Günahsız insanların polislər tərəfindən qətlə yetirilməsi, KİV nümayəndələrinin zorakılığa məruz qalması bu gün Qərbdə və ABŞ-da ardıcıl xarakter daşıyan adi hadisələrdəndir. Ötən gün ABŞ-ın .....ştatında canlı efir zamanı iki jurnalistin qətlə yetirilməsi qeyd olunan fikirləri bir daha təsdiq edir. Bütün bunların fonunda ABŞ başqa ölkələrdə baş verən xırda məsələləri qlobal problem kimi qabardır, ittiham xarakterli bəyanatlar səsləndirir. "Səs"ə açıqlamalarında qəzet baş redaktorları ABŞ-ın ciddi daxili problemlərlə zəngin olduğunu qeyd edib, hansısa bir ölkəni bu kimi məsələlərə görə ittiham etməsinin absurd olduğunu qeyd etdilər.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu:
-İctimaiyyətin gözü qarşısında canlı yayımda jurnalistin güllələnməsi faktı özü-özlüyündə böyük bir cinayətdir.Belə hallar baş verməməldir. Ümumiyyətlə, motiv nə olursa-olsun, jurnalist ölümü baş veribsə, bu və ya digər dərəcədə həmin dövlətin müvafiq güc strukturları, təhlükəsizlik strukturlarının özləri də günahkardır. Əgər bənzər hadisə digər bir dövlətdə yaşansaydı, o zaman "söz və mətbuat azadlığının qoruyucusu" olan regional və beynəlxalq təşkilatların çoxsaylı bəyanatlarını eşidəcəydik. Bununla yanaşı, həmin beynəlxalq təşkilatlar hadisənin özünü siyasi manipulyasiyaya, siyasi istismar vasitəsinə çevirəcəkdilər. Baş verən hadisə bir daha onu göstərdi ki, dünyaya demokratiya dərsi keçən, özünü xüsusi bir institut kimi dünyaya təqdim edən dövlətlərin özlərində demokratiya ilə bağlı ciddi problemlər var. Qərblilərin qiymətləndirmə kriteryaları fərqlidir. Bu yaxınlarda ölkəmizdə jurnalistlə bağlı yaşanan hadisə demək olar ki, ABŞ-da yaşanan hadisə prinsip etibarilə eynidir. Amma nəticədə gördük ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda mətbuat azadlığının qorunmadığına dair bəyanatlar verdi, bu gün isə ABŞ-a qarşı susqunluq nümayiş etdirirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlə bağlı məsələni şəxsi nəzarətinə götürdüyü halda, ölkəmizə qarşı təzyiqlərin ardı-arası kəsilmirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan kimi ölkələrə qərblilər etik davranmırlar, qeyri-obyektiv yanaşırlar, özlərini demokratiya müəllimi hesab edirlər.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:
-Hadisənin baş verməsi hansı motivdə olursa-olsun, istənilən halda bu, pislənməlidir. Çünki məlum hadisə yaşanan ölkədə azad mətbuat və söz azadlığının üzərində bir daxili qorxu senzurasının formalaşmasına gətirib çıxara bilər. Jurnalistlərlə bağlı bu artıq ABŞ-da ikinci faktdır. Bu da onu göstərir ki, özünü demokratiyanın beşiyi adlandıran ABŞ-da söz və mətbuat azadlığı ciddi şəkildə pozulur. Düşünürəm ki, hadisələrin arxasında nələrin dayandığını açmaq üçün həmin ölkənin rəhbərliyinin özü maraqlı olmalıdır. Əlbəttə, belə hadisələrin baş verməsi istər-istəməz ABŞ-ın digər ölkələrdə jurnalist haqlarının qorunmasına dair verdiyi bəyanatlara problem yaradacaq. Bu baxımdan hesab edirəm ki, ABŞ bundan sonra digər ölkələri ittiham edən bəyanatlardan çəkinəcək. Ən azı ona görə ki, canlı efir zamanı jurnalsitin qətlə yetirilməsinə görə hər kəsdə belə bir sual yaranacaq: jurnalistlərin hüquqları daha çox ABŞ-da qorunur, yoxsa ondan kənarda? Hər halda baş verən dəhşətli hadisəyə görə onu demək olar ki, jurnalistlərin hüquqları heç də ABŞ-da tam şəkildə qorunmur.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:
-Yaşanan hadisə ABŞ-da media azadlığının hansı səviyyədə olduğunu bir daha göstərdi. Bu, ABŞ demokratiyası üçün üz qarasıdır. Canlı yayımda jurnalistləri güllələnən ABŞ başqa ölkələrdə jurnalistlərin hüquqlarının pozulması ilə bağlı hesabatlarla, bəyanatlarla çıxış edir. Çox qəribə haldır ki, başqasına məsləhət görən dövlət görəsən özü niyə buna əməl etmir? Baş verən hadisə ABŞ demokratiyası üçün üz qarası oldu. Düşünürəm ki, məlum hadisə ciddi şəkildə pislənməlidir. Həm beynəlxalq təşkilatlar, həm də mətbuat sahəsində çalışan bütün qələm adamları etirazlarını bildirməlidirlər. ABŞ höküməti hadisənin araşdırılması ilə bağlı konkret adımlar atmalıdır. Əks təqdirdə bu, heç də xoşagəlməz hallara gətirib çıxara bilər. ABŞ-ın prezidentliyə namizədi Donald Trumpun seçki platforması ilə bağlı keçirdiyi mətbuat konfransında miqrant siyasəti barədə sual verən jurnalistin mətbuat konfransından qovmasına gəlincə onu demək istərdim ki, bu məsələ ABŞ-ın söz azadlığına, fikir plüralizminə dözümsüz yanaşmasının bariz nümunəsidir. Bu addımın prezidentliyə namizəd olan bir şəxs tərəfindən atılması o deməkdir ki, o, prezident olarsa, mediaya bu cür münasibət göstərəcək. Hesab edirəm ki, bütün bunlardan sonra ABŞ öz abrına qısılıb kənarda oturmalı, başqa ölkələrdə media azadlığı ilə bağlı hadisələrə susqunluqla yanaşamalıdır. Yəni birinci öz ölkəsində jurnalistlərə münasibəti qaydaya salmalı, sonra digər ölkələrə müdaxilə etməlidir.
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz:
-Demokratik dəyərlərdən dəm vuran, demokratiya carçılarının ölkələrində bu cür hadisələr tez-tez baş verir. Bizə demokratiyadan dərs keçməyə çalışanlar bu haqda heç bir fikir bildirmədilər. Bu yaxınlarda ölkəmizdə jurnalist ölümü ilə bağlı məsələləri birbaşa ölkə Prezidenti İlham Əliyev nəzarətinə götürsə də, bəziləri bunu siyasiləşdirməyə çalışdılar. İndi desinlər görək kim öz vətəndaşına, jurnalistinə daha çox hörmətlə yanaşır. "ABŞ, yoxsa Azərbaycan?" Özünü demokratiyanın beşiyi hesab edən ABŞ-da baş verən hadisələri heç kim analiz etmək istəmir. Bu, onların yaratdığı hökumətin təsirindən irəli gələn məsələdir. Əslində, ABŞ prezidenti Barak Obama və oradakı QHT-lər sözügedən məsələyə münasibət bildirməli idilər. Çox təəssüf ki, bunu görmədik. Sanki belə bir hadisə baş verməyib. Burada bir daha ABŞ-ın ikiüzlülüyünü, "demokratiyasını" görmüş olduq. Sual yaranır ki, əgər ABŞ insan hüquqlarını belə qoruyursa, heyvanlara belə hörmətlə yanaşmağı başqalarına öyrədirsə, o zaman niyə öz vətəndaşına qarşı belə münasibət göstərir? Demək, ABŞ-ın əsl siması elə budur.
İntizarə Məmmədova