Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göygöl rayonunda 1, Gədəbəy rayonunda 2 fərdi ev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yeni evlərin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının uğurlu icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Nazir müavini bildirib ki, bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində 180-ə yaxın mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. İstifadəyə verilən mənzillərdə ailələrin normal yaşayışı üçün hər bir şərait yaradılıb. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün bölgələrdə fərdi evlərin və çoxmənzilli yaşayış binalarının tikintisi, həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri görülür.Qeyd olunan rayonların icra hakimiyyətlərinin, əlil ictimai təşkilatların və yerli ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevin sosial sahəyə diqqət və qayğısından bəhs ediblər. Bildirilib ki, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasətin mərkəzində məhz ölkə vətəndaşının rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsidir ki, dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətli inkişaf tempinə malik Azərbaycanda, eyni zamanda, güclü sosial siyasət aparılır, mühüm sosial proqramlar icra olunur. Ölkədə müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən tədbirlər də ilbəil daha geniş vüsətlə davam etdirilir.Yeni fərdi evlərin sahibləri müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərdən razılıqlarını bildirib, bütün bu işlərə və yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
AZƏRTAC