PDF Oxu

Sosial

  • 43

Respublika veteranları hesabat verib

Respublika veteranları hesabat verib

Dünən Respublika Veteranlar Təşkilatının V Plenumu keçirilib. Plenumda 2015-ci ildə görülən işlərin hesabatı və 2016-cı ildə qarşıda duran vəzifələr barədə çıxışlar dinlənilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib və əvvəlcə "Günəşli" yatağında baş verən faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Respublika Veteranları Təşkilatının sədri Dadaş Rzayev çıxış edərək veteranlara göstərilən diqqət və qayğıdan bəhs edib, Buna görə ölkə Prezidenti Cənab İlham Əliyevə bütün veteranlar adından təşəkkürünü çatdırıb. D.Rzayev qeyd edib ki, 2015-ci il Azərbaycan veteranları üçün yaddaqalan il olub: "Veteranlara geniş sahəsi olan inzibati bina verilib. Respublikanın rayon və şəhərlərində 50-yə yaxın veteranlar təşkilatının inzibati binası istifadəyə verilib. Həmçinin, Böyük Vətən müharibəsinin 70 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Ümüd edirəm ki, bu işlər yenə də davam etdiriləcək. Düzdür, bizim də nöqsanlarımız var. Amma bütün bunları aradan qaldırmaq üçün təşkilatın rayonlardakı nümayəndəliklərinə daha ciddi nəzarət olunacaq. Bəzi rayon nümayəndəlikləri işlərinin öhdəsindən gələ bilmir. Onların işlərində dönüş yaradacağına inanırıq".

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycanda mövcud olan vətəndaş cəmiyyəti institutlarının fəaliyyətlərinin qanunla müəyyənləşdirildiyini qeyd edərək bildirib ki, buraya daxil olan veteranlar təşkilatının özünəməxsus prinsipləri var və bu təşkilat ölkədə gedən proseslərə özünəməxsus şəkildə yanaşırlar: "Hər zaman bu təşkilatın nümayəndələrindən özümə qarşı dost münasibəti gördüyüm üçün sizləri özümə dost bilmişəm. Bu gün sizlərlə ömrümün çox gözəl günlərindən birini yaşayıram. Azərbaycan müstəqilliyini yeni əldə edən zaman mən Prezident Aparatının İctimai-siyasi şöbəsində veteranlar təşkilatları ilə işin əlaqələndiricisi vəzifəsində çalışırdım. O illər çox çətin iş qrafikində fəaliyyət göstərirdik. Ulu Öndər gecələr belə, Prezident Aparatında gecələməli olurdu. Belə bir çətin durumda bütün dəyərlərə hörmətlə yanaşan Dahi Lider Heydər Əliyev veteran təşkilatlarının fəaliyyətinə diqqəti əsirgəmirdi. O zaman mən gənc idim. Həyatını xalqına, dövlətinə xidmətdə keçirmiş ağsaqqallarla, ağbirçəklərlə işləmək gənc olaraq məni bir qədər çəkindirsə də, bu təşkilat məni öz ağuşuna alaraq özünün doğma insanına çevirdi. İllər bir-birini əvəzlədi, bu illər ərzində ölkənin imici, infrastrukturu, insanların həyat tərzi dəyişsə də, bu insanların prinsipiallığı, vətənə, torpağa, xalqa olan məhəbbətləri dəyişmədi. Bütün bunlar onların vətəndaşlıq mövqeyidir ki, bu gün də mən yenə həmin üzləri, həmin gözləri, həmin münasibəti görürəm. Öz əməli fəaliyyəti ilə Azərbaycan cəmiyyətinə, gənclərə nümunə olan veteran adı daşıyan insanlardan öyrənməli çox şeylər var".

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə çıxışında veteranların ölkə həyatının bütün sahələrində yaxında iştirak etdiyini qeyd edib. Ə.Mehdiyev vurğulayıb ki, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində veteranların xüsusi rola vardır.

Sonda təşkilatı məsələlərə baxılıb. Eyni zamanda, bir qrup şəxsin Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi döş nişanı ilə təltif edilməsi mərasimi keçirildi.

İntizarə Məmmədova

Digər xəbərlər