Bakı Slavyan Universitetində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimin əvvəlində Ümummilli Lider Heydər Əliyevlə universitet kollektivinin nümayəndələrinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə BSU-nun fəxri doktoru diplomunun təqdimetmə mərasimindəki görüşünə həsr olunmuş film nümayiş edilib. Universitetin rektoru, professor Asif Hacıyev iərasimdə çıxış edərək BSU-nun Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq məfkurəsinin banisi kimi möhtəşəm fəaliyyətindən, gənclərə olan qayğısından söz açıb. Ulu Öndərin elm və təhsil sahəsinə xüsusi diqqətindən danışan rektor qeyd edib ki, Heydər Əliyev tərəfindən yaradılmış Bakı Slavyan Universiteti bu gün Ümummilli Liderin arzu etdiyi yolla fəaliyyətini davam etdirir, respublikamızın Şərqi Avropa və slavyan ölkələri ilə əlaqələrinin genişlənməsində, Azərbaycan həqiqətlərinin xaricdə təbliğində öz rolunu oynayır. Rektor Ulu Öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Slavyan Universitetinə qayğı və diqqətini əsirgəmədiyini, dövlət başçısının son illər ərzində BSU barədə imzaladığı sərəncamları dərin minnətdarlıqla tədbir iştirakçıların diqqətinə çatdırıb.
Mərasimdə iştirak edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Dövlət müşaviri bildirib ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir.
Anım tədbirində BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva, Sankt-Peterburq Mərkəzinin rəhbəri, Leninqrad blokadası iştirakçısı dosent İrina İvanovna Qədimova, BSU-nun magistrantı Cəmilə Orucova və jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbəsi Ayna Salmanlı və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hərtərəfli fəaliyyətindən və bu Dahi Şəxsiyyətin qoyub getdiyi irsin bugünkü və gələcək həyatımız üçün əhəmiyyətindən danışıblar.
Mərasimin sonunda Ümummilli Liderin xatirəsinə həsr edilmiş slayd təqdim olunub.
NƏZAKƏT