Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Bir çox ölkələrin iqtisadi böhran yaşadığı hazırkı dönəmdə Azərbaycan iqtisadiyyatı sabit addımlarla irəliləyir ki, bu da sosial proqramların uğurla reallaşdırılmasına təminat verir.
Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2015-ci ilin yanvar-sentyabr aylarında da uğurla davam etdirilib.
Azərbaycanın pensiya sistemi iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasını təmin edir
Azərbaycanın iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi siyasətinin uğurlu icrası nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb. 2015-ci ilin 9 ayının nəticələrinə görə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 195,6 manatdır və ölkə üzrə orta aylıq əmək haqqının 43 faizini təşkil edir ki, bu da beynəlxalq standartlara uyğundur. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.
Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. 2015-ci ilin yanvar-sentyabr aylarında fondun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 31,5 mln. manat artaraq 2185,2 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1304,7 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz və ya 62 mln. manat çoxdur.
Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bu tədbir 2015-ci ildə də davam etdirilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən cari ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub.
Qeyri-büdcə sahəsindən toplanan sosial sığorta haqlarının artımı nəticəsində dövlət büdcəsi transfertinin xüsusi çəkisi azalıb
2015-ci ilin 9 ayında sosial sığorta haqlarının 65 faizi və ya 847,9 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz və ya 43,4 mln. manat artıqdır. Qeyri-büdcə daxilolmalarının artımı Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahat tədbirləri nəticəsində ölkədəki orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir. Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub.
Büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 456,7 mln. manat təşkil edib. Dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 876,1 mln. manat həcmində fondun hesabına daxil olub. Fondun sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 4,5 mln. manat təşkil edib.
Cari ilin 9 ayı ərzində Fonda daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib
Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə ödənişlərin məbləği 2152,9 mln. manat təşkil edib. Əhaliyə ödənişlərin 97,5 faizi və yaxud 2098,2 mln.manatı əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 54,7 mln. manat təşkil etməklə əhaliyə ödənişlərin 2,5 faizi həcmində olub.
Əldə edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə pensiya və müavinətlərin ödənişinin hər ay qrafikdən əvvəl reallaşdırılması təmin olunub.
Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcə layihəsi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə istiqamətlənib
Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirlərinin 64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaqdır. 2016-cı ildə dövlət büdcəsindən fonda transfertin məbləği cari ildə olduğu kimi 1,1 milyard manat təşkil edəcək və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artım toplanan sosial sığorta haqları hesabına qarşılanacaqdır. Bu göstəricilər çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər fonunda ölkəmizdə təmin olunan dayanıqlı inkişafın və əhalinin gəlirlərinin artım dinamikasının əyani təzahürü kimi sosial sığorta haqları üzrə proqnozlarda öz əksini tapır.
Fondun 2016-cı il üçün büdcə layihəsində xərclərin 3 milyard 11,2 milyon manatının əhaliyə ödənişlərə, 20 mln. manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 mln. manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27 mln. manatının fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 mln. manatının Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub. Əhaliyə ödənişlərin 97,1%-ni və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9%-ni və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcəkdir.
Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən istifadə sayı 2,2 dəfə artıb
Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də pensiyaların ödənişinin avtomatlaşdırılması daha da inkişaf etdirilib. Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən çox hissəsini əhatə edir və fondun məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 136 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.
Pensiyaların təyini və ödənişinin avtomatlaşdırılması sistemi daha da genişləndirilib
2015-ci ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən "Mərkəzi Çağrı Sistemi" ("190-0" nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə "ASAN xidmət" mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib. Hesabat ili ərzində pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib. Hazırda pensiyaçıların 100 faizinin pensiyasının plastik kartlarla ödənilməsi, bu məqsədlə ümumilikdə 881, o cümlədən kənd və qəsəbələrdə 210 bankomatın istifadəsi təmin olunub.
Sığorta-pensiya islahatları yeni mərhələdə
Milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Qlobal çağırışların pensiya sistemləri qarşısına qoyduğu mühüm vəzifələr, eləcə də beynəlxalq təcrübədə iqtisadi inkişaf səviyyəsinə görə ayrı-ayrı ölkələrin pensiya sistemləri üzrə daha yüksək sosial hədəflərin həmin inkişafın yaratdığı bütün imkanlar cəlb olunmaqla əldə edildiyi nəzərə alınarsa, Azərbaycanda növbəti mərhələdə pensiya islahatlarının başlıca hədəfləri kimi:
birinci, şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemində uzunmüddətli dövr üçün maliyyə dayanıqlığına və sosial sığorta prinsiplərinin tam təşəkkül tapmasına nail olunması;
ikinci, vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması gündəmə gəlir.
Ölkəmizin pensiya təminatı sisteminin gələcək inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərin reallaşdırılması baxımından zəruri islahat tədbirləri sırasında mühüm əhəmiyyəti ön plana çəkilən üç başlıca istiqamət aşağıdakı kimidir.
Bunlardan birincisi pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini nəzərdə tutur və toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının gözlənilməsini təmin edən islahat tədbirləri ilə bağlıdır.
İslahatların ikinci vacib istiqaməti dövlətin öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsini əhatə edir. Belə ki, hazırda pensiya sistemində bir sıra ödənişlərin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub.
"2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"ndan irəli gələn vəzifələrin icrası məqsədilə Dövlət Sosial Müdafiə Fondunda xüsusi əlaqələndirmə komissiyası fəaliyyət göstərir və pensiya islahatları çərçivəsində zəruri tədbirlərin icrası fəaliyyət planına uyğun həyata keçirilməkdədir.