"Rüstəm İbrahimbəyov bir kino idi və tez də qurtardı"
Uzun müddətdir ki, Eldar Namazovdan xəbər-ətər yoxdur. Seçki ərəfəsində isə, adı mətbuatda xırda işarə ilə də keçmədi. Nə namizədliyini verdi, nə hər hansı bir bloka, partiyaya qoşuldu, nə də zaman-zaman etdiyi çıxışlarilə "Azadlığ"ın ruporuna çevrildi. Bəs müəmma nədədir? Yadınızdadırsa, bir neçə ay bundan öncə Rüstəm İbrahimbəyov seçkilərdə iştirak edib-etməyəcəyilə bağlı mətbuata açıqlama verərək bildirdi ki, seçkilərlə qətiyyən maraqlanmır, xaricdə kino çəkir, ümumiyyətlə, Azərbaycana gəlmək istəmir. Cəmil Həsənlilə bağlı da dodaqarası danışan R.İbrahimbəyov daha ona siyasətlə bağlı heç bir sual verməməyi bütün mətbuat işçilərinə tövsiyə etdi. Bu açıqlamadan sonra R.İbrahimbəyovun şəklini "Azadlıq"da görən oldumu? Ümumiyyətlə, "Milli Şura"nın keçmişilə bağlı bir kəlmə yazı yazıldımı? Səbəb çox konkretdir: AXCP tüpürdüyünü yalamaq istəmədiyi üçün R.İbrahimbəyov olayını bacardığı qədər xatırlamaq istəmir. Özlərində cəsarət tapıb bu ləkəli keçmişi-Rüstəm İbrahimbəyovu tənqid belə edə bilmirlər. Bir partiyadan nə qədər satqın çıxa bilərdi, bir siyasi təşkilatı nə qədər adam fırladıb sonra "daha mənlik deyil" deyə bilərdi.!? 2000-ci ildən bu günə qədər şaqqalanıb parçalanan AXCP əgər ana müxalifət idisə, həqiqətən də, güclü partiya idisə, Milli Şuraya nə ehtiyac vardı? Və ya AXCP-nin Milli Şurada nə işi vardı?
Eldar Namazov da R.İbrahimbəyovun kölgəsində gizlənmişdi, bir kino işçisinin "dünyanın supergücləri tərəfindən dəstəkləndiyinə" özünü inandıra bilmişdi. R.İbrahimbəyov itən kimi, E.Namazov da yoxa çıxdı. R.İbrahimbəyov guya yeni adam idi, amma E.Namazovun köhnələrin yanında da yeri yox idi. Yeni yoxdursa, E.Namazov da yoxdur, köhnələrlə işbirliyilə qətiyyən baş tutmaz. Bu gün nə AXCP, KXCP, nə də Müsavatdan E.Namazova təkliflər var, heç olmayacaq da. Amma halal olsun. Bir müddət AXCP-ni də, KXCP-ni də, elə Müsavatı da aldadıb sürücülük məktəbinin həyətində o tərəf-bu tərəfə süründürdülər. Müsavat tez ayıldı, R.İbrahimbəyov amilinin sadəcə kino lenti qədər qısa olduğunu tez anladı. Bəli, R.İbrahimbəyov bir kino idi və tez də qurtardı. Bu kino sürücülük məktəbinin həyətində nümayiş olundu. Uşaqlar hind kinosuna baxırmış kimi bütün cəbhəçilər əllərində tum, su yığışıb bu kinoya şüarlarla, alqışlarla tamaşa elədilər. Ən maraqlısı odur ki, kinonun əsl qəhrəmanı yox, köməkçiləri baş rolda iştirak edirdilər. Bir sözlə, R.İbrahimbəyov dediyi kimi yeni kino çəkir, amma siyasi deyil, sırf məişət üslubünda. Onun da ki, öz rolları, ssenarisi var. Ssenaridə müxalifət yoxdur, elə Eldar Namazov da!
Samir