İyirmi birinci yüzillikdə Azərbaycan dövlət müstəqilliyini daha da möhkəmləndirib, demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atıb. Dünyanın bütün ölkələri ilə münasibətlərini suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq norma və prinsiplər əsasında quran Azərbaycan beynəlxalq birliyin etimadını qazanıb.
Müasir dövrümüzdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesinin də daha da sürətlənməsi, mütəşəkkil diaspor və güclü lobbinin formalaşması bu sahəyə ölkə başçısı tərəfindən ayrılan diqqət nəticəsində mümkün olub. Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Azərbaycanın maraq və mənafeləri naminə xaricdə yaşayan həmvətənlərimizin birliyinin təmin edilməsi istiqamətində ardıcıl tədbir həyata keçirir. Məlumdur ki, 2001-ci ildə Ümummilli Liderin iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı vətəndən kənarda məskunlaşmış azərbaycanlıların həyatında yeni mərhələnin əsasını qoydu. Bu Qurultay, eyni zamanda, soydaşlarımızın təşkilatlanmasını, yaşadıqları ölkələrin iqtisadi, mədəni və siyasi həyatında fəal iştirakını təmin etməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm dəyişikliklərə səbəb oldu. Bu gün artıq dünyanın müxtəlif ölkələrində azərbaycanlıların 450-dən artıq diaspor təşkilatı fəaliyyət göstərir. Müxtəlif ölkələrdə Azərbaycan icmaları təsis edilib, ayrı-ayrı cəmiyyətlərin vahid mərkəz ətrafında birləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Soydaşlarımız tərəfindən yaradılmış internet saytları, müxtəlif sosial şəbəkələr, kütləvi informasiya vasitələrində xalqımızın məruz qaldığı haqsızlıqlar, terror və soyqırımı aktları, eləcə də ölkəmizdə gedən inkişaf prosesləri haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılır. Son illər Dağlıq Qarabağ münaqişəsinə, tarixin müxtəlif mərhələlərində xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarına dair faktlara beynəlxalq aləmin diqqətinin cəlb olunması sahəsində atılan addımlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq diasporumuzun hücum taktikasına keçdiyini nümayiş etdirir. Bu gün diasporumuzun fəaliyyəti hücum taktikasına əsaslanır. İndi informasiya müharibəsində Azərbaycan işğalçı Ermənistandan daha güclü, çevik və sistemli fəaliyyət göstərir. Azərbaycan diaspor təşkilatları tərəfindən bu istiqamətdə müxtəlif formatlı tədbirlər keçirilib, xarici ölkələrin KİV-də ölkəmizlə bağlı mütəmadi olaraq məlumatlar yayımlanır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində Azərbaycan diasporunun fəaliyyətinə nəzər salarkən belə deyib: "Dünyanın istənilən yerində bizim nümayəndələrimiz istənilən aksiyanı keçirə bilərlər və keçirirlər. Biz hücum diplomatiyası aparırıq və resurslarımız da var - həm intellektual, həm də maddi resurslarımız. Ona görə təsadüfi deyil ki, son illərdə biz artıq erməni lobbisi ilə mübarizədə qalib gəlirik".
Ermənistanın ölkəmizə qarşı keçirdiyi təcavüzkarlıq siyasətinin bütün dünyaya çatdırılması və ifşa olunması məqsədilə ABŞ, Kanada, Almaniya Federativ Respublikası, Türkiyə Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İsveç Krallığı, Litva Respublikası, Gürcüstan, Rusiya Federasiyası, Fransa Respublikası, Belçika Krallığı, Niderland Krallığı və digər ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub. 20 Yanvar faciəsi, Xocalı faciəsi ilə əlaqədar Azərbaycan icmaları tərəfindən təşkil olunmuş anım mərasimləri, foto və rəsm sərgiləri, təbliğat kampaniyaları, elmi-praktik konfranslar və digər tədbirlərdə sovet imperiyasının dinc əhaliyə qarşı törətdiyi cinayətlər diqqətə çatdırılıb, müxtəlif beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb və bu faciəyə beynəlxalq qiymət verilməsinin zəruri olduğu bildirilib. İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət" kampaniyası çərçivəsində silsilə təbdirlər davam etdirilir. Azərbaycan diaspor təşkilatları tərəfindən Avropa Parlamentinin, BMT-nin mənzil-qərargahı və digər beynəlxalq təşkilatların ofisləri qarşısında etiraz aksiyalarının və s. keçirilməsi fikirlərimizi əsaslandırır.
Bundan başqa ABŞ, Rusiya Federasiyası, Almaniya, Avstriya, Türkiyə, Gürcüstan, İsrail və digər ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasətindən bəhs edən məqalələr dərc olunub. Bütün bunlar Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyev ölkəmiz haqqında reallıqların diaspora təşkilatları tərəfindən dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edərək belə deyib: "Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar... Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır".
Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimizin yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı istiqamətində keçirilən tədbirlər öz nəticəsini verir. Yaşadıqları ölkədən, qitədən asılı olmayaraq Azərbaycan diasporu ölkəmizin haqq səsinin ucaldılmasında, həqiqətlərin dünya xalqlarına çatdırılmasında çevik və qətiyyətlidir. Əlbəttə ki, bu, hər bir Azərbaycanlının vətənə olan sevgisindən irəli gəlir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Cənab İlham Əliyevin dediyi kimi "Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".
Nəzakət ƏLƏDDİNQIZI