Yaxşı haldır ki, alim-pedaqoqlar yaradıcılıq kredolarına sadiqdirlər. Azər-baycanın XIX əsrdən təhsil sivilizasiyasına qoşulması, bölgələrimizdə yeni tipli rus-tatar (Azərbaycan) məktəblərinin yaradılması, gənc nəslin təhsilalma tələbatını ödəməsi bu gün üçün daha önəmli təsir bağışlayır; keçmişimizi unutmamaq; babalarımızın payına düşür ki, varislik prinsipi qorunsun.
XIX-XX əsrlərdə məktəb tarixinin tədqiqi müqtədir alimimiz, akademik Hüseyn Əhmədovun inadkar yaradıcılığının payına düşür, o isə müəllimi, mərhum professor Əhməd Seyidovun ənənələrinə sadiqliyini bir daha əyaniləşdirməkdədir. Bu yaradıcılıq prosesi davamlılığından öncə, ziyalılarımızın keçmişinə münasibətilə əlaqədardır. Bu günlərdə oxuculara təqdim olunan "Çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti: unifikasiya prosesi və tarixi-pedaqoji paradiqmanın formalaşması" (Bakı, 2015, 370 s.) monoqrafiyası məni az-çox təəssürata varmağa sövq etdi. Müəllifi maraqlı tədqiqat manerasına malik, isti qələm sahibi, dosent Həsən Bayramovdur (O, həm də Həsən Bayramoğlu imzasıyla tanınır-A.E). O, Ə.Seyidov və H.Əhmədov tematikasına sadiq alim həmkarımızdır. Bu mövzuda gərgin araşdırmalar aparır, əsərlər yazır, pedaqogika elminin aktual problemlərini qabardır. Xoş, obyektiv fikir söyləmək pedaqoq-tənqidçinin mənəvi borcudur... Necə ki, Həsən Bayramov fundamental əsərini ortaya qoymaqda tələsməmişdir; təyinatlı alimlərdən, professor H.Əhmədov (elmi məsləhətçi), professor F.Rüstəmov (elmi redaktor), professor İ.İsayev, Ə.Paşayev və R.Hüseynzadənin fikir və rəylərindən bəhrələnmiş, yəqin ki, bəzi qeydləri nəzərə aldıqdan sonra əsərinin nəşrinə rəvac vermişdir. Bunun özü alimin elmi etikasına dəlalət edən amildir.
Oxuculara "bələdçilik" baxımından deyərdim ki, əsər altı fəsil və nəticədən ibarət olmaqla, uzun, geniş və dərin bir təhsil epoxasını əhatə edir. Məhz zaman və coğrafi kontekstdə götürəndə çarizmin imperiya siyasətinin fəlsəfəsindən irəli gələn milli ucqarlarda, xüsusilə Azərbaycanda tətbiqini tapan təhsilin genezisi: sosial, iqtisadi, demokratik dəyişikliklərdən təbii meydana çıxan siyasi-tarixi və ictimai-maarifçi paradiqması axarında tədqiqatsçının mürəkkəb proseslərə yanaşması qeyd olunmalıdır və bu "açar" Quzey Azərbaycanda çarizmin müstəmləkəçilik ovqatının daha da aqressivləşməsinin mübhəm problemlərini ortaya qoydu. Həsən Bayramovu şəxsən uzun illər tanıdığımdan, tarixi (təhsil sferasında) mövzularda seçim etdiyindən, müasirlərin mövcud irsinə bələdliyindən ortaya gərəkli, daxili hisslərindən doğan əsərləri qələmə almasını ummuşam.
XIX yüzilliyin birinci yarısında dövlət təhsil sisteminin ilk prioritetlərinin ünvanı Şimali Azərbaycanın məkanı idi; bu siyasət düşünülmüşdü və Həsən Bayramov təkzibedilməz faktlara söykənməklə aşağıdakı kimi təsnifatını vermişdir - bunu "triada" da adlandıra bilərik: Şimali Azərbaycanda Rusiya müstəmləkəçi - rejiminin qurulması zəminində yeni tipli tarixi-maarifçi prosesin təşəkkülü. Yeni dünyəvi məktəblərin bir sistem olaraq yaradılması: oxşarlar, paralellər labirinti. 1876-cı il Əsasnaməsinin Qafqaz təhsil dairəsi haqqında yeni hədəflərə hesablanmış bir sənəd olması.
Müəllif gərgin arxiv axtarışlarına söykənərək məsələnin mahiyyətinin sosial-siyasi-milli artributlarını təhlil edir, çarizm siyasətinin ardıcıllığını sübuta yetirir, avantürist təşəbbüsləri "qanun layihəsi" nümunəsində açıqlayır, nəticədə sənəd iflasa uğrayır. Başqa səbəblər də yox deyildi. Tarixi inkişafı ləngitmək olar, lakin məhvə aparmaq mümkünsüzdür. Həsən Bayramovun vurğuladığı kimi: "Çox tezliklə Qafqazda, o cümlədən Cənubi Qafqazda sistemli islahatların keçirilməsinə başlanıldı. Bu, həyatın inadkar tələbi idi".
Tədqiqatdan görünür ki, Qafqaz xalqları içərisindən məmur kadr hazırlığı sürətlə start götürdü və milli inzibatçılıq yaradıcı ziyalısını hazırladı. Xatırladaq ki, çarın təhsil siyasətinin administrasiyası yerli dillərin öyrədilməsini unutmadı; bu isə əhalinin ruslara qarşı rəğbət hissini oyatması kimi də qiymətləndirilə bilər. Məsələn, Tiflisdə açılan "Əli və Ömər" məktəblərinə A.V.Xanıqov qəyyumluq edirdi. O, müsəlman məktəblərindən rus məktəblərinə keçmənin qadağan olunmasını xahiş etdisə də, buna nail olmadı. Ümumiyyətlə, müsəlman məktəblərin rolu az deyildi və bu təhsil şəbəkəsinin genişlənməsinə ehtiyac vardı. Lakin xalqın yeganə təhsil sistemi əsasən əvvəlki kimi məktəblərdən, mədrəsələrdən ibarətdi. Bu məsələni də vurğulayaq ki, XIX əsrin birinci yarısında çarın Cənubi Qafqazda, Şimali Azərbaycanda həyata keçirdiyi təhsil siyasəti sabit məcrada qalmadı. Səbəb isə Şərqlə Qərbin tərbiyə və təhsilə fərqli münasibətləriydi; birinci mənəviyyat, ikinci intellektuallıq idi və sonralar insanların davranış mədəniyyətinin formalaşmasının fəlsəfəsi Şərqə haqq qazandırdı.
Həsən Bayramov toxunulan problemin elmi-pedaqoji həllində geniş erudisiyaya malikliyini təsdiq elədi. O, dərinə gedərək Qafqaz regionunda Çar Rusiyasının təhsil siyasətində, eyni zamanda ayrı-ayrı məmur funksionerlərinin rolunu ümumi kontekstdən qələmə almışdı.
Monoqrafiyada peşəkar oxucu təhsil sistemində unifikasiya proseslərinin bəzi mühüm problemlərinin təhlililə qarşılaşır, ilk növbədə, müəllif axtarışlarının mahiyyətindəki elementləri, yanaşmaları, müqayisələri görür. Belə ki, idarəetmənin ümumimperiya modelinə keçid, çoxşaxəli inkişaf, müəllim hazırlığı və Şimali Azərbaycandakı sosial-tarixi gedişatın maarifçi xüsusiyyətləri faktlara söykənərək təhlil olunur. Hər bir detalın "xırdalıqları" belə tədqiqatdan kənarda qalmır.
H.Bayramov qadın təhsili məsələsinə də münasibətini ifadə etmiş, əsaslı mənbələrə üz tutmuşdur. Qadın təhsili məsələsində haqlı olaraq professor Hüseyn Əhmədovun tədqiqatlarına hörmətlə yanaşmışdır.
H.Bayramov həmin (xatırlatdığımız) problemin ümumi mənzərəsini verməklə təhlilə cəlb etdiyi problemləri müxtəlif yönümlərdən: alagizmdən, apatalizmdən, müxtəlif dionisist baxışların və digər təmayüllərin qnoseoloji-estetik-əxlaqi rakurslarından araşdırmışdır. Tədqiqatçı səriştəsilə bunun şahidi oluruq. Bu, o dövrdür ki, Qafqazda mürəkkəb, nisbi və mütləq həqiqətə çağıran proseslər gedirdi, imperiyadaxili ictimai-pedaqoji hərəkat hətta Cənubi Qafqaza da təsirini göstərməkdə idi. Rusiya imperiyasının 1905-1917-ci illər arasında diqqəti Qafqaz müsəlmanlarına yönəlsə də, fikrimcə, gecikmişdi. Görkəmli ziyalılarımızdan Ə.Topçubaşov, Ə.Şıxlinski, S.Mehmandarov, H.Naxçıvanski timasallı şəxslərin haradasa rolu vardı. Yəni azəri türkləri son dərəcə istedadlıdır, təhsil funksionerləri mövcuddur. Belə ki, H.Zərdabi, F.Köçərli, N.Vəzirov, Əhmədbəy Ağayev, Ə.Hüseynzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov və başqalarını xatırlamaq yerinə düşür və Həsən Bayramov tədqiqatında ictimai-pedaqoji mühitin inkişafında onların xidmətinə səhifələr ayırmışdır.
XIX əsrin II yarısında Şimali Azərbaycan kapitalizmə qədəm qoymaqla imperializmə məxsus cəhətlərə biganə qalmadı, yeni yaranan milyonerlər təhsili unutmadılar. Xüsusilə, Bakı şəhəri həm fiziki-görümlü, həm də maarif-təhsil işilə nəzərə çarpırdı. Öncə "millət" anlamına baxışlar yaxşı mənada dəyişir, milli təhsildə özünü büruzə verirdi.
Milli maarifçiliyin çağdaş milli-pedaqoji elmin inkişafında əhəmiyyətini müəyyən mənada Həsən Bayramovun tədqiq etdiyi problemin bir növ şərti yekunu hesab edərdlik. Lakin bu, məsələni dominantlıqdan çıxarmır, Çar Rusiyası öz milli pedaqoqları simasında nailiyyətlər qazandılar, əsərlər, dərsliklər yazdılar. Bizim vətən pedaqoqları ilk addımlarında həmin maarifçilərdən faydalandılar, dərsliklərimizi ortaya qoydular. F.Köçərli, Mahmudbəyov qardaşları, A.Şaiq, R.B.Əfəndiyev, S.M.Qənizadə, S.Vəlibəyov...
H.Bayramov zəngin qaynaqlara istinadən pedaqogika tarixinin mütəxəssisi kimi, mövzuya öz üslubunda yanaşmış, təhrifə yol verməmiş, müasirlik zəminində tədqiqatını təqdim etmişdir və çıxardığı nəticələr (səh.335-350) tamamilə mətndən irəli gəlir, faktlara konkret aydanlaq gətirir.
Dosent Həsən Bayramovun "Çar Rusiyasının Azərbaycandaknı təhsil siyasəti: unifikasiya prosesi və tarixi-pedaqoji paradiqmanın formalaşması" monoqrafiyasına qiymət vermək elə də asan deyil; faktoqrafiyadan uzaqlaşmaq, təsvirçiliyə yol vermək, məntiqi mühakiməni proqnozlaşdırmaya qurban etmək və ilaxır nüanslar var ki, tədqiqata kölgə salır - əsərdə bunları görmürük. Müəllif pedaqoji fikir tariximizin mühüm bir dövrünün fantom mənzərəsini əyaniləşdirmişdir - bu sadalananlar tədqiqat işinin fəsləfəsini şərtləndirirsə asandır.
Monoqrafiya haqqında daha ətraflı yazmaq problemə çevrilməzdi, ona görə ki, müəllifin şəxsi keyfiyyətləri (bu psioxoloji cəhətdən alim üçün önəmlidir), tədqiqatçılıq intuisiyası, mövzuya nəzəri baxışları, özünəqədərki alimlərin təyinatlı araşdırmalarına obyektiv münasibəti, dil-üslub orijinallığı və dəqiqliyi və s. məsələlər fikrimin təsdiqidir; buraya onun elmi inadkarlığını da əlavə edərdim.
Həsən Bayramovun fundamental əsərinə o qiyməti də verərdim ki - mübaliğəsiz - mərhum professor Əhməd Seyidov və professor Hüseyn Əhmədovdan sonra üçüncü pedaqoq-alimdir ki, belə bir epoxal dövrün tam bir elmi mənzərəsini yaratmağa cəsarəti çatmışdır. Alman filosofu İ.Fixtienin sözünü xatırladım: "Qoy hamı məni tərk etsin, təki cəsarət məni artmasın".
Kitab ədəbiyyatşünaslar demişkən, son dövrün pedaqoji məhsulları sırasında, müəllifinsə yaradıcılığında zirvə sayıla bilər: Bu yanaşma-mövqeyimdə israrlıyam...
Allahverdi EMİNOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
yazıçı, ədəbiyyatşünas və publisist