İslam Həmrəyliyi Oyunlarının təşkili qardaşlıq və birliyin əks olunmasına töhfələrini verəcək
Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin ikici dəfə hakimiyyətə qayıdışından sonra geniş vüsət almağa başladı. Ölkəmizdə idmanın inkişafı, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir.
Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Təbii ki, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsində iqtisadi nailiyyətlərimiz də əsas amillərdəndir. Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilib və ölkəmizdə, paytaxt Bakı şəhərində müasir infrastruktur layihələri həyata keçirilib, xidmət obyektləri tikilib. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanırdı. İlk Oyunların Bakıda keçirilməsi böyük nailiyyətimiz oldu. "Bakı-2015" İlk Avropa Oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıdı. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi sevinci-sevincə caladı. Dünyanın 17 gün ərizində izlədiyi bu hadisədə xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. Avropa Oyunlarının yüksək standartlarını müəyyənləşdirməsi, açılış mərasiminin mükəmməlliyi, qeyri-adiliyi, möhtəşəmliyi, eləcə də bağlanış mərasimindəki təqdimat zaman-zaman diqqətdə olacaq. Paytaxtımızın xəritəsinə yeni daxil olan Bakı Olimpiya Stadionundakı maraqlı açılış və bağlanış mərasimləri dünya miqyasında Azərbaycanın tarixi, müasirliyi, irsi, mədəniyyəti ətrafında yüksək fikirləri daha da dərinləşdirdi. "Bakı-2015" İlk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. "Bakı-2015" I Avropa Oyunları Azərbaycan və Avropa üçün tarixi hadisədir. İndiyə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq yarış keçirilməyib" - deyən Azərbaycan Prezidenti İlham Əliyev Avropada isə heç vaxt qitə oyunları təşkil olunmadığını diqqətə çatdırmışdı.
AZƏRBAYCANIN BİRİNCİ XANIMININ RƏHBƏRLİYİ İLƏ İNDİYƏ QƏDƏR KEÇİRİLƏN TƏDBİRLƏR YÜKSƏK TƏŞKİLATÇILIQ SƏVİYYƏSİ VƏ KEYFİYYƏT STANDARTI İLƏ SEÇİLİB
Çoxşaxəli fəaliyyətində yorulmaq bilməyən Mehriban xanım Əliyeva hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrasını qarşıya qoyur. Ölkənin həyatında yüksək fəallıq göstərən Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxaq təşkilatlar, xarici qonaqlar "Eurovision-2012" yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində "Eurovision" tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı. Elə Avropa Olimpiya Komitəsi Azərbaycana etimad göstərərək ilk Avropa Oyunlarının keçirilməsinin ölkəmizə həvalə etməsi və bu Oyunların Təşkilat Komitəsinin sədrinin Mehriban Əliyevanın təyin edilməsi tədbirin yüksək səviyyədə reallaşacağına böyük ümidi doğrultdu. Mehriban xanım Əliyeva əminliklə "...biz bu Oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur", - deyirdi. Oyunların təntənəli açılış mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışında Birinci Xanım Mehriban Əliyevaya "Sizin "Bakı-2015"in Təşkilat Komitəsinin sədri kimi Avropa Oyunlarında oynadığınız rola sözlə qiymət vermək çox çətindir", - deməsi Onun təşkilatçılıq işinə verilən qiymət idi.
2017-Cİ İLDƏ İSƏ İSLAM HƏMRƏYLİYİ OYUNLARI AZƏRBAYCANIN BUGÜNKÜ REALLIĞINI ƏKS ETDİRİR
Bu gün Azərbaycan yenə də beynəlxalq tədbirlərin ölkəmizdə təşkilinə hazırlaşır. 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan inamını və marağını daha da artırıb.
Bütün bu və ya digər beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bildirdiyi kimi, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Azərbaycan bütün başqa sahələrdə olduğu kimi tolerantlıq, multikulturalizm baxımından da bir sıra ölkələr üçün uğurlu nümunəyə çevrilib. Milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqa malikdir. Bu baxımdan, bir çox dünya dövlətlərindən fərqli olaraq Azərbaycanda yüksək tolerantlıq, multkulturalizm nümayiş etdirilir. Məhz elə 2016-ci ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları Azərbaycanın bugünkü reallığını əks etdirir və ölkə mənzərəzindən qaynaqlanır. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsi və komitəyə Mehriban xanım Əliyevanın sədrlik etməsi, əlbəttə ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin ən böyük idman hadisəsi olacağına şübhə yaratmır. İslam Həmrəyliyi Oyunlarının təşkili qardaşlıq və birliyin əks olunmasına öz töhfələrini verəcək.
Nəzakət ƏLƏDDİNQIZI