Tibb ictimaiyyəti ölkə başçısı Cənab İlham Əliyevin səhiyyə qarşısında qoyduğu tapşırıqları və həyata keçirilən işləri böyük ruh yüksəkliyi ilə qəbul edir və qiymətləndirir
Ötən ay Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsinə dair tapşırıqlar verilmişdi. Belə ki, uzun illər ölkəmizdə satılan dərman pereparatları ilə bağlı bir çox arzuolunmaz vəziyyətlərin yaşanması vətəndaşların da narazılığına səbəb olurdu. Prezident həmin iclasda bildirmişdi ki, məsələ dərindən təhlil edilərkən ədalətsizliklər olduğu ortaya çıxıb: "Qiymətlər süni şəkildə qaldırılır. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır. İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib".
Prezident İlham Əliyev: "Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir"
Dövlət başçısı İlham Əliyev xüsusilə vurğulamışdı ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır: "Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində olacaq".
Səhiyyə Nazirliyi: "Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub"
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığının icrası məqsədilə Səhiyyə Nazirliyi artıq müvafiq addımlarını atmaqdadır. Belə ki, Səhiyyə nazirinin müavini Elsevər Ağayevin bioldirdiyinə görə, ölkə başcısının tapşırığının icrası məqsədilə Səhiyyə Nazirliyinin də təmsil olunduğu Azərbaycan Respublikası Tarif Şurası 30 iyul 2015-ci il tarixli "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" tarixi sosial qərar ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib. Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Qərar hər bir vətəndaş, hər bir ailə üçün olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq ölkədə dərman qiymətlərinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılıb və Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb. Elsevər Ağayevin sözlərinə görə, dərmanların qiymətinin təyin olunması məqsədi ilə Tarif Şurasının təsdiq etdiyi təlimata görə müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir: "Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub."
Qərar sentyabrın 15-dən qüvvəyə minir
Nazirlikdən o da bildirilir ki, yeni qiymətlər sentyabrın 15-dən qüvvəyə minəcək: "Yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcəkdir. Belə ki, hazırlıq işlərinin, o cümlədən əczacılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir. Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaqdır. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcəkdir. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczacılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq."
Məhz bu çərçivədə görülən işlərin ardıcıllığı olaraq, Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən bu preparatların alınmasına çəkilən xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artımına şərait yaradacaqdır. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcəkdir.
Xüsusilə, ilkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilmişdir. Cari ilin sonuna qədər isə Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaqdır.
Qeyd edək ki, bütün bunlarla yanaşı, qiymətlərə nəzarət də gücləndiriləcəkdir. Nazir müavini Elsevər Ağayevin bildirdiyinə görə, Səhiyyə Nazirliyində olduqca geniş məsələlər spektrini əhatə edən "Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı" təsdiq edilib və burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir: "Bundan əlavə mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarə olunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur.
Eyni zamanda, tədbirlər planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, "qaynar xətt" və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi və sair tədbirlər nəzərdə tutulmuşdur. Səhiyyə Nazirliyi bu və digər istiqamətlərdə zəruri tədbirlərin icrasını davam etdirəcəkdir. Səhiyyə Nazirliyinin qarşısında qoyulmuş hədəflərə çatmaq üçün bizim ixtisaslı kadrlarımız və müasir texniki potensialımız mövcuddur."
Bütün bunlar isə bir daha göstərir ki, tibb ictimaiyyəti ölkə başçısı Cənab İlham Əliyevin səhiyyə qarşısında qoyduğu tapşırıqları və həyata keçirilən işləri böyük ruh yüksəkliyi ilə qəbul edərək bu təşəbbüsü hər bir ailə və vətəndaş üçün olduqca vacib bir addım kimi qiymətləndirir.
Rövşən NURƏDDİNOĞLU