PDF Oxu

Sosial

  • 35

Multikulturalizm cəmiyyətimizin həyat tərzidir

Multikulturalizm cəmiyyətimizin həyat tərzidir

Bir il əvvəl Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə həyata keçirilən dövlət siyasətinin daha bir nümunəsidir

Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan ölkəmiz Prezident Cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyinin bariz nümunəsidir.

Tarix boyu ölkəmizdə fərqli milli-dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamış və bu gün də yaşayırlar. Azərbaycanda yaşayan xalqlar arasında bütün sahələrdə mədəni müxtəlifliyin inkişafına nail olunub. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında öz tolerant mühiti ilə seçilir. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir", - deyən Ümummilli Lider Heydər Əliyev ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, prioritet məsələ kimi daim diqqətdə saxlayırdı. Azərbaycan müstəqillik əldə etdikdən bir neçə il sonra dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Azərbaycan Respublikası Konstitusiyada qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu, qanunda öz əksini tapır.

Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ölkədəki dini icmalar arasında gərginliyin mövcud olmaması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi və s. üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir. Azərbaycandakı dini dözümlülülüyün millətlərarası münasibətlərin gərgin olduğu bir çox ölkələr üçün nümunəyə çevrilməsi də elə dövlət siyasətindən qaynaqlanır. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində reallaşıb. Azərbaycan dövləti daim ölkədə qədim tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, dinlərarası nifrəti rədd edib. Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. O cümlədən, müxtəlif dini etiqadlar üçün yeni mədəniyyət mərkəzləri inşa olunmaqda, hər üç dinə mənsub olan qurumlara dövlət vəsaitləri ayrılmaqdadır. Cənab İlham Əliyevin vurğuladığı kimi:"Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar... Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk".

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 may 2014-cü il Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin daha bir nümunəsidir.

Multikulturalizmi dövlət siyasətinin prioritet istiqaməti və cəmiyyətimizin həyat tərzi kimi səciyyələndirən Prezident İlham Əliyev Ulu Öndərin müvafiq siyasətinin layiqli davamçısı olduğunu həm ölkəmizin bu istiqamətdə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbir, simpozium və konfransların təşkili, həm də son dövrlərdə həm Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, həm də Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin yaradılması ilə təsdiqləyib.

"AZƏRBAYCAN MULTİKULTURALİZMİNƏ SƏYAHƏT"

Bir illik fəaliyyəti dövründə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı çoxsaylı işlər, həyata keçirdiyi layihələr də dövlətin bu prioritet siyasətinin reallaşmasına böyük töhfələrini verir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən həyata keçirilən "Azərbaycan multikulturalizminə səyahət" layihəsi ilə Azərbaycanda müxtəlif dinə mənsub fərqli etnik qrupların, xalqların əsrlərdir dinc yanaşı yaşaması faktını bir daha bütün dünyaya nümayiş etdirib. Layihə sayəsində müxtəlif xalqların, fərqli dinlərin nümayəndələri bu faktı öz gözləri ilə görüb, Azərbaycan multikulturalizmi fenomeni ilə əyani tanış olmaq imkanı əldə ediblər. "Azərbaycan multikulturalizminə səyahət" layihəsi çərçivəsində ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri zamanı dağ yəhudilərinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadığını gözləri ilə görüblər. Azərbaycan xalqı və hökumətinin digər yəhudi icmaları kimi dağ yəhudi icmasına də həmişə dəstək olduğunu və Bakıda üç sinaqoq və bir yəhudi məktəbinin fəaliyyət göstərməsinin də şahidinə çevriliblər.

AZƏRBAYCAN MULTİKULTURALİZMİ İLƏ BAĞLI NƏZƏRİ BİLİKLƏR TƏCRÜBƏDƏ DAHA DA MÖHKƏMLƏNDİRİLİR

Hələ Roma patriarxı I Varfolomey Azərbaycanda rəsmi səfərdə olarkən ölkəmizdə münasibətlərin nümunəvi olduğunu bildirmişdir:"Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".

Son illərdə Yaxın Şərqdə baş verən hadisələr fonunda islam, xristian və yəhudi dinləri arasında münasibətlərin gələcəyinə bədbinlik özünü göstərmiş olsa da, Azərbaycan nümunəsi bunun əksini göstərir.

Müasir dövrümüzdə Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən "Azərbaycan multikulturalizmi", "Multikulturalizmə giriş" fənləri yerli və xarici universitetlərdə tədris olunur. Əsas məqsəd xarici ölkə universitetlərində, eləcə də, ölkəmizdəki ali təhsil ocaqlarında bu fənni dinləyən tələbələrin vahid bir şəbəkəsinin yaradılması və ya onların Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri biliklərinin təcrübədə daha da möhkəmləndirilməsindən ibarətdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri xidmətinin ideyası və təşəbbüsü ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş" adlı beynəlxalq yay məktəbini də vurğulamalıyıq. Həmin tədbirdə 8 xarici və 7 yerli universitetlərin tələbələri ilə yanaşı, azərbaycanlı və avropalı tanınmış elm adamları da iştirak edib.

Yay məktəbinin üzvlərinin olduqları rayonlarda gəzintilər təşkil olunub, onlar Azərbaycanın multikultural əhval-ruhiyəsi ilə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər. Azərbaycanın multikultural durumu ilə daha yaxından tanış olmaları üçün tələbələrə Azərbaycan dili, mədəniyyəti, incəsənəti, tarixi və ölkəmizdə tarixən formalaşmış tolerant ənənələr və onların kökləri, bugünkü tarixi reallıqlar barədə geniş məlumatlar verilib. Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həmin tələbələrlə əlaqələri davam etdirir. Belə ki, tələbələrin bir çoxlarının ixtisasları beynəlxalq əlaqələr, tarix, etnoqrafiya, coğrafiya və s. olduğundan onlar üçün Azərbaycanın multikultural mühitini, ölkəmizdəki milli azlıqların mədəniyyətini, həyat tərzini, dövlət tərəfindən təmin olunmuş hüquq və azadlıqlarını öyrənmək çox maraqlıdır. Təbii ki, onlar öz diplom işlərində, dissertasiya çalışmalarında ölkəmizdə şahidi olduqları və yaşadıqları, yaxud təhsil aldıqları ölkələrdə olmayan məsələlərə daha çox üstünlük verəcəklər.

Bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün dəyərli töhfələrini verən Azərbaycan dünyaya örnəkdir. Cənab İlham Əliyevin vurğuladığı kimi, müasir dünyamızda sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürüldüyü zamanda dünya xalqlarının nümayəndələri gəlib Azərbaycanın təcrübəsini görsün və öyrənsinlər: "Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər".

Azərbaycanda milli, dini dözümlülük və tolerantlıq özünü mütləq şəkildə siyasi yanaşmalarda da büruzə verir. Prezident Cənab İlham Əliyevin bu sahədə münasibətlərin yüksək səviyyədə qurulması istiqamətində imzaladığı sənədlər və digər amillər Azərbaycanda etnik, milli və dini zəmində heç bir problemin yaranmasına imkan verməmişdir. Bütün bunları hüquqi aspektdən əks etdirən mükəmməl qanunvericilik bazası və siyasi iradə mövcuddur. Bütün xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından asılı olmayaraq, sülh və təhlükəsizlik şəraitində yaşamalıdırlar. Azərbaycan modeli də məhz budur.

Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir. Həqiqətən də, dünya gəlib bizdən öyrənə bilər. Ölkəmizdə olan multikulturalizm məktəbi, tolerantlıq bu gün yeni dövrünü yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər