PDF Oxu

Sosial

  • 34

Suraxanıda Beynəlxalq Əlillər Günü qeyd edilib

Suraxanıda Beynəlxalq Əlillər Günü qeyd edilib

Dünən Beynəlxalq Əlillər Günü münasibəti ilə Suraxanı rayon icra hakimiyyətinin, Suraxanı rayon Əhalinin Sosial-Müdafiə Mərkəzinin və Suraxanı rayon Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə əmək, müharibə əlilləri, Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər rayon sakini üçün "Elçin" şadlıq sarayında da süfrə açılıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova bildirib ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir: "Bu siyasətin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər hakimiyyətə 2-ci dəfə gəlişi zamanı imzalanan ilk fərmanlarından biri "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" Fərman olmuşdur. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə start verilib. Suraxanı rayonunda 9305 nəfər əlil yaşayır. Onlardan 2538 nəfəri sosial əlil, 6767 nəfəri müharibə, əmək, silahlı qüvvələrdə xidmət, Çernobıl qəzası və digər əlil kateqoriyasına daxildir. Bundan əlavə rayonda 830 nəfər 18 yaşına çatmayan əlil yaşayır. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir".

A.Həsənova vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata keçirir. "Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək" - deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond tərəfindən son illər həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu Suraxanı rayonunda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edərək, ən müasir avadanlıqlarla təchiz edib.

Tədbirdə çıxış edən Suraxanı rayon Əhalinin Sosial-Müdafiə Mərkəzinin şöbə müdiri Müslüm Mürsəlov qeyd edib ki, Bakıda və bölgələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Son illər Azərbaycanda əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Dövlətimizin başçısı Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər Qarabağ əlili və şəhid ailəsi 2018-ci illərədək mərhələlərlə mənzil və ya fərdi yaşayış evləri ilə təmin ediləcəklər.

Tədbirdə çıxış edənlər əlillərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

ZÜMRÜD

Digər xəbərlər