Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci Sessiyası çərçivəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) ilə birgə forum təşkil olunmuşdur. Forumun əsas mövzusu turizm və aviasiya arasında olan əlaqənin möhkəmləndirilməsi, çətinliklərin müəyyən edilməsi və həlli yollarının müzakirəsi idi.
BMÜTT-nin Baş Katibi Taleb Rifainin başçılığı altında, eləcə də CNN kanalında çalışan məşhur jurnalist Richard Questin iştirakı ilə keçirilən forumda bir neçə ekspertlər və ölkə nümayəndələri çıxış edib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək, məsələnin turizmin inkişafında əhəmiyyətini bildirib. O, qeyd edib ki, son illərdə böyük inkişaf əldə edən hava nəqliyyatı dünyanın qloballaşmasında, ölkələrin və insanların sülhə doğru addımlamasında mühüm rol oynayır. Eyni zamanda o, bu inkişafda beynəlxalq təhlükəsizlik şərtlərinin nəzərə alınmasının da əhəmiyyətli məsələ olduğunu bildirib.
Nazir müavini çıxışında Cənab Prezidentin tapşırığı ilə bu il həyata keçirilən hava uçuşlarında yeni qiymət siyasətini qeyd etmiş və görülən işlərin turizmə müsbət təsir edəcəyini bildirib. Həmçinin çıxışın sonunda Nazim Səmədov aviasiya və turizm sahələrinin əməkdaşlığına dair təlimlərin keçirilməsini və müxtəlif təcrübələri əks etdirən məlumat materiallarının yaradılmasını təklif edib.
Sessiya çərçivəsində nazir müavini Nazim Səmədov Portuqaliyanın iqtisadiyyat naziri Antonio Pires de Lima, Slovakiyanın dövlət katibi Frantisek Palko, Bolqarıstanın turizm naziri Nikolina Angelkova, Monakonun Dövlət Turizm Administrasiyasının baş katibinin müavini Guy Antognelli, Braziliyanın mədəniyyət nazirinin müavini Alberto Alves, İspaniyanın turizm üzrə dövlət katibi İsabel Borrego, Çexiyanın regional inkişaf naziri Karla Slechtova, Seyşel Adalarının mədəniyyət və turizm naziri Alain St. Ange, Litvanın iqtisadiyyat naziri Evaldas Gustas ilə görüşlər keçirib.
Kolumbiyanın Medellin şəhərində keçirilən BMÜTT Baş Assambleyasının 21-ci Sessiyası 17 sentyabr tarixinə qədər davam edəcək.
ZÜMRÜD