Politoloq: "Bu qurum dövlətimizə qarşı güllə atanları dəstəkləyir, onların xarici təxribatçı qruplardan kömək almasına haqq qazandırır"
Nardaranda baş verən olaylardan sonra "Milli Şura" ortaya qoyduğu mövqeyə, verdiyi təxribatçı bəyanatlara görə cəmiyyətdə kəskin qınağa tuş gəlib. İnsanlar bu qurumun anti-Azərbaycan qüvvəlləri, təxribatçı qruplaşmaları dəstəkləməsini həzm etmək niyyətində deyillər. Çünki "Milli Şura" üzvləri müxtəlif mətbu orqanlar, eləcə də sosial şəbəkələr vasitəsilə bəyanatlar verərək, Nardaran camaatını növbəti təxribatçılğa sövq edirlər.
"Milli Şura"nın sərgilədiyi təxribatçı mövqe ilə bağlı "SƏS" qəzetinə açıqlama verən politoloq Vüqar Əsgərov bildirib ki, Azərbaycanda iqtidarla xalq arasında sarsılmaz bağlılıq mövcuddur: "Ola bilər ki, Azərbaycanın hansısa bölgəsində xırda bir narazılıq olsun. Dünyanın ən demokratik ölkəsində belə hər şey yüz faiz qaydasında deyil. Əsas odur ki, Azərbaycan hökuməti hər hansı bir bölgədəki çatışmazlığı, narahatlığı bilən kimi dərhal aradan götürür, vətəndaşların probleməri yerindəcə həll olunur. Ən əsası ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmuşdur. Sözsüz ki, bu asayışı, sabitliyi zaman-zaman pozmağa cəhd edən qüvvələr olub və bundan sonra da olacaq. Konkret olaraq Nardaranda baş verən hadisələr zamanı ən təəssüfləndirici məsələ budur ki, orada əhali qanuna tabe olmayıb, dövlətə qarşı silah işlədiblər. Bu, qətiyyən yolverilməzdir. Ən biabırçı hal odur ki, "Milli Şura" adlanan qondarma qurum dövlətimizə qarşı güllə atanları dəstəkləyir, onların xarici təxribatçı qruplardan kömək almasına haqq qazandırır.
V.Əsgərov vurğulayıb ki, "Milli Şura"nın Azərbaycan xalqı ilə heç bir bağlılığı yoxdur: "Bu qurumda təmsil olunan şəxslər vaxtilə ölkədə xaos yaradan, vətəndaş müharibəsinə rəvac verən şəxslərdir. Onlar indi də bu missiyalarını davam etdirirlər. Yadınızdadırsa, bir neçə il öncə İsmayıllıda baş verən insident zamanı radikal müxalifət nümayəndələri qanuna zidd hərəkət edərək orada baş verənləri siyasiləşdirdilər, məişət zəminində baş verən olaylardan öz çıxarları üçün istifadə etməyə başladılar. Ancaq nəticədə özləri uduzdular, çünki heç kimin şəxsi mənafeyi xalqın mövqeyindən üstün tutula bilməz. "Milli Şura" indi də Nardaran hadisəsi ətrafında spekulyasiya edir, qanunu pozanlara haqq qazandırır. Halbuki bu məsələdə xarici təxribatçı qrupların barmağının olması heç də istisna edilmir. Bu zaman belə çıxır ki, deyildiyi kimi, "Milli Şura" təxribatçıları, dövlətimizin düşmənlərini, Azərbaycanda anarxiya yaratamaq istəyən terrorçuları dəstəkləyir. Bunun başqa adı yoxdur".
Məsələ ilə bağlı "SƏS" qəzetinə danışan politoloq Ülvi Məmmədov qeyd edib ki, "milli şura" uduzmuş, fəaliyyəti sıfıra bərabər olan, tərkibində yüngül əxlaqlı insanları birləşdirən, insani keyfiyyətlərdən məhrum olan, anti-Azərbaycan ruhlu insanların cəm olduğu bir qurumdur: "Əgər belə olmasa idi, "Milli Şura" heç olmasa bu məsələdə gərək dövlətin və xalqın yanında olaydı. Bu qurumun sadəcə bir prinsipi var: YAP hakimiyyətini yıxmaq üçün ermənilərlə də, terrorçularla da, bir sözlə, hər kəslə, hər dövlətlə əməkdaşlıq etmək lazımdır. Bu düşüncə tərzi onları reallıqdan məhrum edib. Hətta terrorçular belə, bunlara inanmaz. Çünki öz dövlətinin maraqlarını satan bir qurum sabah onları da satar. "Milli Şura" qəzet səhifələrində, sosial şəbəkələrdə pafoslu danışmaqdansa, insanları qıcıqlandırmaqdansa, onları qanunlara tabe olmağa səsləsin. Təxribatçılara dəstək verməyin özü də böyük məsuliyyətdir. Hesab edirəm ki, "Milli Şura" üzvləri bütünlüklə məsuliyyətə cəlb olunmalıdırlar".
Samir