PDF Oxu

Sosial

  • 20

Azərbaycanın ilk veb-saytı - www.science.az 20 yaşını qeyd edib

Azərbaycanın ilk veb-saytı - www.science.az 20 yaşını qeyd edib

Akif Əlizadə: "1995-ci ildə ölkədə ilk veb-saytın - AMEA-nın rəsmi saytının yaradılması daha bir tarixi mərhələnin əsasını qoydu"

Dünən AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.science.az veb-saytının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, tanınmış alimlər, internet-media üzrə mütəxəssislər, KİV nümayəndələri iştirak ediblər.

Yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə 2015-ci ilin ölkəmizdə müxtəlif əlamətdar hadisələrin yubiley tarixi ilə yadda qaldığını bildirib: "Bu tədbirlərdən biri də Prezident İlham Əliyevin Sərəncamı ilə təntənəli şəkildə qeyd olunan Azərbaycan mətbuatının 140 illik yubileyidir. AMEA prezidenti "Əkinçi" qəzetinin nəşri ilə yaranan Azərbaycan mətbuatının bu müddət ərzində mürəkkəb və keşməkeşli inkişaf yolu keçdiyini, sonralar Azərbaycan radiosu və televiziyasının fəaliyyətə başlaması ilə medianın inkişafında yeni mərhələlərin əsası qoyulub. 1995-ci ildə ölkədə ilk veb-saytın - AMEA-nın rəsmi saytının yaradılması daha bir tarixi mərhələnin əsasını qoydu".

AMEA-nın prezidenti bu il akademiyanın 70 illik yubileyi çərçivəsində portalın yeni versiyasının istifadəyə verildiyini diqqətə çatdırıb. Bundan əlavə, Azərbaycanda ilk elmi internet-televiziya olan Milli Elmlər Akademiyasının "ElmTV" veb-telekanalının yaradıldığını və portalda yayımlandığını vurğulayıb.

Çıxışının sonunda akademik Akif Əlizadə Azərbaycanın media məkanında böyük nüfuz qazanmış science.az saytının 20 yaşı münasibətilə yaradıcı heyəti təbrik edərək, fədakar əməyi ilə uzun illər burada çalışıb elmin populyarlaşdırılmasına öz töhfəsini verən kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə "www.science.az saytının meydana gəlməsi, inkişaf mərhələləri və perspektivləri" mövzusunda məruzə ilə çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda internet-medianın bugünkü inkişaf səviyyəsində mühüm xidmətləri olan science.az veb-saytının 20 ildə keçdiyi yoldan danışaraq, bu media orqanının ölkənin informasiya məkanında xüsusi yeri olduğunu vurğulayıb. Alim Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, AMEA-da da inkişafın əsasının qoyulduğunu bildirib. O, Azərbaycanda ilk dəfə internetə çıxışın 1991-ci ildə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini bildirib: "Bu, həmin dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qlobal informasiya məkanına inteqrasiya baxımından böyük hadisə idi. İnternetə çıxışın təmin olunması və vüsət alması 140 illik tarixi olan Azərbaycan mətbuatının, mediasının inkişaf mərhələsində yeni səhifə açdı".

Akademik R.Əliquliyev 20 yaşını qeyd edən veb-portalın istismarı və inkişafında əməyi olan yaradıcı heyəti təbrik edərək, onlara bu şərəfli yolda müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə, həmçinin Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da çıxış edərək, internet-medianın, onun tərkib hissəsi olan sosial medianın cəmiyyətdə rolu, science.az veb-saytının Azərbaycan elminin təbliğində yeri, Azərbaycanda ilk internet-jurnalistika məktəbi kimi meqaportalın imkanlarından söz açaraq, saytın fəaliyyətinə yüksək dəyərləndiriblər.

Sonra AMEA-nın "ElmTV" internet-televiziyasının elmtv.az saytının təqdimatı oldu. "ElmTV"nin rəhbəri Xatirə Cabbarzadə müxtəlif bölmələri və zəngin videoqalereyanı özündə əks etdirən veb-telekanalda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin, xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətini əks etdirən videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin də öz əksini tapacağını bildirib.

Tədbirin sonunda science.az veb-saytında səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar "AMEA-nın Fəxri Diplomu" ilə təltif olundular, xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

NƏZAKƏT

Digər xəbərlər