətlərə görə" medalı və s. ilə təltif olunublar. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına Azərbaycan Prezidentin Sərəncamı ilə ali hərbi rütbələr də verilib.
Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.
Nəzakət ƏLƏDDİNQIZI