(Poema)
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf edirəm
Qədim türklər və Oğuz dilləri yarımqrupu
Yüeci tayfası mülk-vara gedib,
Vusunlar da qərbə avara gedib,
Türkün qədim kökü hunlara gedib,
Çindən bac alırdı, Meteydi üstün,
Məqam çatdı, Hunu məhv elətdi Çin.
Sonsuz çöllüklərin Qıpçaq gözüydü,
Burda hökm verən yalnız özüydü,
Kökləri türküydü, sözü düzüydü,
Dərhal itirdilər o əlvanlığı,
Qəbul edən kimi slavyanlığı.
Oğuz dəstəsində türk birincidir,
Azərbaycan dili saf bir incidir,
Türkmən kəlmələri əsil inci, dür,
Kərkük türkməni də Oğuz sayılır,
Qaqauza qədər bu ün yayılır.
Min illər boyunca qaynayır qazan,
"Dədə Qorqud"u da Oğuzdu yazan,
Bu soy bir-birini anlayır asan,
Dilləri olduğu kimi götürün,
Gələcək nəsilə bu cür ötürün.
Oğuzlar qoruyub od-közünü də,
Əsrlər pozmayıb heç izini də,
Əsla dəyişməyin bir sözünü də,
Yaşasın minillik aydın kəlamlar,
Buna rəvac versin nurlu adamlar.
Azərbaycançılıq ideyası
Azərbaycançılıq, düşünsən dərin
Böyük töhfəsidir Ulu Öndərin,
Ləhcələr xoşavaz, dilimiz şirin,
Dil var qupqurudu, nəfəsi yoxdur,
Bizim dilimizin əvəzi yoxdur.
Adını çəkdiyim hər bir dili biz,
Şübhəsiz, sayırıq füsunkar, təmiz,
Ancaq Azərbaycan-bizim ölkəmiz
Bu dili təkrarsız, mükəmməl sayır,
Bu dildə dünyaya bəyanat yayır.
Dilin musiqisi, qəzəlliyi var,
Bizə məlum olan özəlliyi var,
Lətif şirinliyi, gözəlliyi var,
Füzuli ruhuyla yoğrulub bu dil,
Sabirlə, Vurğunla doğrulub bu dil.
Zərdüştlə közərib ölkəmin şamı,
Qorqudla bağlıdı dilin nizamı,
"Xəmsə"ni Gəncədə yazdı Nizami,
Bu dildə Şəhriyar lətafəti var,
Bir də Ulu Öndər qətiyyəti var.
Ümummilli Lider - ləyaqətli ər,
Xalqını sabaha aparan Heydər,
Qazandı zəfərlər üstündən zəfər,
Bu dil "müdrikliklə - dedi - doludur,
Bu dil xalqımızın tale yoludur".
Tövsiyə verdi ki, qoruyun onu,
Qoymayın sönməyə heç vaxt odunu,
Azərbaycançılıq - dilin sütunu,
Siz onu get-gedə möhkəmləndirin,
Dilin hikməti çox, mənası dərin.
Güc alıb Nəsimi etirazından,
Vaqifin sədəfli telli sazından,
Cabbarın, Qədirin xoş avazından
Sızıb, qanımıza hopubdu bizim,
Bundadı ləyaqət, mətanət, əzm.
İgid Cavanşiri vəsf edib Dəvdək,
Düşməndən vətəni qorudu Babək,
Bir şah olmayıbdı şah babamız tək,
Elini, dilini sevən hökmdar-
Şah İsmayıl kimi şah babamız var.
Bir vaxt Qoç Koroğlu qılınc çalıbdı,
Neçə zülmkarı taxtdan salıbdı,
Elin nəzərində o, ucalıbdı,
Dərələr keçibdi, dağlar aşıbdı,
Xalqın yaddaşında nağıllaşıbdı.
Tarix reallıqdı, bir zaman oldu,
Hitlerin gözünü örtən qan oldu,
Mehdilər, Həzilər qəhrəman oldu,
Bizlərin çiynində idi neft yükü,
Odur ki, kəsildi faşizmin kökü.
Bir vaxt müstəqillik verildi bizə,
Haylar qasqırdıldı üzərimizə,
Qoşa standartla durduq üz-üzə,
Qeyrətdə Mübariz kimi igidlər,
Bizim qolumuza verməkdə təpər.
Azərbaycançılıq - sonsuz qətiyyət,
Azərbaycançılıq - ülvi məziyyət,
Azərbaycançılıq - dilə məhəbbət,
Bizlərin borcudur onu qorumaq,
Olmaz bu yönümdə puç xəyal qurmaq.
Başqa dildən yad söz götürmək olmaz,
Onu həmsöhbətə ötürmək olmaz,
Dil bağçasında da bitirmək olmaz,
Dili başa düşməz o vaxt bir adam,
Bu yolla dilimiz korlanar tamam.
Türk, türkmən, qaqauz... mənalar dərin,
Kərkük türkmənlərə düşür afərin,
Oğuz dillərinin hər biri şirin,
Ancaq gəlin dili dilə qatmayaq,
Söz alıb, sözləri ucuz tutmayaq.
Dillər qarışarsa biri-birinə,
Fikir qəlizləşər, düşməz yerinə,
Çətin ki, dupduru gözə görünə,
O vaxt ağız deyər, qavramaz qulaq,
Ürəklər bulanar, sancılar dalaq.
Dilimin paklığı iqbalımızdır,
Nəsibimiz aydın kamalımızdır,
Azərbaycançılıq-amalımızdır,
Sükanı niyyətə doğru döndərin,
Bu tövsiyəsidir Ulu Öndərin.
Bu amal qəlblərlə birgə döyünər,
Nəticəsi ilə Vətən öyünər,
Ordu Qarabağda göstərər hünər,
Biz o gülüstana basarıq ayaq,
Orda dalğalanar üçrəngli bayraq.
Vətəndaş özümüz - mən, sən, o, bizdir,
Yumruq tək birləşmək - dirliyimizdir,
Azərbaycançılıq - birliyimizdir,
Birlikdə inamla biz addım ataq,
O vaxt yolumuza nur çiləyər Haqq.
Azərbaycan - tolerant ölkə
Burda keyfiyyətdən geri kəmiyyət,
Azərbaycan qurub kübar cəmiyyət,
Dinlərə verilir çox əhəmiyyət,
İnsanlar fərqlənir dininə görə,
Dəyərlər ölçülür şəninə görə.
Dinlər qarışmırlar dövlət işinə,
Rast gəlmək mümkündür burda hər dinə,
Məbədlər açıqdır dindar üzünə,
Açığını desək, budur həqiqət,
Sərbəstdir, azaddır hər bir təriqət.
Müsəlman məsciddə ibadət edər,
Xristian kəslər kilsəyə gedər,
Yəhudilər haqda sorsanız əgər,
Sinaqoq onların ibadət yeri,
Hər dindar məxsusi lənətlər şəri.
Əqidə gur yanan bir talaşadır,
Dindarı ümumi maraq yaşadır,
Hər biri ölkənin vətəndaşıdır,
Bu yöndə qalmamış bir iş dolaşıq,
Hər kəsin üzünə qapılar açıq.
Əqidə ziyadır, həm də gur işıq,
İnsan zehni ona zinət, yaraşıq,
Hər sakin bu yurda, bu elə aşiq,
Öndər məsləkindən ilham alıblar,
Bu yurdda əbədi lövbər salıblar.
Bu xalqlar ülvilik səmasındadır,
Öndərlə müdriklik təmasındadır,
Sevgi pöhrələri qəlbdə kök atır,
Çöhrədən-çöhrəyə qonur təbəssüm,
Azərbaycançılıq edir təcəssüm.
Burda uyan yoxdu küyə-kələyə,
Üstünlük verilir elmə, biliyə,
Azərbaycançılıq hopub iliyə,
Hər bir yeniliyi ləzzətlə udur,
Xalqlar birliyinin töhfəsi budur.
Çöhrələr gülərüz, sifətlər dümağ,
Rifahlar yüksəkdi, çağdı hər damaq,
Onu sevənlərə yurddu bu torpaq,
Yaxşı tanıyıram, mənimdi bu xalq,
Ancaq düşməninə qənimdi bu xalq.
Burda hər millətə hörmət, izzət var,
Rus da, yəhudi də, ləzgi, tat, avar,
İngiloy, talış da asudə yaşar,
Heç kəsin önünə çəkilməyib sədd,
Azərbaycançılıq - ümumi məqsəd.
İnamla ən yüksək kürsüyə çıxan,
Bədnamlar üstündə şimşək tək çaxan,
Xalqları bir bayraq altına yığan,
Ümummilli Lider Heydər olubdu,
Elin birliyindən ilham alıbdı.
Jalə tək yığışıb yarpağın üstə,
Damar damcıları yanağın üstə,
Yumruq tək birləşib torpağın üstə,
Hünəri, qeyrəti elə yayılır,
Bu xalq Azərbaycan xalqı sayılır.
Üçrəngli bayrağı göyə yüksəlir,
Gerbinin təsviri çox xoşa gəlir,
Himni bədnamların bağrını dəlir,
Bunlar dövlətimin atributudur,
Xalqın qüdrətinin bir sübutudur.
Heydər Əliyevdi verən faydalar,
Ölkədə yaratdı qanun-qaydalar,
İndi hər bölgədə ciddi qayda var,
Qanunlar misilsiz, mənası dərin,
Hamısı əməyi Ulu Öndərin.
Kələ-kötür idi qanunlar əvvəl,
Onu düzəldibdi Öndər əlbəəl,
YAP-ın Proqramı olub o, əzəl,
Sonra keçib Əsas Qanunumuza,
Bir sözlə, YAP olub mükəmməl baza.
Biz böyük qürurla deyirik açıq,
Öndədir ən böyük azərbaycançı,
Müdrik ideyalar başların tacı,
Söhbətə başlayaq elə bu andan,
Yeni Azərbaycan Partiyasından.
* * *
Ölkəni zirvəyə doğru aparan,
Yeni Azərbaycan Partiyasıdır.
Qələbəyə, həm uğura aparan,
Yeni Azərbaycan Partiyasıdır.
Güc tapan Öndərin ideyasından,
Böyük ilham alan Heydər adından,
Məşəl tutan Odlar Yurdu odundan,
Yeni Azərbaycan Partiyasıdır.
Tərəqqiyə qəti addımlar atan,
Ölkəni qoruyan parçalanmadan,
Gedən gələcəyə parçalanmadan,
Yeni Azərbaycan Partiyasıdır.
Minlərlə ürəkdə oyadan həvəs,
Əks-səda kimi gurlayan o səs,
Xalqı qəlb oduyla isidən nəfəs,
Yeni Azərbaycan Partiyasıdır.
Düz yolda sapmayan nə sola, sağa,
Daima meyilli zəfər çalmağa,
Maraqlı əbədi xalqla qalmağa,
Yeni Azərbaycan Partiyasıdır.
Yurduma bolluca bəxş edən nicat,
İçindən vulkan tək püskürən həyat,
Öndər tərəfindən bizə mükafat,
Yeni Azərbaycan Partiyasıdır.
Qəti addımları möhtəşəm, iri,
Öndərin ruhuyla əbədi diri,
Gedən irəliyə baxmadan geri,
Yeni Azərbaycan Partiyasıdır.
* * *
Milyonlar qəlbində möhkəm kök atan,
Xalqın dəstəyilə arzuya çatan,
Üçrəngli bayrağı zirvədə tutan,
YAP - Ulu Öndərin şah əsəridir.
Onun dövrəsində sıxlaşıb hamı,
Xalqa bağlılıqdı istək, məramı,
Olan tərəqqinin ilk yanar şamı,
YAP - Ulu Öndərin şah əsəridir.
Özünü tanıdan elə bir daha,
Olan yaradanı qüdrətli düha,
Durmağı bacaran üzü sabaha,
YAP - Ulu Öndərin şah əsəridir.
Yarım milyondan çox üzvlərin sayı,
Güclü partiya yox ondan savayı,
Birlik-vəhdət olan ellərə payı,
YAP- Ulu Öndərin şah əsəridir.
Uğura çatmağı verərək nişan,
Ölkəyə gətirən şöhrət, şərəf, şan,
Əlilə etdiyi xalqa ərməğan,
YAP - Ulu Öndərin şah əsəridir.
* * *
Öndər yaratdığı bu birlik, vəhdət,
Xoş nəticəsini verdi nəhayət.
İmzalanan anda əsrin sazişi,
Dünya dəstəklədi bu mühüm işi.
Neftimiz Bakıdan Ceyhana axdı,
Elimin şöhrəti zirvəyə qalxdı.
Ab-hava saflaşır, durulur bu gün,
Ölkə abadlaşır, qurulur bu gün,
İnkişaf, tərəqqi qovur dumanı,
"Alov Qüllələri" qarsır səmanı.
Verərik, dözərək gözləsək bir az
Qarsa dəmiryolu, Ərzuruma qaz.
Silsək sinəmizdən irinli dağı,
O vaxt qaytararıq biz Qarabağı.
Lider möhkəm tutub qoşa avarı,
Gerçələr Öndərin ideyaları.
Gecəni gündüzə qatıbdı Öndər,
Arzu-niyyətinə çatıbdı Öndər.
Aydın görünməkdə elin sabahı,
Yüksəlir gün-gündən xalqın rifahı.
Öndər ideyası ətrafında biz,
Ölkə səmasını görürük təmiz.
Zəhmət nəşəsindən gələrək cuşa,
Ölkəmin xalqları addımlar qoşa.
Üçrəngli bayrağım əllərdən düşmür,
Azərbaycan sözü dillərdən düşmür.
Öndər yaratdığı hər bir proqram,
Yüzilliklər boyu mükəmməl tamam.
Xalqları vəhdətə çağıran şüar -
Azərbaycançılıq - vüqar, iftixar.
Azərbaycançılıq - gur səsimizdir,
Azərbaycançılıq - vəhdətimizdir.
Heydər Əliyevin yoludur bu yol,
Vətənsevərsənsə, bu sırada ol.
Azərbaycançılıq dönməzlik yolu,
Bu yol şərəflidir, həm də çox ulu.
Bu yolun əbədi yönü sevincdir,
Sabaha aparan günü sevincdir.
İşıqlı olacaq, baxsan sabaha,
Göz yumsan, görməzsən onu bir daha.
O zaman bezdirər səni sükunət,
Sən sönüb gedərsən bir gün, nəhayət.
Sən sakit durmayıb, etsən hərəkət,
Səni dövrələyər bolluq, bərəkət.
Harda xoş sədası Ulu Öndərin,
Sükanı o səmtə doğru döndərin.
Valeh MƏHƏRRƏMLİ