PDF Oxu

Sosial

  • 42

Suraxanıda payız-qış mövsümünə hazırlıq vəziyyəti müzakirə edilib

Suraxanıda payız-qış mövsümünə hazırlıq vəziyyəti müzakirə edilib

Dünən Suraxanı rayon icra hakimiyyətində rayonun payız-qış mövsümünə hazırlıq vəziyyəti müzakirə edilib. İclasda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, xidmət sahələrinin, mənzil-kommunal idarələrinin, təhsil, səhiyyə, mədəniyyət, digər idarə və müəssisələrinin rəhbərləri, RİHB-nin qəsəbə inzibati-ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər. İclasda çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd edib ki, qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işləri RİH-in və digər aidiyyəti qurumların diqqət mərkəzində saxlanılmış, görülən işlər qış aylarında mənzillərin, inzibati binaların, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin qızdırılmasına, bu sahədəki çətinliklərin aradan qaldırılmasına imkan verəcək. O, qeyd edib ki, rayon təsərrüfatının payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə RİH başçısının 90 saylı 18.09.2015-ci il tarixli sərəncamı ilə müvafiq qərargah yaradılmış və həyata keçiriləcək tədbirlər planı təsdiq edilib.

Rayonun idarə, müəssisə və təşkilatlarının təklifləri nəzərə alınmaqla işlənmiş tədbirlər planında nəzərdə tutulmuş işlərin böyük bir qismi həyata keçirilib, qalan işlərin icrası isə mövsüm ərzində həyata keçiriləcək. Məsələnin vacibliyini nəzərə alaraq payız-qış mövsümünə hazırlığın gedişi, bu sahədə qarşıda duran vəzifələr RİK-in başçısı yanında şuranın iclaslarında, işçi müşavirələrdə mütəmadi olaraq müzakirə edilib.

Suraxanı rayonunda "Azəristiliktəchizat" ASC-nin 9, 12 və 17 saylı İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərir. Bütün qazanxana və istilik məntəqələrində cari profilaktik təmir işləri artıq başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib. Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Tədbirlər planının icrası çərçivəsində, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni kompleks transformator məntəqələri inşa edilib, mövcud olanlar isə daha güclü müasir avadanlıqlarla təchiz olunub.

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti, rayon icra hakimiyyəti, "Azəryolservis" ASC və digər təşkilatlar tərəfindən cari ilin 10 ayı ərzində 91,9 min kv.m asfalt örtüyü salınmışdır. R.Hacıyev vurğulayıb ki, RİH tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binaları, idarə və müəssisələr, təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, su, istilik və digər kommunal xidmət növləri ilə təmin ediləcək.

İclasda rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis müavini Elçin Cabbarov, Suraxanı Qaz Sahəsinin texniki şöbəsinin rəisi Rizvan Şərifov, "Azəristiliktəchizat" ASC 12 və 17 saylı İSİS rəisi Məşdi Cəfərxanov, "Azəryolservis" ASC "76 saylı Yol İstismarı" MMC-nin baş mühəndisi Natiq İsmayılov, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov, 315 saylı tam orta məktəbin direktoru Dadaş Əliyev, Səməd Mənsur adına Əmircan Mədəniyyət Evinin direktoru Afaq Bayramova çıxış ediblər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər