YAP Səbail rayon təşkilatında bu mövzuda tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon qərargahında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "Marifçi Gənclər" İştimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən "Milli qəhrəmanlarımızı tanıdaq" layihəsi keçirilib. Layihə çərçivəsində bildirilib ki, burada əsas məqsəd yeniyetmə və gənclərə milli qəhrəmanları tanıtmaq, onların şərəfli həyat və fəaliyyətləri barədə müfəssəl məlumatları işıqlandırmaqdır.
Layihə rəhbəri Tural Əzizov qeyd edib ki, milli qəhrəmanları tanımaq və tanıtmaq hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcudur. Bu baxımdan, keçirilən layihənin də əsas qayəsi bundan ibarətdir.
Təşkilatın gənclərlə iş üzrə təlimatçısı Hacıyeva Lamiyə də, öz növbəsində deyib ki, hazırda reallaşdırılan layihə gələcəkdə də davam etdiriləcək. Çünki belə tədbirlərin davam etdirilməsi Azərbaycan gəncliyinin öz həyatlarının müəyyənlşdirməsinə, əsl vətəndaş kimi inkişaf etməsinə öz müsbət təsirlərini göstərir. Layihə yeniyetmələr və gənclər arasında çox böyük maraqla qarşılanıb.
"Milli qəhrəmanlarımızı tanıdaq" layihəsində orta məktəb şagirdləri iştirak etmiş, onlara milli qəhrəmanlarımız haqqında bəhs edən bukletlər paylanmışdır.
Rəfiqə HÜSEYNOVA