İlham Əliyev: "Qanunsuzluğa, özbaşınalığa son qoyulmalıdır"
Azərbaycanda aparılan uğurlu dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli formalaşıb. Bu modelin fərqləndirici xüsusiyyətini inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir. Tam əminliklə deyə bilərik ki, son zamanlar Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda əldə olunan nailiyyətlər xalqın və dövlətin təminatlı gələcəyinə etibarlı zəmin yaratmışdır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi də çıxış edir.
Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır
Hər bir dövlətin sivil inkişafı və güclü dövlətə çevrilməsi, ilk növbədə, qanunların aliliyinə xidmət edən hüquqi dövlət quruculuğundan asılıdır. İnsan və vətəndaş, onun hüquq və azadlıqlarının ali dəyərlər olması və bu dəyərlərin qorunması Azərbaycan dövlətinin ali məqsədini təşkil edir. Amma etiraf etmək lazımdır ki, insan hüquqlarının qorunmasının bütün ağırlığını yalnız qanunların üzərinə də qoymaq olmaz. Vətəndaşların hüquqlarının qorunmasında məmurların vətəndaşlara münasibəti də böyük rol oynayır. Bəzən dövlət qurumlarında süründürməçiliyə məruz qalan vətəndaşın hüququ məmurlar tərəfindən kobud şəkildə pozulur. Məmur-vətəndaş münasibətlərinin qanunun tələbinə uyğun şəkildə olmasının vacibliyi barədə ölkə Prezidenti İlham Əlievin kəskin çıxışları olub. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim hər birimizin - başda dövlət başçısı, aşağıda da bütün məmurlar olmaqla - əsas məqsədimiz xalqa xidmət etməkdir. Xalq isə insanlardır, vətəndaşlardır, onların problemləridir, odur ki, məmurun da, hər birimizin də vəzifəsi insana xidmət etməkdir, insanların problemlərinə diqqətlə yanaşmaq və onların həllinə səy göstərməkdir: "...Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir".
Azərbaycanda baş verən son proseslər, ölkənin bəzi ən vacib strukturları ətrafında cərəyan edənlər növbəti dəfə vətəndaşlarda ədalətin təntənəsinə inam yaratdı. Çünki ən yüksək səviyyədə sahibkarlığın inkişafına yaşıl işıq yandırıldığı halda bir qrup şəxsin azad biznesin qəniminə çevrilməsi, müvəqqəti də olsa, cəmiyyətdə bir ruh düşkünlüyü əmələ gətirmişdi. Lakin ölkə Prezidenti İlham Əliyev tərəfindən verilən çevik reaksiya nəticəsində sahibkarlıq mühitini sıxışdırmaqla ölkənin inkişafında əngəlləyici amilə çevrilənlərə ən sərt reaksiya idi. Bu, həm də onu göstərdi ki, Azərbaycanda güclü siyasi iradə var və bu iradə hər zaman hər bir vətəndaşın rifahına, onun hüquqlarının qorunmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 25-də Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində çıxışı zamanı sahibkarlığa hələ də bolşevizm dağıdıcılığı təfəkkürü ilə yanaşanlara, yaxud sahibkarlığı özləri üçün qanunsuz qazanc mənbəyi kimi görənlərə ciddi mesajlar da verdi və bir daha nəzərə çatdırdı ki, bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılmalıdır: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".
Dövlət başçısı onu da bildirdi ki, bütün bunlara son qoyulur və son qoyulacaq: "Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda, dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin".
Göründüyü kimi, Prezidentin siyasi iradəsi, əzm və qətiyyətli mövqeyi ölkədə yeni inkişaf dövrünün əsasını qoyur. Atılan addımlar özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Təbii ki, ədalət olan yerdə inkişaf da olacaq. Bu ədalətin carçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdir və daim xalqla bir yerdə olduğu üçün sahibkarlığın inkişafında yeni mərhələnin çox tezliklə özünü göstərəcəyinə də heç bir şübhə yoxdur və "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" vədinin reallığa çevrildiyini sübut edir və ölkə Prezidentinin rəhbərliyilə yürüdülən mövcud sosial-iqtisadi siyasətin davamı gələcək illərdə xalqımızın sosial rifahını, firavan həyat tərzini daha da yüksəldəcək.
MALİK HƏSƏNOV,
millət vəkili