PDF Oxu

Sosial

  • 19

Nardaran orta əsrlər anklavından çıxarılır

Nardaran orta əsrlər anklavından çıxarılır

Nardaran həm də bir tarixi yer kimi, çox yaxın zamanlarda Bakının inkişaf etmiş ən nümunəvi qəsəbələrindən biri olaraq, istər vətəndaşlarımızın, istərsə də buraya gələcək xarici qonaqların gözlərini oxşayacaq.

Sirr deyil ki, Nardaranda baş vermiş məlum hadisələrə qədər bu qəsəbə uzun müddət spesifik "qanunlar"la yaşayır və ümum-Azərbaycan sosio-mədəni mühitindən təcrid olunmuş orta əsrlər "anklavı" təəssüratı bağışlayırdı. Məhz Azərbaycanın hüquq-mühafizə orqanlarının orada qanunsuz şəkildə fəaliyyət göstərən radikal dini- ekstrmist təşkilata qarşı həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə onu girovluqda saxlayan terror qruplaşmasından təmizlənmiş, öz dinc həyatına, ümum-Azərbaycan mühitinə qaytarılmışdır. Bununla bir daha sübut olundu ki, heç bir xarici təsir, yaxud həmin təsir əsasında yürüdülən sabotajçı ideolojiya Azərbaycan qanunlarına qarşı çıxa bilməz.

Hökumət qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub və bu tapşırıqların tez bir zamanda həll edilməsi üçün bütün işlər reallaşdırılır

Onu da qeyd edək ki, Nardaran qəsəbəsində bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də ardıcıl və uğurlu addımların atılmasına başlanılıb. Belə ki, nəqliyyat sistemi yenidən təşkil edilib, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olunub. Azərbaycan hökuməti "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azəriqaz" İstehsalat Birliyi və "Azəravtoyolservis" Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub və bu tapşırıqların tez bir zamanda həll edilməsi üçün bütün işlər reallaşdırılır.

Ayrılmış 12 milyon vəsait nəzərdə tutulan ilkin məbləğdir

Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb ki, bu Sərəncamın icrası nəticəsində uzun illər təcrid olunmuş vəziyyətdə qalmış ərazi demək olar ki, bütün istiqamətlərdə yenilənəcək, dövrümüzün müasir standartlarına cavab verəcək.

Bu arada onu da xatırladaq ki, həmin vəsait Nardaranın inkişafı üçün nəzərdə tutulan ilkin məbləğdir və qəsəbənin problemlərinin həlli, abadlıq-quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılmaqda davam ediləcək. Nardaran həm də bir tarixi yer kimi, çox yaxın zamanlarda Bakının inkişaf etmiş ən nümunəvi qəsəbələrindən biri olaraq, istər vətəndaşlarımızın, istərsə də buraya gələcək xarici qonaqların gözlərini oxşayacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər