PDF Oxu

Sosial

  • 26

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Son illər Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən inkişaf tempini qoruyub saxlaması Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü praqmatik siyasətin məntiqi nəticəsidir.

Bütün sahələrdə böyük uğurların qazanılması, Azərbaycanın maliyyə imkanlarının artması, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, Azərbaycanın dünyada nüfuzunun daha da artması iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası bu inkişafa müsbət təsirini göstərib. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlayaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanmışdır. Bu dövlət proqramlarının ardıcıl olaraq imzalanması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi regionların tarazlı və davamlı inkişafına, sosial infrastrukturun yenidən qurulmasına, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlişinə səbəb olub. Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf paytaxtımızdan, onun ətraf kəndlərindən də yan ötməyib. Dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsi və şəhərətrafı qəsəbələrin və kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti addım olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqini tapan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qarşıda duran vəzifələrin davamlı yerinə yetirilməsi məqsədi ilə hazırlanıb.

Dövlət proqramlarının uğurlu icrası nəticəsində Bakının bütün rayonları kimi bu gün Suraxanı rayonu da inkişaf dövrünü yaşayır. Rayonun ümumi mənzərəsində nəzərəçarpacaq dəyişiklər görülən işlərin davamlı və sürətli olmasından xəbər verir. Dövlət proqramlarının icrası nəticəsində Suraxanı rayonunun qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib. Rayon ərazisində dinamik yüksəliş üçün bütün zəruri tədbirlər həyata keçirilir, ölkədəki inkişaf prosesinə layiqli töhfələrini verir. Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində rayonda sosial-iqtisadi şərait yaxşılaşıb, əksər statistik makro-iqtisadi göstəricilərdə artım müşahidə olunub. Yeni iş yerləri və müəssisələrin yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsi, rayona daha çox investisiya qoyulması əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və maddi rifahının artmasına səbəb olub.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin və uzaqgörən inkişaf strategiyası nəticəsində son 12 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Azərbaycan bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-nin icrasına başlanılıb, başa çatdırılan və başlanılan tədbirlər proqramının 44,5 faizini təşkil edib.

Statistik rəqəmlərə nəzər salsaq görərik ki, rayon ərazisində əldə olunuan uğurlar əhalinin sosial rifahının yüksəlməsinə, onun inkişafına təsir göstərmişdir. Təkcə 2015-ci ilin 9 ayı ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 198,1 milyon manat, tikinti-quraşdırma işləri 34,2 milyon manat, nəqliyyat xidmətləri 3,8 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 30,2 milyon manat, kənd təsərrüfatı 2,2 milyon manat, pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manat, orta aylıq əmək haqqı 546,4 manat təşkil etmişdir. Əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 2355 yeni iş yeri açılmışdır. Qaraçuxur qəsəbəsindəki bir çox küçələrdə abadlıq-quruculuq işlər görülmüş, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulmuş, binaların fasadları, hasarlar, müxtəlif dirəklər rənglənmiş, ətraf ərazilər iriqabaritli tullantılardan təmizlənmişdir.

RAYONUN EKOLOJİ MÜHİTİ SAĞLAMLAŞDIRILIR

Suraxanı rayonunda ekoloji məsələlərin həllinə diqqət artırılıb. Dövlət başçısının müvafiq sərəncamlarına və qəbul edilmiş Dövlət Proqramına əsasən, Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılıb. Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 5,0 hektar olan müxtəlif ölçülü 24 ədəd gölməçə qurudulub, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Ümumrespublika Yaşıllaşdırma marafonu" çərçivəsində rayon ərazisində ağacəkmə kampaniyası davam etdirilib, marafon çərçivəsində 11 ümumrayon iməciliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib. Görülən işlər ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyır. Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.

Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri də daim nəzarətdə saxlanılıb. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci ilin 9 ayı ərzində 7496 nəfərə 4,57 milyon manatdan artıq sosial müavinət ödənilib, 2173 ailəyə 3,04 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilib, 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət olunub. 58 nəfər imtiyazlı vətəndaş reabilitasiya mərkəzində və sanatoriyalarda istirahət edib. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 27748 təqaüdçüyə xidmət göstərilib, bir nəfərə düşən orta aylıq təqaüdün məbləği rayon üzrə 194,5 manat təşkil etmişdir.

VƏTƏNDAŞ MƏMNUNLUĞUNA SƏBƏB OLAN MODERN VƏ ÇEVİK İDARƏETMƏ SURAXANI RAYONUNDA DA TƏTBİQ OLUNUR

Möhtərəm Prezidentimiz İlham Əliyevin dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi işinə ayırdığı diqqəti vətəndaş məmnunluğuna səbəb olub ki, bu modern və çevik idarəetmə Suraxanı rayonunda da tətbiq olunur. Dövlət idarəçiliyinin müasir prinsiplər əsasında təşkili məqsədi ilə rayonda Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılıb və bu da rayon ərazində yerləşən idarə, müəssisə və təşkilatlar arasında elektron şəkildə yazışmaların aparılmasında əhəmiyyətli rola malikdir. "Qaynar xətt" telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilib və təkcə bu il ərizində elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli 205 elektron məktub cavablandırılıb.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Suraxanı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlərin həyata keçirilməsi sürətlənib. Belə ki, nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası uğurla həyata keçirilir. Cari ildə Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilib, Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış sahəsində 262 saylı uşaq bağçaları əsaslı təmir olunub.

Suraxanı rayonunda görülən işlər sosial mahiyyət daşımaqla bərabər, ictimai-mədəni sahələrdən də yan ötməyib. Burada Bakının simvollarından biri hesab edilən Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, administrativ ofisləri birləşdirir. Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzeyin dizaynı və burada tətbiq olunan yeni texnologiyalar, Ulu Öndərin Muzeydə nümayiş etdirilən hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar böyük marağa səbəb olur. Mərkəzdə multimedia və rəsm studiyaları, dünya kitabxana sisteminə qoşulmuş elektron kitabxana fəaliyyət göstərir.

"ATƏŞGAH MƏBƏDİ"NDƏ ALOVLANDIRILAN MƏŞƏL BİRİNCİ AVROPA OYUNLARININ TARİXİNƏ YAZILDI

Təbii ki, Suraxanı rayonundan söz açarkən burada yerləşən "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu vurğulamamaq mümkün deyildi. Azərbaycanın maddi-mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən və UNESCO-nun "Dünya irsinin ilkin siyahısı"na daxil edilmiş "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Təsadüfi deyildi ki, bu ilin ən əlamətdar hadisəsi olan birinci Avropa Oyunlarının məşəlini aprelin 26-da Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq qoruğunda Cənab İlham Əliyev alovlandırdı.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Suraxanı rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri geniş vüsət alaraq, rayonun simasını günü-gündən dəyişir. Hazırda rayon ərazisində abadlıq-bərpa, tikinti-quruculuq işləri davam etməkdədir. Son zamanlar əhalinin asudə vaxtının səmərəli keçirməsi məqsədilə rayonda yeni bağlar, parklar salınır və abadlaşdırılır. Rayonun ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün ciddi addımlar atılır.

ZÜMRÜD BAYRAMOVA

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir

Digər xəbərlər