PDF Oxu

Sosial

  • 9

Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biridir

Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biridir
"Engineering News Record" jurnalı Bakı Olimpiya Stadionunu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan edib

Son illərdə Azərbaycan dünyada ən sürətli templə inkişaf edən ölkəyə çevrilib. Ölkəmizin hər bir məkanında müasir infrastruktur layihələri həyata keçirilir. Bu inkişaf dünyanın ən gözəl şəhərlərinin siyahısına daxil edilən paytaxtımızda da özünü büruzə verir. Müasir tikililərin - dünya standartlarına cavab verən beşulduzlu otellərin, idman qurğularının, mədəniyyət ocaqlarının və s. inşa olunması onun simasına yeni rənglər əlavə edib. Bu gün şəhərimizin mərkəzindəki Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi və başqa müasir tikililər öz forması, müxtəlifliyi baxımından Bakıya yeni mənzərə əlavə edib. Bütün bu və ya digər tikililərlə yanaşı, inşa olunan idman komplekslərini də qeyd etməliyik. Son dövrdə Bakıda Su İdmanı Növləri Sarayının, Atıcılıq Mərkəzinin, Milli Gimnastika Arenası və digər mükəmməl infrastruktur obyektlərinin inşası Bakının yeni tikililəri sırasında diqqəti cəlb edir.

Ölkədə idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Bakı Olimpiya Stadionunun da inşa olunmasının Bakının möhtəşəm tikililəri sırasında yeri var. Məlumdur ki, 2011-ci ilin iyununda təməli qoyulan Bakı Olimpiya Stadionu cari ildə istifadəyə verildi. Yüksək keyfiyyətlə inşa olunan Bakı Olimpiya Stadionu ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınıb. Təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. Paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçilən, 68 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun bu tipli idman qurğuları sırasında özünəməxsus yeri var. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa edilib. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilib. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VİP, CIP və media bölmələri inşa olunub. Burada qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. "Bakı-2015" birinci Avropa Oyunlarının iştirakçısı olan və Bakıya gələn qonaqlar bu möhtəşəmliyi gördü və hər kəsə bir daha aydın oldu ki, Azərbaycan idman ölkəsidir, dünya arenasında yeri, rolu var və inkişafda olan dövlətdir. Xatırladaq ki, Bakı Olimpiya Stadionu SOCAR-ın baş podratçılığı ilə inşa edilib. "Bakı-2015" ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin yüngül atletika yarışları bu stadionda keçirilib.

Həqiqətən də orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biridir. İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik "Engineering News Record" jurnalı (ENR) dünya miqyasında ilin ən yaxşı layihələrinin siyahısını açıqlayarkən "Bakı-2015" ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilən Bakı Olimpiya Stadionunun idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan etməsi əbəs deyildi. Qeyd edək ki, ENR jurnalı dünyanın ən yaxşı inşaat və dizayn layihələri müsabiqəsini artıq üçüncü dəfədir keçirir. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirir, eyni zamanda layihəni həyata keçirən şirkətlərin də çətinliklərin öhdəsindən necə gəldiyi nəzərə alınır. Builki müsabiqədə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil və turizm obyektləri, sənaye əhəmiyyətli tikililər də yer alıb.

Qalib gəlmiş layihələr və münsiflər haqqında geniş məlumat "Engineering News Record" jurnalının sentyabrın 7-də buraxılacaq sayında dərc olunacaq. Sentyabrın 10-da isə Nyu Yorkun "Grand Hyatt" otelində keçiriləcək təntənəli mərasimdə isə qalib layihələr arasından "ENR ilin ən yaxşı ümumdünya layihəsi" seçiləcək. Ekspertlərin qənaətinə görə, Bakı Olimpiya Stadionu layihəsinin bu nüfuzlu mükafatı alma ehtimalı böyükdür.

Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən Bakı Olimpiya Stadionu şəhərimizdə aparılan quruculuq işlərinə bir töhfədir. Bu stadionda yaradılan şərait dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına töhfəsini verən Azərbaycanın gücünü, iqtisadi yüksəlişini göstərir.

Nəzakət ƏLƏDDİNQIZI